Müzəffər Baxışov: «Təəssüf ki, bir çox hallarda borclunun pulu olub-olmadığı araşdırılmadan şəxsi ittiham edib məhkəməyə göndərirlər»
Problemli kreditlər və borclu vətəndaşların həll edə bilmədiyi məsələlər gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Bank və maliyyə məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov “facebook” səhifəsində bu barədə yazıb. O bildirib ki, Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Konstitusiya məhkəməsinin qərarına əsasən, məhkəmə qərarının icrası şəxsin imkanı xaricində olmamalıdır. Ekspert eyni zamanda, hazırda məhkəmələrin bu qərarla hesablaşmadığını da qeyd edib.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov böyük əksəriyyəti maraqlandıran məsələnin əsas mahiyyətini açıqlayır. Hüquqşünas deyir ki, kredit müqaviləsi kreditorla müştəri arasında bağlanan mülki müqavilədir. Mülki öhdəliyin yerinə yetirilməməsinə görə də kimsə həbs oluna bilməz: “Bu cür hallarda həbs Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasına zidddir. Yəni kimsə borcu ödəmədiyinə görə həbs edilə bilməz. Bankdan kredit götürən şəxs onu ödəyə bilmirsə, buna görə bank onun haqqında hüquq-mühafizə orqanlarına müraciət edib cinayət işi başlatdıra bilməz. Bir haldan başqa – həmin şəxs kredit almamışdan əvvəl ödəməyəcəyini bilirsə və saxta sənədlər təqdim edib bankı aldatmaq yolu tutubsa, qanunvericiliyə görə, o, cinayət məsuliyyətinə cəlb edilə bilər”.
Müzəffər Baxışovun sözlərinə görə, mülki müqavilədə tərəflər kredit müqaviləsinin şərtlərinə əməl etməyəndə bank məhkəməyə müraciət edir: “Sonra isə həmin şəxsin barəsində məhkəmənin qətnaməsinin icra olunmaması ilə əlaqədar qərar qəbul edilir. 10 gün müddətində qərar icra olunmayanda icraçılar iki ay ərzində məcburi icra tədbirini həyata keçirməyə başlayırlar. Bu zaman borclu krediti ödəməkdən və qətnaməni icra etməkdən imtina edirsə, məhkəmə icraçıları onu Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür. Şəxs inzibati məsuliyyətə cəlb ediləndən sonra da borcu ödəməkdən imtina edərsə, toplanan materiallar Cinayət Məcəlləsinin 306.1 maddəsilə cinayət işi başlanması üçün Ədliyyə Nazirliyinin Istintaq Baş Idarəsinə göndərilir. Istintaqın borcudur ki, qanuni qüvvəyə minən məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsini müəyyən etsin. Yəni borclunun pulu olduğu halda, borcunu ödəmədiyi aşkar olunmalıdır. Lakin çox halda borclunun pulu olub-olmadığı obyektiv şəkildə araşdırılmadan şəxsi ittiham edib məhkəməyə göndərirlər. Əsas problem budur. Bizim qanunda məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə boyun qaçıran şəxslər üçün məsuliyyət nəzərdə tutulub. Bu məqamı çox vaxt qarışdırırlar”.
Nigar