Bakıdan gələn nümayəndə idarə rəhbərlərini topa tutub
Biləsuvar Rayon Icra Hakimiyyətinin binasında ötən gün 2011-ci ilin yekunlarına dair hesabat iclası keçirilib. Iclasa rayon rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə yanaşı Biləsuvardan deputat seçilən Xanhüseyn Kazımlı və rayonun Prezident Administarsiyasından (PA) kuratoru Vəfadar Quliyev də qatılıb. Icra başçısı Mahir Quliyev tədbiri açıq elan edib. Rayonda gedən təmir-tikinti, quruculuq işlərindən ağız dolusu danışandan sonra söz rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımova verilib. Həngamə də elə bundan sonra başlayıb. Balaqardaş Kazımov çıxışında təhsildə qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, ötən il beş müəllim “əməkdar müəllim” adına layiq görülüb. O, nitqini bitirər bitirməz Vəfadar Quliyevin suallarına tuş gəlib.
V.Q: – Ötən il neçə məzun olub?
B.K: – 1800 məzun.
– Onlardan neçəsi attestat ala bilməyib?
– 30 faizi.
– Nə iş görmüsünüz? 30 faiz attestat ala bilməyən rayonda təhsilin səviyyəsindən necə danışmaq olar? Siz gördüyünüz işlərdən yox, problemlərdən danışın. 5 nəfər “əməkdar müəllim” adını alıb, ancaq bunu deyirsiniz, başqa heç nə. Yaxşı olar ki, şagirdlərin təhsil səviyyəsinin aşağı olmasından söz açasınız.
Təhsil şöbəsinin müdiri sual-cavabdan sonra yerində “oturdulub”.
Daha sonra çıxış üçün rayon gənclər idman idarəsinin rəisi Xalid Rüstəmova verilib. O da çıxışında analoqsuz inkişafdan, Ilham Əliyevin idmana qayğısından danışıb. Iki dəqiqədən bir ölkə başçısının “kəlam”larından sitat gətirən idarə rəisi rayonda idmana qayğıdan yox, ölkə miqyasında görülən işlərdən danışıb. Idmanın Azərbaycana simvol olduğunu deyib. Çıxışının sonunda isə Biləsuvarda idmana olan qayğıdan söz açmaq yadına düşüb və bildirib ki, olimpiya kompleksi tikilib. Vəfadar Quliyev onun da sözünü kəsib. PA-nın məsul işçisi Yaponiya səfirliyinin maliyyəsi hesabına rayonda tikilən idman zallarına verilən hədiyyələrin satışa çıxarılmasını Xalid Rüstəmovun diqqətinə çatdırıb. Deyib ki, hüquq-mühafizə orqanlarının köməkliyi sayəsində əşyaların bir qismi bazardan yığışdırılıb: “Nədən bu rüsvayçılıqdan danışmırsınız? Bunları camaata deyin. Azərbaycanda olan idmana qayğıdan yox, Biləsuvarda hansı işlər görülüb, onlardan söz açın”.
Xalid Rüstəmov Vəfadar Quliyevin bu çıxışından sonra səssiz səmirsiz yerinə keçib.
Deputat Xanhüseyn Kazımlı hesabat əvəzinə ancaq özündən söz açıb. 10 dəqiqədən artıq və lüzumsuz çıxış etdiyini görən iclas iştirakçıları etiraz əlaməti olaraq əl çalıblar. Əvvəlcə bunu alqış kimi qəbul edən deputat çıxışını davam etdirmək istəyəndə yenidən analoji hal təkrarlanıb. Bunu görən iclas iştirakçılarının bir neçəsinin him-cimindən sonra Xanhüseyn Kazımlı nitqinə ara verib. Zalda əyləşənlərin təkidli alqışları onun çıxışını yarımçıq dayandırıb.
Vəfadar Quliyev işıq, qaz idarələrində baş verən nöqsanlardan danışıb.
Sonda isə bir neçə “zəhmətkeş” Biləsuvarda görülən “iş”lərdən ağız dolusu söz açıb…
Ramin DEKO