Demokratik ictimaiyyət siyasi məhbuslara yardım üçün «Eurovision-2012» iştirakçılarına müraciət edir
“Eurovision-2012″ ərəfəsində siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi uğrunda mübarizə aparan ”Sing for democracy” kampaniyasının iştirakçıları müsabiqə icraçılarına müraciət etməyi qərara alıblar.
Müraciətin mətni çərşənbə günü Azərbaycan Media Mərkəzində keçirilən mətbuat konfransında açıqlanıb.
“Sizdən insan hüquqları sahəsində vəziyyətin yaxşılaşmasına yardım etməyi xahiş edirik”, – deyə müraciətdə qeyd edilir.
Müraciət müəllifləri ölkədə 60 siyasi məhbus olduğunu, həbs edilmiş jurnalistləri, 60 min vətəndaşın əmlak hüquqlarının pozulduğunu xatırladırlar. “Sadalanan məsələləri təkcə biz deyil, beynəlxalq təşkilatlar və Avropa mətbuatı da qaldırır”, – deyə müraciət müəllifləri qeyd edir.
Hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti ilə həmrəylik haqqında müraciətin mətni hər bir müsabiqə iştirakçısına göndəriləcək, onlar müraciəti imzalayaraq, prezident Ilham Əliyevin adına, habelə “Sing for democracy”nin təşkilat komitəsinə göndərməlidirlər.
Bu gün Azərbaycanda 2011-ci ilin aprel-mart mitinqlərində iştiraka görə həbs edilmiş 16 vicdan məhbusu var. Həmçinin dörd jurnalist: Əvəz Zeynallı, Aydın Canıyev, Ramin Dadaşov və Anar Bayramlı həbsdədirlər. Onlar müxtəlif cinayətlərdə ittiham olunurlar, lakin həbsin əsas səbəbi siyasi motivlidir, deyə hüquq müdafiəçiləri bildirir.
29 QHT və KIV-dən ibarət “Sing for democracy” kampaniyasının iştirakçılar bildiriblər ki, islamçı və ya dünyəvi gənc fəallar olmasından asılı olmayaraq, bütün siyasi motivlə həbs olunanları müdafiə edirlər.
“Sing for democracy” kampaniyası əmindir ki, Azərbaycan demokratlarının və beynəlxalq ictimaiyyətin birgə səyləri öz bəhrəsini verəcək. Bir müddət əvvəl “Amnesty International” hüquq müdafiə təşkilatı “Azərbaycan qorxmayacaq – Eurovision-2012 musiqi müsabiqəsini qəbul edən ölkədə hər kəsin səsi eşidilməlidir” adlı hesabat yayıb. Hesabat insan hüquqlarının ciddi şəkildə pozulması faktlarını əks etdirirdi.
“Birgə səylərimiz nəticəsində ”Eurovision-2012” müsabiqəsi ərəfəsində siyasi məhbusların azad ediləcəyini gözləyirik”, -deyə jurnalist Şahvələd Çobanoğlu bildirib(Turan).