İctimai Palatanın Koordinasiya Şurası Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda deyilir:
“1992- ci ilin fevral ayının 26- da erməni silahlı qüvvələri tərəfindən, Rusiya ordusunun 366- cı motoatıcı polkunun iştirakı ilə Azərbaycan Respublikasının Xocalı şəhərinin dinc əhalisinin vəhşicəsinə və kütləvi qırğınından – Azərbaycan xalqının soyqırımı hadisəsindən 20 il keçir. XX əsrin sonunda törədilən Xocalı qətliamı bəşəriyyətə, insanlığa qarşı çağdaş dövrdə törədilən ən ağır cinayətlərdən biri kimi erməni təcavüzkarlarının niyyətini, həqiqi mənəvi- əxlaqi- mədəni simasını, bəşəri dəyərlərdən və müasir mədəniyyətdən nə qədər uzaqda olduqlarını bütün çılpaqlığı ilə ortaya qoyur.
İctimai Palata təəssüflə qeyd edir ki, baş verməsindən 20 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq aləm tərəfindən lazımi qiymətini almamışdır. Bu cinayəti törədənlər haqqında hüquqi hökmlər verilməmiş və hələ də cəzasız qalmaqda davam edirlər. İnsan həyatını ən ali dəyər kimi qəbul edən müasir dünyanın bu anti-bəşəri cinayətə qarşı susqun qalması bağışlanılan və başa düşülən deyil. İctimai Palata hesab edir ki, Xocalı soyqırımı hadisəsinin həqiqi qiymətini alması, bütün dünyada genosid cinayətlərinin önünə keçilməsi, genosid cinayətlərində təqsirli olan şəxslərin müəyyən edilib cəzalandırılması sahəsində bəşəriyyətin apardığı mübarizənin gücləndirilməsi üçün fövqəladə əhəmiyyətə malikdir.
Azərbaycan xalqı Xocalı soyqırımını və Xocalı soyqırımı qurbanlarını öz tarixinin ən faciəli hadisələrindən biri kimi heç vaxt unutmur. Bununla birlikdə, İctimai Palata hesab edir ki, bu soyqırımı hadisəsinin dünya xalqlarına və dövlətlərinə tanıdılması, təqsirkarların cəzalandırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və onların sosial müdafiəsinin hüquqi təminatlarını müəyyən edilməsi sahəsində lazım olan bir sıra zəruri tədbirlər həyata keçirilməmişdir.
İctimai Palata bundan əvvəl qəbul etdiyi mövqelərdən və qərarlardan çıxış edərək bir daha Xocalı soyqırımı haqqında Azərbaycan Respublikasının xüsusi qanununun qəbul edilməsinin vacibliyinə diqqəti cəlb edir. Bu qanunda və onun icrası ilə bağlı sənədlərdə
– Xocalı soyqırımına məruz qalmış şəxslərə “Xocalı soyqırımı qurbanı” statusu verilməsi;
– “Xocalı soyqırımı qurbanı” adının (statusunun) verilməsi qaydaları, onların hüquq və imtiyazlarının müəyyənləşdirilməsi, o cümlədən, Xocalı soyqırımı qurbanlarına Azərbaycan Respublikası qanunvericiliyində müharibə veteranı, müharibə əlillərinin malik olduğu sosial müdafiə imtiyazlarının aid edilməsi, Xocalı soyqırımı zamanı həlak olmuş şəxslərin və onların ailələrinin sosial müdafiə dərəcəsinə görə şəhid və şəhid ailələrinin statusuna bərabər tutulması;
– Azərbaycan Milli Məclisi və müvafiq icra hakimiyyəti orqanları, Xocalı soyqırımı hadisəsinin beynəlxalq aləmdə tanınması, bu cinayətin təqsirkarlarının beynəlxalq məhkəmə və ya tribunallarda mühakimə edilməsi üçün fəaliyyət göstərməsi;
– Dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edilməsi məqsədilə Xocalı soyqırımının tədqiqi və tanıtımı komissiyası və onun daimi işçi qrupunun yaradılması.
– Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Azərbaycanın Respublikasında xatirə abidələrinin qoyulması və s. tədbirləri həyata keçirilməsi, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində Xocalı soyqırımının ayrıca dərs mövzusu kimi öyrənilməsi kimi məsələlər öz həllini tapmalıdır.
İctimai Palata Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında baş əyir və əmin olduğunu bildirir ki, Azərbaycan xalqı onların uğrunda həlak olduğu müqəddəs torpaqlarımızın azad olunması vəzifəsini mütləq yerinə yetirəcəkdir”.
Qeyd edək ki, İctimai Palata fevralın 26-da saat 14:00-da Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirəcək.