Dünən informasiya agentliklərində Ukrayna prezidenti Viktor Yanukoviçin yeni kadr təyinatları ilə bağlı xəbərlər yayılmışdı və onların hamısında bir məsələyə xüsusi diqqət yetirilirdi. Məsələ ondadır ki, V.Yanukoviç əzəli rəqibi – keçmiş prezident Viktor Yuşşenkonun yaxın dostu və qohumu olan Pyotr Poroşenkonu nazir vəzifəsinə təyin edib. Bəli, bizə təəccüblüdür bu hal. Amma Ukrayna üçün artıq belə hallar normal sayılmaqdadır. Çünki bu ölkə artıq çağdaş siyasi tərzi mənimsəməyə başlayıb.
Hər şey narıncı inqilabdan başladı. Əbədi hökmranlıq istəyində olanları Viktor Yuşşenko əvəzlədi. Lakin ən başlıcası odur ki, Yuşşenko da hakimiyyətə əbədi yiyələnməyə cəhd etmədi. Narıncı inqilabın düşməni olan V.Yanukoviç seçkidə qalib gələrək onu əvəzlədi. Demokratiya baxımından Ukraynanın hələ çox problemləri olsa da, bu ölkə ən başlıca demokratiya sınağında üzüağ çıxdı: hakimiyyətin dinc və seçki yolu ilə dəyişməsi ənənəsi başladı. Bu, indi hər ölkəyə qismət olan bir nəticə deyil.
Biz ancaq yuxuda görürük…
Qonşu Belarusda hakimiyyətin dəyişməsini ancaq yuxuda görürlər, Rusiyada isə bunu sadəcə ürəkdən arzu etməyə başlayıblar və 100 min adam şaxtada-qarda eyni istəklə mitinqə çıxıb. Azərbaycanda da ən böyük arzulardan biridir hakimiyyətin dəyişməsi. YAP-çılar isə bunu eşidən də elə belə də deyir: “Ac toyuq yuxuda darı görər”.
Biz doğrudan yuxuda görürük bunu, məhz ac toyuq yuxuda darı görən kimi – amma biz bunu hakimiyyət acı olduğumuz üçün yuxuda görmürük. Konstitusiyanın tələbi bir yana qalsın, hakimiyyətin dəyişməsi ölkənin xoş gələcəyi üçün ən böyük şərtdir.
Hamı qəbul etməlidir ki, nəinki pis hakimiyyətlər, hətta yaxşı hakimiyyətlər dəyişməlidir. Hakimiyyətlərin əbədilik cəhdi özlüyündə bir ölkə üçün ən böyük pislikdir və bütün pisliklərin mənbəyidir…
Iki gün öncə “Azadlıq”da Liviya diktatoru Müəmmər Qəzzafini ələ keçirən qiyamçılardan biri ilə müsahibə dərc edilib. Burada maraqlı bir dialoqa rast gələ bilərsiniz…
Müxbir: Amma Liviyada adamlar pis yaşamırdılar. Bəlkə onun (Qəzzafinin) haqqını tanımalı idiniz?
Liviyalı üsyançı: Məgər amerikalılar yaxşı yaşamırlar? Onlar niyə prezidenti dəyişir? Amerikada heç bir prezident xalqın yaxşı yaşadığını əsas gətirərək, “məndən başqa kimsə rəhbər ola bilməz” söyləmir.
Həqiqət budur. Üstəlik, Amerikada yaxşı yaşamağın başlıca şərti elə hakimiyyətin dəyişməsinin mümkünlüyüdür. Belə bir “yaxşı şeyi” biz nə üçün ac toyuq darı görən kimi yuxuda görməliyik?
“Biz onun qulları idik…”
Bəs hakimiyyət dəyişməyəndə nələr olur? Üsyana qalxan liviyalı bunu gözəl ifadə edir:
– Mən universitet bitirmişəm, iqtisadçıyam. Bütün baş verənlər də mənə lazım deyildi. Mənə sadəcə işləmək lazım idi. Adam kimi yaşamaq, insan kimi dəyərləndirildiyimi görmək lazım idi. Amma mənim kimi insanlar Qəzzafinin yaxın adamlarının, qohumlarının yanında heç zibil də hesab edilmirdi. Mən özümü Qəzzafinin oğlanlarından qabiliyyətsiz saymıram. Amma biz adam yerinə qoyulmurduq. Liviya Qəzzafinin əmlakı hesab edilirdi, biz də onun qulları.
Bizdə Azərbaycanı qullar ölkəsi kimi görmək istəmirik. Ona görə deyirik ki, seçki ədalətli olmalıdır, hakimiyyətin dinc yolla dəyişməsi şansı qapanmamalıdır.
Italiya hökumətinin başçısı Silvio Berluskonini xatırlatmaq istəyirəm. Bəzən bizdə deyirdilər ki, Italiya gör nə gündədir, ildə bir neçə dəfə qadın qalmaqalı yaşayan bir zəngin bu ölkəyə rəhbərlik edir. Amma Berluskoni hakimiyyətdən yapışıb durmamışdı, hətta özü istefa verib getdi…