Günü-gündən gərginləşən vəziyyət Azərbaycana nə vəd edir?
Sülhəddin Əkbər: «Iranla Azərbaycan arasında son yaşanan gərginlik hələ bir müddət də davam edəcək»
Azərbaycanla Iran arasındakı siyasi hərarət hələ də artmaqdadır. Iranın Azərbaycana qarşı təhdidləri hər ötən gün daha radikal xarakter alır. Azərbaycana verilən növbəti nota Iran televiziyasının “Səhər” kanalının jurnalistlərinin Bakıda həbs olunması ilə bağlıdır. Bundan əvvəl Azərbaycana verilən nota isə ölkəmizdə Israil səfirliyinə qarşı terrorda ittiham olunaraq MTN-in saxladığı şəxslərlə bağlı idi. Bu notada, hətta Iran Azərbaycanı Israilin xüsusi xidmət orqanlarına işləməkdə suçlamışdı. Azərbaycanın XIN-i Iranın notalarını absurd və reallıqdan uzaq sayır.
Hər bir halda isə görünən ondan ibarətdir ki, Azərbaycan Iran tərəfindən ciddi təhdidlərə məruz qalır və bu təhdidlərin bir çoxu rəsmi Bakının Israil ilə əməkdaşlığına görə edilir. Sanki Azərbaycan Israil ilə Iranın arasında qalıb. Belə olan təqdirdə, Iranla hər ötən gün gərginləşən vəziyyət Azərbaycana nə vəd edir?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər Iranla Azərbaycan arasında son yaşananların hələ bir müddət artan xətlə davam edəcəyini düşünür. Bu baxımdan S.Əkbər hesab edir ki, Iranın Azərbaycana ünvanladığı və qarşılığında aldığı notaların sayı indiki göstərici ilə məhdudlaşmaya da bilər. Iki ölkənin münasibətlərinin gərginləşməsinin konkret səbəblərinin olduğunu deyən S.Əkbər vurğuladı ki, Azərbaycanın Suriya məsələsində beynəlxalq aləmlə birgə mövqe sərgiləməsi belə, Iranı qıcıqlandırır. Çünki Suriya Iran rejiminin yaxın müttəfiqidir və Suriyaya qarşı edilən təzyiqləri Iran eyni zamanda özünə qarşı sayır: “Azərbaycanın Suriya ilə bağlı BMT qətnamələrinə dəstək verməsi və Türkiyənin Dəməşqə qarşı təzyiqlərini düzgün saymasını Iran narahatlıqla qarşılayır. Eyni zamanda Iranın nüvə proqramı ətrafında baş verənlərin gündəmdə qalması istər-istəməz Azərbaycanı diqqət mərkəzinə çevirir. Çünki Irana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların bir həlqəsi də Azərbaycandır”.
S.Əkbərin sözlərinə görə, Iranın nüvə proqramının inkişafını davam etdirməsinin fonunda yenidən MAQATE-nin tələblərinə məhəl qoymaması Tehranı yeni təzyiq və təhdidlərlə üz-üzə qoyur: “Iran ətrafında beynəlxalq halqa daralmaq üzrədir. Bu halqa daraldıqca Iran qonşuları vasitəsilə yaranmış vəziyyətdən çıxmağa çalışır. Məhz buna görə Iran qonşularına təzyiq edir və görünür, Tehran rejimi Azərbaycanı ən zəif halqa saydığından, rəsmi Bakıya qarşı daha sərt mövqedən çıxış edir. Azərbaycan müttəfiqləri ilə yanaşı Irana qarşı sərt tədbirlər görməsə, Tehranın hədələri daha kəskin və konkret xarakter ala bilər”.
Xəyal