Vergilər naziri bankirləri yığaraq Əliyevin qəti göstərişini çatdırdı
Hakimiyyət hər bankın üzərinə minimum 470 min manatlıq öhdəlik qoyub
Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən bütün bankların birinci şəxsləri Vergilər Nazirliyinə çağırılıb. Məlumat “Azadlıq”a hökumətdaxili mənbələrdən daxil olub. Məlumatda deyilir ki, vergilər naziri Fazil Məmmədovun iştirakı ilə bank rəhbərləri ilə müşavirə keçirilib.
Vergilər naziri bankirlərə bildirib ki, “Eurovision”la bağlı ölkəyə 2000-ə yaxın jurnalist və xeyli turist gələcək. Onlar təbii olaraq ölkəmizdə alış-veriş edəcəklər. Azərbaycanda onsuz da pul dövriyyəsi barədə mənfi rəylər mövcuddur. Bu rəyi dəyişmək üçün Ilham Əliyev xüsusi tapşırıq verib. Həmin tapşırıq mağazaların post-terminallarla təmin edilməsidir ki, bu iş bankların üzərinə düşür. Fazil Məmmədov bankirlərə bildirib ki, iri banklar 2000-1500, digərləri isə 1000 post-terminal almalıdır. Ümumilikdə banklar 60 min post-terminal almalı və bunu ticarət obyektləri, xidmət sahələri arasında bölüşdürməlidir.
Məlumatda bildirilir ki, əslində məsələnin kökündə biznes maraqları dayanır. Söhbət ondan gedir ki, “yuxarılar”a yaxın sahibkarlardan biri ölkəyə 60 min post-terminal gətirib. Hər post-terminalın qiyməti 470 manatdır. Indi fürsətdən istifadə edərək həmin post-terminalları satmağa çalışırlar. Bu isə o deməkdir ki, hər bank minimum 470 min manatından keçməlidir.
Informasiya şöbəsi