Əkbər Hacıyevin qohumu və həmyerlisi olmayan şəxslər qurumdan çıxarılır
“Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev qurumu şəxsi təsərrüfatına çevirib. “Azadlıq”a daxil olan məlumatlara görə, Əkbər Hacıyev “Azəriqaz”a qohum-əqrəbasını və həmyerlilərini yığır. Onun qohumu və həmyerlisi olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır.
Məlumatlarda deyilir ki, “Azəriqaz” rəhbərinin yaxın qohumu olan Nazim Bayramov adlı şəxs qurumda at oynadır. Onun işə götürülməsi də maraqlıdır. “Azəriqaz” hələ ARDNŞ-in tabeliyinə verilməmişdən əvvəl qurumda nəqliyyat şöbəsi olub. Qurum ARDNŞ-ə veriləndən sonra Əkbər Hacıyev qohumu Nazim Bayramovu prestijli vəzifəyə təyin etmək üçün eyni profilli Nəqliyyat və Xüsusi Texnika Idarəsi yaradıb. Nazim Bayramov həmin idarənin rəisi təyin edilib.
Ötən ilin sonlarında həmin idarədə yoxlamalar aparılan zaman külli miqdarda yeyinti aşkar edilib. Lakin maraqlıdır ki, buna görə Nazim Bayramov deyil, onun rəhbərlik etdiyi idarənin tabeliyində olan qaraj müdirləri cəzalandırılıb. Konkret olaraq Hakim Mustafayev, Paşa və Bəkir adlı qaraj müdirləri işdən çıxarılıb. Bildirilir ki, əslində onlar “Azəriqaz”dakı qohumbazlıq və yerlibazlığın qurbanı olublar. Nazim Bayramova gəlincə, o, başqa bir şöbəyə müdir təyin edilib.
Bir maraqlı fakt da ondan ibarətdir ki, “Azəriqaz”ın rayon şöbələrinin rəhbərləri Bakıya gələrkən xidməti maşınlarından istifadə edə bilmirlər. Bildirilir ki, Əkbər Hacıyev bunu onlara qadağan edib. Rayon şöbələrinin müdirləri Bakıya gələrkən Nəqliyyat və Xüsusi Texnika Idarəsinin maşınlarından istifadə etməlidir. Buna görə isə idarəyə 50 manat ödəməlidirlər.
Başqa bir fakt Əkbər Hacıyevin qohumlarına bahalı “inomarka”lar verdirməsi ilə bağlıdır. Yalnız “Azəriqaz” müdirinin qohumu olanların xidməti avtomobilləri bahalı markalardır. Özü də onlar digərlərindən fərqli olaraq bu avtomobilləri şəxsi məqsədləri üçün də istifadə edə bilərlər. Şənbə və bazar günləri digər rəhbər şəxslərin avtomobilləri “Azəriqaz”ın qarajlarında saxlanılsa da, Əkbər Hacıyevin qohumları bu qaydaya əməl etmir.
Sonda əlavə edək ki, Əkbər Hacıyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur.
Informasiya şöbəsi