Tehran rejiminin rəsmi media orqanı Azərbaycanın yüksək səviyyəlilərini hədəf aldı
Azərbaycanla Iran arasında gərginlik davam edir. Hakimiyyətin dindar ovuna başlaması və həbs edilənləri Iranla əlaqələndirərək onların bu ölkənin dəstəyi ilə Azərbaycanda sabitliyi pozmaqda ittiham etməsi rəsmi Tehranın da Bakıya qarşı açıq hücuma keçməsinə səbəb olub.
Iranın rəsmi mediası olan “Press TV” Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini və fövqəladə hallar naziri Kəmaləddin Heydərovu narkotik qaçaqmalıçılığını himayə etməkdə suçlayıb.
Məlumatda deyilir ki, Iran polisi bu ölkədən Azərbaycana narkotik keçirən dəstənin üzvlərini həbs edib. Həbs olunanlar Azərbaycanın rəsmi şəxsləri ilə əlaqəli olduğunu bildiriblər. Azərbaycan vətəndaşlarından ibarət dəstə heroin, tiryək kimi maddələrin qaçaqmalçılığı ilə məşğul olublar. Narkotik maddələr Avropa və Rusiyaya Dağlıq Qarabağ ərazisindən ötürülüb.
“Press TV”nin iddiasına görə, həbs olunanlardan biri narkotik ticarətini milli təhlükəsizlik nazirinin iki müavininin dəstəyi ilə həyata keçirdiyini bildirib. Azərbaycan məmurları ilə bağlı verilən ifadələrə əsaslanan sübutlar tədbir görülməsi üçün Xarici Işlər Nazirliyinə göndərilib. “Saxlanılanlardan biri deyib ki, Azərbaycanda prezidentdən sonra ikinci ən təsirli adam kimi tanınan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da qanunsuz narkotik dövriyyəsi ilə bağlılığı var”, – deyə Iranın rəsmi mediası xəbər verib.
MƏLUMATIN ORİJİNALI ÜÇÜN DAXİL OL
Bu arada Iranın Azərbaycandakı səfirliyi növbəti dəfə bəyanatla çıxış edib. “Media forum” saytının məlumatına görə, bəyanatda Iran Azərbaycanda baş verənlərin (dindarların həbsi, rəsmi KIV-lərdə Iran əleyhinə materialların yayımlanması və s.) Israilin ssenarisi əsasında həyata keçirildiyini iddia edir. “Azərbaycan Respublikasındakı terror aktlarında Iran Islam Respublikasının əli olması barədə bəzi informasiya vasitələri tərəfindən bir çox xəbərlər yayılıb. Bu ssenari sionist rejimi və onların havadarlarının casusları tərəfindən Iranın nüvə alimlərinin terror edilməsi faktının ört-basdır edilməsi məqsədilə həyata keçirilir. Azərbaycan Respublikasının şərəfli xalqı bilir ki, sözügedən xəbərlər əslində Iran Islam Respublikasını mənfi simada götərmək və beynəlxalq səviyyəli terror aktlarının törədilməsi və Fələstin xalqının kütləvi şəkildə qətlə yetirilməsi işində ad qazanmış sionistlərə məzlum donu geydirmək və onlara xidmət etməyə yönələn səylərdir”.
İnformasiya şöbəsi