Daha bir beynəlxalq təşkilat hakimiyyəti tənqid etdi
JMK: “Hakimiyyət KIV-də tənqidə dözümsüz yanaşır; ANS ildən-ilə senzura obyektinə çevrilməli olub”
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi dünən “Mətbuata hücüm” adlı illik icmalını açıqlayıb. Sənəddə dünyada hüquq pozuntuları ilə bağlı ciddi tendensiyalar əksini tapıb. Azərbaycana aid bölmədə deyilir ki, “Eurovision” mahnı müsabiqəsinə hazırlıq ərəfəsində ölkə hakimiyyəti KIV-də tənqidə qarşı dözümsüzlük nümayiş etdirməkdə davam edib. Uydurma ittihamla həbs olunan Eynulla Fətullayev dörd ildən sonra azadlığa çıxıb.
O, Avropa Insan Haqları Məhkəməsi onun həbsini tələb etdikdən sonra azadlığa buraxılıb. Həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. Publisist Rafiq Tağı islam və hökumət haqqında tənqidi yazı yazdığına görə Bakıda küçədə hücuma məruz qalıb və aldığı bıçaq yarasından həlak olub. The Washington Post və The New York Times üçün yazan amerikalı jurnalist Amanda Erikson, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun britaniyalı əməkdaşı Siliya Devis iyunda Bakıdakı çoxmənzilli evlərinin yaxınlığında hücuma məruz qalıblar. Müxalifətdə olan “Azadlıq” qəzetinin əməkdaşları Ramin Deko və Seymur Həziyev yazın əvvəlində döyülüblər. Sentyabrda RATIeportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun jurnalisti Idrak Abbasovun evinə hücum olub. Hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib.
Müstəqil “Xural” qəzetinin əməkdaşı ilin sonunda əsassız ittihamla həbs olunub.
2011-ci ildə xarici jurnalistlərə qarşı düşmənçiliyin artdığı müşahidə olunub: insan haqlarına dair sənədli film çəkən Isveç televiziyasının üzvləri ölkədən çıxarılıblar; erməni mənşəli olduğuna görə bir fotomüxbirin ölkəyə gəlişi qadağan olunub.
Ölkə boyunca yayımlanan doqquz televiziya stansiyasından yalnız ANS TV müstəqil olub. Digər stansiyalar birbaşa dövlətə məxsus olub və ya administrasiyaya loyal şəxslərin nəzarətində olub. Öz redaksiya siyasətinə görə ANS ildən-ilə dəfələrlə senzura obyektinə çevrilməli olub.
2000-ci ildə Çeçenistanın səhra komandiri Şamil Basayevlə müsahibə efirə getməzdən 15 dəqiqə əvvəl hakimiyyət ANS-in elektrik enerjisini kəsib.
2006-cı ilin sonunda hökumət ANS telekanalını iki həftəliyə bağlayıb. Hakimiyyət şirkətin KIV haqqında qanunu pozduğunu və cəriməni ödəməməyini bəhanə gətirərək telekanalın ofisini möhürləyib, avadanlığı müsadirə edib.
2007-ci ildə siyasi səbəblərlə lisenziyası beş ay müddətinə dayandırıldıqdan sonra ANS öz reportajlarının tənqidi tonunu bir qədər yumşaltmağa məcbur olub.
2010-cu ildə ANS-ə qarşı siyasi motivli vergi yoxlaması aparılıb. Buna telekanalın parlament seçkilərində səsvermə zamanı baş vermiş maxinasiyalar barədə məlumat verməsi səbəb olub.