“Pulumuzu verin”, “Prezident bizi qəbul etsin” şüarları səsləndirən etirazçılar polis zorakılığı ilə üzləşdi
Üç tikinti şirkətinin aldatdığı vətəndaşlar ötən gün Prezident Administrasiyası (PA) önündə növbəti dəfə etiraz aksiyası keçirdilər. “Pulumuzu verin”, “Prezident bizi qəbul etsin” şüarları səsləndirən qurbanlara bu dəfə “Fuad LTD” MMC-nin toruna düşən payçılar da qoşuldular. Bundan əvvəlki aksiyalarda əsasən “GEN” və “Kamran-B.Ə” MMC-lərinin aldatdığı sakinlər iştirak edirdi.
“Pullarımızı almaq üçün hara müraciət edək?”
Xeyli sayda aksiyaçı PA önündə İlham Əliyevə səsləndi. Etirazçıların yeganə tələbi ölkə başçısıyla görüşmək idi. Onlar bütün dövlət orqanlarından əlac kəsildiyini və çıxış yolunu aksiyalarda gördüklərini dedilər. Qurbanlar sona qədər mübarizə aparacaqlarını söyləyib, şüarlarını səsləndirdilər.
Az keçəməmiş polislər aksiyaya sərt şəkildə müdaxilə etdi. Etirazçıların əllərindəki plakatları alıb cırdılar, kişi aksiyaçılara təzyiq göstərdilər. Ancaq aksiya iştirakçıları polisin müqavimətinə baxmayaraq geri çəkilmək niyyətində deyildi.
Aksiya iki saata yaxın davam etdi. Əraziyə cəlb olunmuş xeyli sayda polis isə etirazçılara Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) getməyi məsləhət bildi. Hacıbala Abutalıbovun yalan vədlər verdiyini söyləyən vətəndaşlar PA önündən getməyəcəklərini bildirdilər. Onların israrını və təkidini görən polis üç nəfəri qəbul şöbəsinə buraxdı.
Az sonra PA-dan qayıdan “Fuad LTD”dən şikayətçi Eldəniz Abdulrəhmanovun sözlərinə görə, onu qəbul edən olmayıb: “Qəbul şöbəsinin işçisi dedi ki, bizim problemimizi burda kimsə həll etməyəcək. Hara istəyirsiniz gedib şikayət edin… Qasım Məmmədov pullarımızı yeyib, deyir ki, pul yoxdur. Bəs bizim pullara hara gedib?”.
“GEN” MMC-nin aldatdığı Fəridə Ələkbərova da qeyd etdi ki, problem həll olunana qədər aksiyalar davam etdiriləcək: “2006-cı ildən bu günə kimi nə pul, nə mənzil verirlər. Hacıbala Abutalıbov yalan danışır. Onun qəbuluna bir daha getməyəcəyik. Biz zəhmətlə qazandığımız pulun qaytarılmasını tələb edirik. Başqa istəyimiz yoxdur. Şirkət rəhbərini cəzalandırmaqla iş bitmir, bizim pullarımızı qaytarsınlar. İlham Əliyevə, Ramiz Mehdiyevə, Zakir Qaralova müraciət etmişik. Bizim əlimizdə məhkəmə qərarı var, bütün hüquq-mühafizə orqanlarından keçmişik. Artıq aclıq aksiyasına başlamaq haqda qərar vermişik”.
Çəkiliş aparan jurnalistlərə də təzyiqlər oldu. “Obyektiv.tv” internet televiziyasının əməkdaşı Cavid Qurbanovun kamerası əlindən alındı. Bəzi fraqmentlər silinəndən sonra qaytarıldı.
Söz verilir, yerinə yetirilmir
Budəfəki aksiyada “Fuad LTD”-nin qurbanları daha çox gözə dəyirdi. Onların hesablamalarına görə, 400 payçı fırıldağın qurbanı olub.
Aksiyaçı Adil Qəhrəmanov deyir ki, 2005-ci ildə 18 min manat pul ödəyib: “Şirkət rəhbəri Qasım Məmmədovun sözlərinə görə, 150-180 şikayətçi var. Ancaq 400 adamın pulu batıb. 2005-ci ildə başlanan tikinti iki il sonra dayanıb. Əksəriyyət ödənişi tam edib. Qasım Məmmədovun oğlu Fuad Məmmədov Milli Təhlükəsizlik Nazirliyində işləyir və atası oğluna arxalanır. Biz alnımızın təriylə pul qazanıb ev almaq istəmişik. Bunlar kasıbın pulunu yeyirlər”.
Aksiyada polis təzyiqi ilə üzləşən “Fuad LTD”-dən mənzil alan Nizami Əliyev bildirdi ki, mənzil almaq üçün ödədiyi 100 min manatı şirkət mənimsəyib. O, hər şeyin 2006-cı ildə “Fuad LTD”-dən birotaqlı mənzil alması ilə başladığını söyləyir: “Şirkətdən mənzil alandan sonra şəhərdə evimin olduğunu bildilər. Qasım Məmmədovun bacısı oğlu Ramin mənə təklif etdi ki, həmin mənzili onlara satıb əvəzində şirkətdən daha yaxşı, geniş, rahat üç otaqlı mənzil alım. Onlara inanıb elə Raminlə də evə baxmağa getdik. Lakin sonra mənzilimi şirkətə vermədən özüm satdım. Həmin pulu şirkətə verib daha 3 mənzil aldım və beləliklə, tikiləcək binada mənə məxsus 4 mənzil oldu. Bunun müqabilində mənə güzəşt edəcəklərinə, 3 ay ərzində mənzillə təmin edəcəklərinə söz verdilər. Ancaq nəinki dörd, heç bir mənzil də verilmədi”.
Şikayətçi Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyi söyləyir: “Məhkəmə xeyrimizə qətnamə çıxardı. Qərar icra olunmur”. Sözügedən şirkət hələ 2005-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində bina tikməyə başlayıb. 2007-ci ildə tikinti dayanıb və indiyə qədər iş getmir. 9 bloklu, 14 mərtəbəli binanın yalnız 3 bloku hazırdır. Aldananlar bütün aidiyyəti qurumlara müraciət etsələr də, heç nə dəyişməyib.
“Kamran” MMC-nin qurbanlarının bəzilərinə ev veriləcəyi vəd olunsa da, indiyə qədər 102 payçının aqibəti qeyri-müəyyən olaraq qalıb. Vətəndaşlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin verdiyi sözlərdən bezdiklərini söylədilər.
Hər yerə müraciət edən vətəndaşlar problemdən çıxış yolunu etiraz və aclıq aksiyalarında görürlər. Onlar PA-nın qarşısından getsələr də tezliklə ora qayıdacaqlarını bəyan etdilər.
Ramin DEKO