Nurəddin Məmmədli: «Ölkənin təhsil sahəsi üzrə peşəkar kadrları bu sahədən uzaqlaşdırılıb və proses bacarıqsızlara tapşırılıb»
Xəbər verildiyi kimi, 2016-cı il may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib. Imtahanın nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08 faiz)arası nəticə göstərib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, imtahanda iştirak edən əvvəlki illərin məzunlarından 32 nəfəri 500-599 bal (0.27 faiz), 98 nəfəri 400-499 bal (0.83 faiz), 368 nəfəri 300-399 bal (3.11 faiz), 1109 nəfəri 200-299 bal (9.37 faiz) toplayıb. 10214 nəfəri isə 0-199 bal (86.33 faiz) arası nəticə göstərib.
Əvvəlki illərin məzunları ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak edib müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir.
Xatırladaq ki, mayın 15-də keçirilən II-ci və III-cü qruplar üzrə qəbul imtahanında da abituriyentlər aşağı nəticə göstərib. Belə ki, 8 nəfər 600-700 bal (0.06 faiz), 57 nəfər 500-599 bal (0.42 faiz), 291 nəfər 400-499 bal (2.14 faiz), 823 nəfər 300-399 bal (6.06 faiz), 2140 nəfər 200-299 bal (15.75 faiz), 10 270 nəfər isə 0-199 bal (75.58 faiz) toplayıb.
Professor Nurəddin Məmmədli ali məktəblərə qəbulda üzə çıxan aşağı nəticələrə diqqəti çəkərək hazırda elm və təhsil sisteminin bataqlıqda olduğunu söyləyir. Nurəddin bəyin fikrincə, bu sektordakı problemlər müxtəlif formalarda təzahür edir:
“Ölkənin təhsil sahəsi üzrə peşəkarları, mütəxəssisləri bu sahədən uzaqlaşdırılıb və proses bacarıqsız kadrlara tapşırılıb. Təhsil sistemi əslində, böyük kapital qoyuluşu tələb edir. Mütəxəssislərin yetişdirilməsi, varislik sisteminin daim gündəmdə saxlanması üçün külli miqdarda vəsait qoyuluşu lazımdır. Son dövrlərdə, xüsusilə kapital çatışmazlığından yaranan problemlər təhsil sistemini məhv etməkdədir. 17 min nəfərdən çox tələbə yüksək bal toplamaqlarına baxmayaraq, təhsilhaqqını ödəyə bilmədiyi üçün kənarda qaldı. Getdikcə bal sisteminin aşağı salınması da təhsildəki sistemsizliyin əlamətidir”.
N.Məmmədli qeyd edir ki, əslində, xaricdə təhsil almaq dövlət tərəfindən maliyyələşdirilməməlidir. O, dünyanın bir sıra inkişaf etmiş ölkələrində böyük iqtisadi, siyasi uğurların əldə edilməsini ilk növbədə xaricdə təhsil sisteminin yüksək səviyyədə qorunmasıyla əlaqələndirir. Professorun fikrincə, buna ən parlaq nümunə müharibədən sonra Yaponiya, Koreya, Malayziya, Sinqapur və digər ölkələrin təcrübəsidir:
“Orada məhz xaricdə təhsil almaq nəticəsində elm, təhsil və texnologiya çox yüksək səviyyədə inkişaf etdi. Həmin ölkələrin iqtisadi və digər sferalardakı inkişafına təkan verdi. Açıq şəkildə qeyd etmək lazımdır ki, hakimiyyət yüksək ixtisaslı kadrlardan ehtiyatlanırmış kimi, düşünülmüş şəkildə təhsili məhv edir. Çünki savadsız insanları idarə etmək asandır. Savadsız kütlənin idarəçiliyində heç bir problem yoxdur. Bu kateqoriyadan olan adamlar yalnız gündəlik məişət problem və qayğılarını həll etmək barədə düşünürlər. Hesab edirəm ki, ölkədəki neqativ hallar – iqtisadi, siyasi, humanitar və təhsil sahəsindəki problemlər yetərincədir. Həmin problemləri aradan qaldırmaq üçün bəlkə də yüz il gərək olacaq”.
Nigar