elnurastanbeyli@gmail.com
Dünən sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri Azərbaycan Dillər Universitetində baş verən biabırçı hadisə idi. Məgər universitetin filologiya və jurnalistika fakultəsinin dekanı S.D.Vahabovanın imzaladığı əmrdə fakultənin 14 nəfər III kurs tələbəsin töhmət elan edilib, səbəb kimi isə həmin tələbələrinə YAP-ın 26.04.2016 tarixli iclasında iştiraka göndərildikləri halda, iclasda iştirak etmədikləri göstərilib.
Əslində gözlənilməz, qeyri-adi heç nə baş verməyib. YAP üzvlərini bu təşkilata səmimi-qəlbdən heç nə bağlamır. Onlar YAP-ın üzvlük vəsiqəsini ciblərində zorən, könülsüz daşıyırlar. Bu, bir partiyanın üzvlük vəsiqəsindən çox kimin üçünsə çörək ağacı, özünə karyera qurmaq vasitəsidir, kimin üçünsə hər hansı başqa bir məqsədə, hədəfə ulaşmaq, hansısa bağlı qapını açmaq yöntəmi. Ona görə də nə məlum töhməti görünməmiş hadisə kimi qəbul etmək lazımdır, nə də tələbələrin zorla üzv etdirildikləri partiyanın iclasına getməmələrini.
YAP-ı avtoritar, anti-demokratik rejimlərdəki hakim partiyaların aqibətindən qeyri-heç nə gözləmir. Hazırki rejimin süqutu ilə YAP da tarixin arxivinə yollanacaq. SSRI Kommunist Partiyasının sonunu xatırlayın. Yüzminlərlə üzvü vardı. Amma həlledici anda – Sovet sisteminin çöküşü zamanı bir nəfər belə, sinəsini qabağa vermədi. Oxşar nümunələr dünyanın yaxın tarixində kifayət qədərdir. Bu nümunələrdən dərs çıxarmayanların aqibəti çətin ki, fərqli olsun.
Elə ona görə də, YAP-a məcburən üzv olduqları şübhə doğurmayan həmin 14 tələbə aldığı töhmətdən qürurlana bilər.
***
Əslinə qalsa, indi Azxərbaycanda faktiki olaraq, birpartiyalı sistemdir. Bu sistemin özəlliyini bilirsiniz. Bütün hakimiyyət istənilən halda yalnız bir partiyanın nəzarətindədir, yalnız bir partiyaya bütün fəaliyyət imkanları tanınır.
Azərbaycanda partiya adına mövcudluğunu saxlayanlar (mən şübhəsiz, cib müxalifəti adlandırdığımız, YAP-ın peyki funksiyasını yerinə yetirən qurumları nəzərdə tutmuram) isə bir partiyadan çox, partizan hərəkatını xatırladırlar. Onların sıralarında təmsil olunmaq işsiz qalmağa, sosial-iqtisadi problemlər, ən adi məişət qayğıları məngənəsində boğulmağa, daim basqı, təqib, təhdid altın yaşamağa, həbsə, işgəncəyə məhkum olmaq deməkdir. Bu təşkilatlar YAP-la qeyri-bərabər döyüşməyə məcburdurlar. Əslində YAP Prezident Administrasiyasından, polis, prokurorluq, xüsusi xidmət orqanlarından başqa bir şey də deyil.
Amma yaşayıb görəcəksiniz: gün gələcək, bu gün əzilən, hər cür zülm və zillət görən, partiyadan çox partizan dəstəsi kimi fəaliyyət göstərən təşkilatlar yenə var olacaqlar, amma YAP acı, kimsənin xatırlamaq istəmədiyi, hər kəsin unutmağa çalışdığı xatirəyə çevriləcək.
Bunu niyə belə əminliklə yazıram? Cavab çoxdur, ancaq mən birini yazım: bir yanda YAP-ın üzvlük bileti daşımaq insanlara müəyyən imtiyazlar tanıdığı halda onun iclaslarına getməyə can çəkənlər, yapçı olmasını mümkün olduğu qədər gizlətməyə çalışanlar, o biri yanda cəbhəçi, müsavatçı olmağın bütün məşəqqətlərinə rəğmən fəxr, qürur hissi ilə bunların hamısına dözüb, qışda qar-yağış, yayda cəhənnəm istisi demədən, üstəlik, cibinin son qəpiyi ilə, ölkənin ən ucqarlarından mitinqlərə gələnlər!
Başqa sözə, ayrı izaha ehtiyac varmı?!
***
Yazıya isə icazə verin, Sovet dövrünün mövzumuzla da əməlli-başlı səsləşən məşhur lətifələrindən biri ilə nöqtə qoyaq.
– Yoldaş, nə üçün axırıncı partiya iclasına gəlməmisən?
– Axırıncı olduğunu bilməmişəm, bilsəm mütləq gələrdim!