Hikmət Hacızadə: «Danışıqlar prosesində Ermənistanın vəziyyəti hələ ki, Azərbaycandan üstündür»
ABŞ–ın vitse–prezidenti Cozef Bayden Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsini müzakirə etmək üçün bir neçə gün öncə Ermənistan prezidenti Serj Sərkisyana zəng vurub. (virtualaz.org)
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Vyanada ATƏT həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların “hərtərəfli və produktiv şəkildə həyata keçirilməsinin vacibliyini” qeyd ediblər. Tərəflər həmçinin bu məsələdə həmrəy olduqlarını bildiriblər ki, münaqişənin həlli ancaq dinc yolla mümkündür.
Bayden daha sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. ABŞ-ın təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.
İ.Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.
Bayden aprelin əvvəllərində Qarabağda döyüşlər başlayanda tərəfləri hərbi əməliyyatların dayandırılmasına çağırmaq üçün İlham Əliyevlə və Serj Sərkisyanla telefon danışıqları aparıb.
Vyanpa görüşündən sonra baş verən hadisələr maraq doğurur. Rusiyanın baş naziri Medvedevin Avrasiya İttifaqının tədbiri çərçivəsində Yerevana səfəri və orda verdiyi bəyanatlar da birmənalı qarşılanmır. ABŞ və Rusiyanın aktivliyini artırdığı danışıqlar prosesi nələr vəd edir? Azərbaycanı qarşıda nə gözləyir?
Ermənistanın güzəştə getmək niyyəti olmadığı həm danışıqlar prosesindən, həm də apreldə baş verən hərbi əməliyyatlardan göründü. Bir neçə strateji əhəmiyyət daşıyan yüksəklik Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində azad edilsə də, ermənilər ciddi dirəniş göstərdilər.
Politoloq Hikmət Hacızadə hesab edir ki, danışıqlar prosesində Ermənistanın vəziyyəti hələ ki, Azərbaycandan üstündür. Ermənistanın danışıqlar prosesində güzəştə getmək istəmədiyini vurğulayan H.Hacızadə bildirdi ki, Yerevan ölü nöqtədən tərpənərsə, proses «rus planı» üzrə gedəcək: «Baydenin də tərəflərə zəngi və Qarabağı müzakirə etməsi münaqişənin bütünlüklə Rusiyanın nəzarətinə keçməsinə qarşıdır. Ermənistan beş rayonun qaytarılması müqabilində rus ordusunun Qarabağa gəlməsini istəyir. Rusiyanın planı bundan ibarətdir. Bu yol isə Azərbaycan üçün Qarabağın bütövlükdə itirilməsi deməkdir. Rusiya Azərbaycanı yaratdığı ittifaqlara cəlb etmək istəyir. ABŞ isə Rusiyanın bu səylərini görür və ona görə də proseslərə müdaxilə edir».
Danışıqlar prosesinin aktivləşməsinə baxmayaraq konkret nəticənin əldə olunmasının müşkil olduğunu deyən H.Hacızadə bildirdi ki, hazırda həmsədrlərin səyi daha çox atəşkəs rejiminin möhkəmlənməsinə hesablanıb.
Xəyal