Beynəlxalq Bankın prezidenti Bakı Quşçuluq ASC-ni niyə ləğv edib
Bakı Quşçuluq ASC-də səhmdarların ümumi yığıncağı keçirilib. Qəzetimizə bu barədə məlumatı ASC-nin səhmdarı Şahin Əlizadə verib. Onun sözlərinə görə, ASC 2011-ci il sentyabırn 30-da cəmiyyətin ləğvi barədə qərar çıxarıb: “Qanunvericiliyə görə belə qərardan sonra cəmiyyət öz kreditorlarına tələblərin irəli sürülməsi üçün 2 ay vaxt ayırmalı və kreditorların tələbləri müəyyən olunduqdan sonra aralıq ləğvetmə balansı tərtib edib təsdiqlənməsi üçün səhmdarlara təqdim edilməli idi.
Aralıq ləğvetmə balansında cəmiyyətin əmlakı bazar qiymətli və kreditor-debitor borcları öz əksini tapmalı idi. Lakin aralıq balansı tərtib edilib sahibkarların ümumi yığıncağına çıxarılmadı. 23 fevral tarixində ləğvetmə balansının təsdiq edilməsi üçün səhmdarların ümumi yığıncağı çağırıldı. Aralıq balans gizlində, səlahiyyətsiz orqan olan ləğvetmə komissiyası tərəfindən təsdiqləndi”.
Şahin Əlizadə deyir ki, bu, kobud qanun pozuntusudur və cəmiyyətin bu şəkildə ləğv edilməsinin iki səbəbi var: “Birincisi odur ki, səhmdar cəmiyyətin 5 milyona yaxın kreditor borcları müəyyən edilib. Bu məbləğin yarısı təsisçiyə – ”Xəzər Menecment Sistems” MMC-yə olan borcdur. Həmin vəsaitin də xeyli hissəsi o vaxtkı rəhbərlik tərəfindən havaya sovrulub. Təbii ki, həmin məbləğin kreditor borcu kimi balansa daxil edilməsinə minor səhmdarlar ciddi şəkildə etiraz edəcəkdilər. Çünki o vaxt həmin pulları yeyib dağıdan şəxslər minor səhmdarlara pay verməyiblər ki, bu gün həmin vəsaitin qaytarılmasını onların üzərinə qoysunlar.
Digər səbəb isə ondan ibarətdir ki, aralıq ləğvetmə balansında cəmiyyətin əmlaklarının, o cümlədən 32 hektar torpaq sahəsinin bazar dəyəri öz əksini tapmalı idi. Indiki halda torpaq sahəsinin bir sotuna 3000 manatdan bir az artıq qiymət qoyulub. Bu da minor səhmdarların narazalığına səbəb olacaqdı”.
Şahin Əlizadə deyib ki, ASC-yə nəzarət edən Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev bundan əvvəl də təxminən eyni üsuldan istifadə edərək səhmdarların səhmlərini əllərindən alıb.