Hikmət Hacızadə: «Azərbaycan hakimiyyəti heç kəsi dinləmək istəmir, sadəcə həbs edir»
Vaşinqtondakı Carnegie Qlobal Araşdırmalar Mərkəzində “Qafqazda siyasi islam” mövzusunda təşkil olunmuş konfransda regionda dini radikallaşma meyllərinin qarşısının necə alınması sualına cavab tapılmayıb.
Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycandakı vəziyyətin xüsusilə müzakirə olunduğu tədbirdə region üzrə mütəxəssislər, Dövlət Departamentinin təmsilçiləri, sabiq diplomat və hərbçilər də iştirak ediblər. “Vəziyyət getdikcə mürəkkəbləşir. Azərbaycan hakimiyyəti heç kəsi dinləmək istəmir, sadəcə həbs edir”, – FAR Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda Milli Demokratiya Fondunda Reagan-Fascell təqaüdçüsü Hikmət Hacızadə ölkədə baş alan dini repressiyalardan bəhs edib. Onun sözlərinə görə, təqib edilən islamçıların əsl günahı çox zaman ictimaiyyətə qaranlıq qalır. Nəticədə dini radikallaşma meylləri ölkə boyunca azalmaq əvəzinə daha da güclənir. Ədalətsiz mühakimələr, demokratiya çatışmazlığı və iqtisadi amillər vətəndaşların isə dinə axını digər əsas amillərdir. “Ölkə müsəlmanlarının 20 faizlik aktiv hissəsi Azərbaycanın gələcəyini islamda, şəriət qanunlarında görür”, – o, narahatlıqla vurğulayıb.
Əhalinin çoxluq təşkil edən hissəsi – “dünyəvilik” tərəfdarı olsa da, hətta demokratik qüvvələr də tərdicən radikallaşan dini cərəyanlardan çəkinirlər.
Carnegie Fondunun eksperti Bayram Balçı isə bir neçə Bakı ətrafı kənddə və Azərbaycanın cənub rayonlarında dini radikalizm əlamətlərinin gücləndiyinə diqqət çəkib.
Konfrans iştirakçıları Azərbaycanla yanaşı Gürcüstan, hətta Rusiyanın da Iran və Türkiyədən dini cərəyanların axınına məruz qaldıqlarını vurğulayıblar.