Suriya diktatoru və yaxın ətrafı insanlığa qarşı cinayətdə günahlandırıldı
Suriyada Bəşər Əsəd rejimi müxaliflərin mərkəzi sayılan Homs şəhərinin bombardmanını davam etdirir. Şəhər tank və toplardan atəşə tutulub. Üsyançılar təhlükəsizlik qüvvələrinin Homsa daxil olmasını əngəlləmək üçün dirəniş göstərirlər. Tərəflər arasında yaşanan şiddətli döyüşlər zamanı onlarla ölü və yaralının olduğu deyilir. Əsədin əmrindəki əsgərlərlə üsyançı hərbçilər arasında döyüşlər paytaxt Dəməşq, Hələb, Idlib, Deyr əz Zor, Həma kimi şəhərlərdə də davam edib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfinən yaradılan Müstəqil Beynəlxalq Istintaq Komissiyası Bəşər Əsəd rejiminin insanlıq əelyhinə cinayətlər törətdiyini idia edən hesabat hazırlayıb. Sənədə olaylara görə məsuliyyət daşıyan rəsmilərin adları gizli saxlanılayn siyahı da əlavə olunub. Həmin siyahıya adı salınan Suriya hakimiyyətinin rəsmilərinə qarşı beynəlxalq səviyyəlli cinayət işinin açılması nəzərdə tutulur. Gizli saxlanılan siyahıda Suriya diktatoru Bəşər Əsədin də adının olduğu bildirilir.
Bəşər Əsəd hakimiyyətinin yaxın müttəfiqi Iranın ali dini lideri Əli Xameneyinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti Suriyadakı rejimin devrilməyəcəyini və Iranın Əsəd rejiminin arxasında dayanacağını bildirib. Müşavir Suriya diktatoruna qarşı atılan addımları əngəlləməyə çlışacağını deyib.
ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner isə Rusiyanın Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərdiyini söyləyib: “Biz ümid edirik ki, rusiyalılar Əsəd və onun rejiminə çox sərt təzyiq göstərirlər və onların nəzərinə çatdırırlar ki, beynəlxalq ictimaiyyət Suriya rejiminin hərəkətlərinə qarşı getdikcə daha qətiyyətli mövqe ortaya qoyur”.
Suriya diktatoruna qarşı sərt mövqe qoyan Səudiyyə Ərəbistanının kralı Abdulla ilə Rusiya prezidenti Dmitri Medvedev arasında danışıq olub. Kral Medvedevə Suriya ilə bağlı hər hansı dialoqun səmərəsiz və nəticəsiz olduğunu deyib. Səudiyyə kralı əsas hədəfin Suriyadakı qırğının dayandırılmalı olduğunu bildirib. Rusiya prezidenti deyib ki, təmsil etdiyi ölkə BMT-də keçiriləcək növbəti səsvermədə veto hüququndan istifadə etməmişdən öncə ərəblərlə fikir mübadiləsi aparacaq, yəni onların rəyini nəzərə alacaq. Eyni gündə Iran prezidenti Mahmud Əhmədinejad və Rusiya prezidenti Dmitri Medvedyev arasındada Suriya məsələsinə görə telefon danışığı olub. Tərəflərin Suriyaya xarici qüvvələrin müdaxiləsini yolverilməz olduğunu bir-birinin diqqətinə çatdırıblar.
Informasiya şöbəsi