Nazirin zavodunda əsassız ixtisarlar aparılır
Şirvanda fəaliyyət göstərən “Telemexanika” zavodunda kütləvi ixtisarlar baş verib. Bu barədə “Azadlıq”a Şirvandakı mənbə məlumat verib. Mənbə deyib ki, artıq 1000 nəfərə yaxın işçi ixtisara düşüb. Bildirilir ki, zavodun işçi heyəti bundan bir qədər artıqdır. “Indi zavodda demək olar ki, yalnız rəhbərlik qalıb”,- deyə mənbə vurğulayıb.
Mənbə əlavə edib ki, işçilərə 2 aydan sonra işə bərpa olunacaqları barədə vəd verilib. Lakin işçilər bu vədə inanmır: “Ümumiyyətlə bir neçə aydır ki, zavodda maaş verilmirdi. Deyirdilər ki, pul yoxdur. Indi də hamını işdən çıxarırlar. Bildirirlər ki, pul olan kimi bərpa olunacaqsınız”.
“Telemexanika” zavodunun müdafiə sənayesi naziri Yavər Camalova məxsus olduğu bildirilir. Yeri gəlmişkən, Şirvanın icra başçısı Mərdan Camalov Yavər Camalovun qardaşıdır.
Informasiya şöbəsi