Tehran rejiminin bank-maliyyə sektoru ağır sanskiya ilə üzləşdi
«The Guardian»: «Türkiyə və Çin Irana gizli maddi yardım göstərir»
Tehranın nüvə proqramından dolayı Qərb ölkələri və Iran arasında yaranmış gərginlik getdikcə dərinləşir. Avropa Birliyinə üzv ölkələrin bu il iyulun 1-dən etibarən Irandan neft idxalına qadağa qoyması haqda qərarından qəzəblənən Tehran rejimi artıq iki aparıcı Avropa ölkəsi Ingiltərə və Fransaya xam neft ixracını dayandırıb. Iranın xarici işlər və neft nazirliklərindən yayılan məlumata görə, artıq Fransa və Ingiltərənin neft şirkətlərinə xam neft və neft məhsulları satılmayacaq.
Iran rəsmiləri neft satmaq üçün müştəri axtarışında olmadıqlarını bildirərək, bundan sonra Ingiltərə və Fransanın əvəzinə başqa ölkələrə xam neft satılacağını bəyan ediblər. Əlavə edək ki, bir neçə gün öncə Fransa, Hollandiya, Italiya, Ispaniya, Yunanıstan və Portuqaliyanın Tehrandakı səfirləri bu ölkənin Xarici Işlər Nazirliyinə çağırılaraq, Avropa Birliyinin Irandan neft almasını qadağan etməklə bağlı qəbul etdiyi qərarına bir daha baxmasını istəmişdi.
Bu arada ABŞ Iranın maliyyə sektorunu çökdürməsi məqsədiylə ilk addımlarından birini atıb. SWIFT (Beynəlxalq Bank və Maliyyə Telekommunikasiyası Vasitələri Cəmiyyəti) bəyanat yayaraq, Irana tətbiq olunmuş sanksiyalara qoşulacağını açıqlayıb. Sənəddə təşkilat Irana xidmət göstərməkdən imtina etməyə, bu ölkənin bütün bank və maliyyə şirkətləri ilə əməkdaşlığını kəsməyə hazır olduğunu bildirib: “Biz qanuni yollarla ABŞ və Avropa ölkələrinin bununla bağlı narahatlığını azaltmağa çalışacağıq. Təşkilatımız Avropa Birliyinin qanunlarını əsas tutaraq belə bir addım atmaq niyyətindədir”.
Xatırladaq ki, SWIFT banklara şifrələr verir və həmin şifrələr vasitəsilə banklar bir-biri ilə əlaqəyə girir. Təşkilatın Iranla əlaqələri kəsəcəyi təqdirdə bu ölkədə xarici ticarətin böhranla üzləşəcəyi ehtimal edilir. Çünki Iranda xarici ticarətdə, xüsusilə neft ixracında maliyyə əməliyyatları bu sistem vasitəsilə həyata keçirilir. ABŞ hökuməti bir müddət öncə açıqlama yayaraq Iranın maliyyə-bank sektorunu çökdürmək üçün bu ölkənin SWIFT-in qadağalarıyla üzləşməsinə çalışacağını bildirmişdi.
Fransa və Ingiltərəyə xam neft satışını dayandıran Iran Iraq, Livan və Suriya arasında enerji sahəsində əməkdaşlıq sazişi imzalanıb. Saziş əsasında elektrik şəbəkələrinin birləşdirilməsi və elektrik enerjisinin mübadilə edilməsi nəzərdə tutulur. Tehrana yönəlik hərbi müdaxilə variantını gündəmə gətirən və bunu israrla tələb edən Israilin Azərbaycankı səfiri Mixail Lavon Lotem ANS-ə verdiyi açıqlamasında bildirib ki, Iranın hərbi xarakterli nüvə proqramı məsələsi yeni bir şey deyil. Iranla dialoqu dəstəkləyən Avropa ölkələri də artıq müharibə ehtimalını qəbul edir. Diplomatın sözlərinə görə, son günlər Iranın nüvə proqramı sanki beynəlxalq və dünya probleminə çevrilib. O, nə Aralıq dənizi regionu, nə Qafqaz, nə də Yaxın Şərq problemidir. Bu, əsl dünya problemidir. Irandan doğan təhlükə bu gün Avropaya, sabah isə Avropadan daha uzaq məsafələrə gedib çıxa bilər.
Tehran isə sərt sanksiya və hərbi müdaxilə hədələrinə cavab olaraq yeni hərbi təlimlərə başlayıb. “Vəlfəcr” adlanan təlimlər Mərkəzi Səhra, Yəzd şəhəri və onun ətrafında keçirilir. Hərbi manevrlərdə Iran Islam Inqilabı Keşikçilər Korpusunun (“SEPAH”) quru qoşunları və “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) “Imam Hüseyn” batalyonu iştirak edir. “SEPAH”ın quru qoşunlarının komandanı, general-mayor Məhəmməd Pakpur deyib ki, hərbi manevrin məqsədi ordunun müdafiə qabiliyyətini artırmaq, yeni taktiki gedişlərin icrası, yeni təchizat və sursatın istifadəsidir. “SEPAH” komandanı general-mayor Məhəmməd Əli Cəfəri təlimlərin Tehranın ABŞ və Avropa Birliyinin Iranın neft sektoruna qarşı yeni sanksiyalar tətbiq etmək qərarına cavab olduğunu bildirib.
Bu arada Ingiltərədə yayımlanan “The Guardian” qəzeti maraqlı xəbər yayımlayıb. Qəzetin yazdığına görə, Türkiyə və Çin Irana gizli maddi yardım göstərir. “The Guardian” Qərb ölkələrinin müdafiə qurumlarının rəsmilərinə istinadən yazıb ki, Türkiyə və Çin Iranı nüvə proqramı ilə bağlı BMT-nin sanksiyalarından xilas etmək üçün gizli mənbələr təşkil edib və bank köçürmələri vasitəsi ilə yardım edirlər. Rəsmilərin iddiasında görə, Iranın Mərkəzi Bankı ölkə iqtisadiyyatını ayaqda saxlamaq üçün Çin və Türkiyədə çoxlu sayda maliyyə qurumlarını öz maraqları üçün istifadə edir. Iranın ən böyük yanacaq müştərisi olan Çinin bu sanksiyalardan qaçmasında xüsusi rol oynadığını yazan qəzet Çinin Irandan aldığı yanacaq müqabilində verdiyi pulun Iranın ehtiyacı olduğu malları almaq üçün istifadə olunduğu bildirilir.
Informasiya şöbəsi