Azərbaycan banklarının kredit portfeli kəskin azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatda bildirilir. Hesabata əsasən, 2016-cı il mayın 1-ə ölkə banklarının ümumi kredit portfeli 18 milyard 758,7 milyon manat təşkil edib. Bu ilin əvvəlinə nisbətən 2 milyard 971,7 milyon manat və ya 13,67% azdır.
Hesabatdan aydın olur ki, kreditərin azalması iqtisadiyyatın bütün sahələrində baş verib. Belə ki, ticarət və xidmət sektoruna ayrılan kreditlərin həcmi 2 milyard 676,6 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 481,4 milyon manat və ya 15,24% azdır.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilmiş kreditlərin həcmi 296,3 milyon manat təşkil edir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 20,2 milyon manat və ya 6,4% azdır.
Kənd təsərrüfatı və emal sahəsinə verilən kreditlərin həcmi 432 milyon manat təşkil edir. Bu göstərici ilin əvvəli ilə müqayisədə, 76,1 milyon manat və ya 15% azdır.
İnşaat və əmlak sektoruna verilən kreditlər də azalıb. Hesabata görə, mayın 1-ə bu sahəyə verilən kreditlərin həcmi 2 milyard 846,5 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə, 216,7 milyon manat və ya 7,07% azalıb.
Sənaye və istehsal sektoruna verilən kreditlərin həcmi 1 milyard 208,8 milyon manat təşkil edir. Bu ilin əvvəli ilə müqayisədə, 739,5 milyon manat və ya 37,95% azalıb.
Nəqliyyat və rabitə sahəsinə verilən kreditlərin həcmində isə artım var. Hesabata görə, bu sahədə kredit porotfelinin həcmi 1 milyard 512,3 milyon manat təşkil edib. Bu götərici ilin əvvələ ilə müqayisədə, 46,7 milyon manat və ya 3,2% artıqdır.
İstehlak kreditlərinin həcmində də kəskin azalma var. Hesabata görə, mayın 1-ə olan vəziyyətə ölkədə istehlak kreditlərinin həcmi 7 milyard 185,4 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə, 1 milyard 198,2 milyon manat və ya 14,3% azdır.
Bununla yanaşı, istehlak kreditlərinin içərisində əmlak almağa yönrəldilən kreditlərin həcmi artıb. Belə ki, hazırda bu sahədə kredit portfeli 1 milyard 570,3 milyon manat təşkil edir. İlin əvvəlindən etibarən bu göstərici 27,9 milyon manat və ya 1,8% artıqdır.
Başqa sözlə, hazırda istehlak kreditlərinin daha böyük hissəsi ev və əmlak almağa yönəlib. İlin əvvəlində istehlak kreditlərinin 18,4%-i ev almağa sərf edilirdisə, hazırda bu göstərici 21,85%-ə çatıb.