“O, ixtisasca diktatordur. Amma hamını demokratiyanın mövcud olmasına inandırmaq istəyir”
Almaniyanın daha bir məşhur telekanalı Azərbaycan hakimiyyətini, başda Ilham Əliyev olmaqla, tənqid atəşinə tutub. Həm də budəfəki tənqid satirik üslubda olub. Ölkənin populyar NDR televiziyası özünün “Extra 3” satirik jurnalının sonuncu buraxılışını ”Eurovision-2012”nin Bakıda keçiriləcəyinə və bu xüsusda Azərbaycandakı vəziyyətə həsr edib.
Satirik süjetdə Ilham Əliyevin ünvanına “məzəli prezident”, “ixtisasca diktator” və s. bu kimi ironik ifadələr işlədilib, ölkədə insan haqlarının necə pozulduğunu əks etdirən kadrlar nümayiş olunub.
Süjet satirik jurnalın Klaus adlı “aparıcısının” Azərbaycanı tanıtması ilə başlayır: “Azərbaycanda yaşayan insanlar şad-xürrəmdirlər. Çünki onların məzəli prezidenti var. O, ixtisasca diktatordur. Amma yalandan hamını demokratiyanın mövcud olmasına inandırmaq istəyir. Çox məzəlidir!”.
Bundan sonra “Eurovision” təşkilatçıları qismində iki nəfər göstərilir: ”Eurovisiya” musiqi yarışmasının təşkilatçıları da elə düşünürdü ki, nə yaxşı bizim gözəl mahnı müsabiqəmiz belə şən ölkədə keçiriləcək”.
Ardınca İlham Əliyevin ətrafındakılara əl eləyərək maşına əyləşdiyi kadr və bu sözlər: “Digər tərəfdən prezident Əliyev də sevinirdi ki, bu yolla öz imicini əhəmiyyətli dərəcədə qaydaya sala biləcək. Bu məqsədlə, hətta paytaxtı belə, baş-ayaq etməyə hazırdır. Bütün “çirkin” binalar sökülməlidir. 20 min çirkin bina sakini ilə birlikdə”. Sonuncu cümlələri Bakıda gecə vaxtı insanların evlərinin necə dağıdıldığını göstərən kadrlar müşaiyət edir.
Daha sonra müxailfətin dinc mitinqlərini polisin necə qəddarlıqla dağıtdığı, əliyalın insanları dəyənəklərlə necə döydüyü göstərilir: “Azərbaycanda insan haqlarını təpiklərlə tapdalayırlar. Amma, axı əslində bu belə deyil. Əksər vaxtı bunun üçün dəyənəklərdən istifadə edirlər.
Vay, vay, vay! Bəs “Eurovision” təşkilatçıları bu barədə nə düşünür?”.
Bu məqamda yenidən “Eurovision” təşkilatçıları qismində iki nəfər göstərilir və deyilir: “Əlbəttə ki, heç nə, axı necə düşünsünlər? Bütün günü Azərbaycanın qalib gələn nəğməsini dinlədiklərindən onlar heç nə başa düşə bilmir. Və bu məşğuliyyət zamanı onları narahat edən olmasın deyə Əliyev əmi Azərbaycanda müxalifəti məhv etməklə məşğuldur”.
“Eurovision” təşkilatçılarının Azərbaycanda baş verənləri nəzərə almadıqlarına rişxəndə məruz qalmasından sonra deyilir: “Eurovision” təşkilatçıları və Azərbaycan bir-birinə lap gözə dəyən yumruq kimi yaraşır. Və ya daha yaxşı, əl ağıza yapışan kimi. Çox gözəl!!!”… Və süjet müxalifətin dinc mitinqlərindən birində polsin saxladığı etirazçının şüar deməsinə mane olmaq üçün barmaqlarını onun ağzına basdığı kadrla bitir.