Çirkli pulların yuyulması ilə məşğul olanlar özlərini ərəb şeyxlərinin adamları kimi təqdim edib
İri məbləğdə pulların nağdlaşdırılmasında təqsirkar bilinən «Ticarət-tikinti bankı»nın iki əməkdaşı və bir qrup Azərbaycan vətəndaşı barədəsində Savelov məhkəməsinin hökmü qüvvəyə minib. Hər həftə kuryerlar Bakı-Moskva təyyarəsi ilə çamadanlarla 15-200 mln dollar pul gətirib. Bu vəsaitlər varlı Azərbaycan və Türkiyə vətəndaşları üçün nəzərdə tutulurdu. Çirkli pulların yuyulması ilə məşğul onlar isə özlərini ərəb şeyxlərinin adamları kimi təqdim edib.
RF DİN-nin İstintaq Departamentinin əməkdaşları müəyyən edib ki, işbazların əsas ofisi «Ticarət-tikinti bankı»nın valyutadəyişmə məntəqəsində, paytaxtın Leninqrad prospekti, ev 44 ünvanında yerləşib. 2008-ci ilin sonlarında «pul dəyişənin» iki baş kassiri – Vüqar Nuriyev və Matkərim Musayev tanışları vasitəsilə Aleksandr adlı şəxslə tanış olub (onun kimliyi istintaq tərəfindən müəyyən edilməyib). Maraqlıdır ki, bu şəxslər onu heç vaxt görməyib və əlaqəni icq, skype və elektron poçt vasitəsilə qurublar.
Aleksandr deyib ki, iri məbləğdə pulları qara bazar məzənnəsindən aşağı nağdlaşdıra bilər. O, Vüqar və Matkərimə bu biznesdə iştirak etməyi təklif edib. Onların vəzifəsinə müştəri tapmaq, Aleksandrın müştərilərindən nağdlaşdırma «sifarişləri» götürmək, həmçinin valyutaldəyişmə məntəqəsi vasitəsilə vəsaitləri ödəmək daxil olub.
2008-ci ildə Moskvada faktiki olaraq qeyri-leqal bank işə düşüb. Nuriyev və Musayev hər səhər Aleksandrdan bu gün nağdlaşma əməliyyatlarının hansı məzənnə ilə həyata keçirildiyini öyrənirdi və bu barədə məlumatları potensial müştərilərinə ötürürdülər. Əgər təklif edilən şərtlər onları qane edirdisə, onlara pullarını köçürməli olduqları «birgünlük» firmaların hesabları deyilirdi. Saxta müqavilələr əsasında onlarla müştəridən vəsaitlər çoxsaylı «birgünlüklərə» köçürülürdü, daha sonra isə digər saxta strukturların («Stroydvor», «Boltservis», «Diskontinfo», «Tvitt», «Vernis») «Fyuçer» və «Fondservisbank»da açılmış hesablarına ötürülürdü.
Rusiyadan milyardlarla vəsaitlər artıq eyni adlı ofşor firmaların (Stroydvor LLS, Boltservice LLC və s.) hesablarına, Alpha Bank Cyprus Ltd (Kipr) və Sampo Pank Danske Bank-ın Estoniya filiallarına köçürülürdü. Kipr və Estoniyadan «çirkli» pullar Azərbaycana gedirdi, orada isə işə yerlə «kölgə maliyyəçisi» Feyzuli Ələkbərov qoşulurdu. O da Rusiyaya nisbətən daha aşağı məzənnənin olduğu Azərbaycan bankları vasitəsilə pulları nağdlaşdırırdı.
Milyardlarla dollar pulu geriyə, Moskvaya qaytarmaq üçün xüsusi kuryer qrupu istifadə edilirdi. Bakı hava limanında onlara içində 2-4 mln dollar pul olan çamadanlar və Moskvaya təyyarə bileti verilirdi. «Şeremetyevo-2» yaxud «Domodedovo»ya çatdıqda pul daşıyanlar çatdırdıqları məbləği mütləq gömrük bəyannəməsində göstərməli idi ki, pullar onlardan müsadirə edilməsin. Pulların təyinatı bəndində isə onlar «daşınmaz əmlak obyektlərinin alınması» yazırdılar. Kuryerlər sərhəd və gömrük nəzarətindən keçən kimi paytaxtın özəl mühafizə şirkətlərindən birinin əməkdaşları onlardan pul çamadanlarını alır və inkassator maşınlarında Leninqrad prospektindəki ofisə gətirirdilər. Ordan isə müştərilər nağd pulları ala bildirdi. Hər kuryer Moskvaya ayda 2-3 səfər edib. Onlardan bəziləri ümumilikdə 3-4 mlrd rubl pul daşıyıb (təxminən 100-150 mln dollar).
İstintaqçıların məlumatlarına əsasən, qruplaşmanın xidmətindən 300-yə yaxın şirkət istifadə edib. Onların arasında neft şirkətləri də olub. İşbazlara Moskvada müxtəlif növ bizneslə məşğul olan Azərbaycan və Türkiyədən olan varlı biznesmenlər də müraciət edib. Nuriyev və Musayev istintaqa verdikləri ifadələrdə bildiriblər ki, onların müştərilərinin əhəmiyyətli hissəsi bu yolla öz müəssisələrinin vergi yükünü azaltmaq istəyib. Şirkətlər dövlətə 18% ƏDV ödəməlidir. Əgər pullar «birgünlüklərə» köçürülübsə, bu yük artıq onların üzərinə düşür. Aleksandra tabe olan «pul yuyan» firmalar büdcəyə heç nə ödəmədən yoxa çıxırdı. Müştəri faktiki olaraq pulların nağdlaşdırılmasına görə 5-6% ödəyirdi, bununla da 18% vergidən yaxa qurtarırdı. Əldə edilmiş mənfəət əməkdaşların «konvert» maaşına, sənədləşdirmə olmadan mallara görə ödəmələrə və s. gedirdi.
Nağdlaşdırmadan gələn gəlirin əhəmiyyətli hissəsi Aleksandr və Feyzuli Ələkbərova çatırdı. Nuriyev və Musayev gördükləri işə görə hər məbləğin 0,1-0,35% alırdı. Kuryerlərə görə Bakıdan Moskvaya çatdırdığı hər çamadana görə 200-300 dollar verilirdi.
Gizli bankın fəaliyyəti barədə RF DİN İqtisadi Təhlükəsizlik Departamentinin əməkdaşları 2010-cu ilin əvvəlində bilib. O zaman işbazların telefonları dinlənilib. Bəzi əməliyyatçılar müştəri qismində Leninqrad prospektindəki ofisdə olub. Ofisdə Vladimir Putinin Birləşmiş Ərəb Əmirliyindən olan şeyxlərlə görüşündə çəkilən foto asılıbmış. Qruplaşma üzvlərindən biri şəkildəki şeyxləri göstərərək bizneslərinin onlara məxsus olduğunu deyib və şeyxlərin də kiminlə ünsiyyətdə olduğuna işarə edib.
İTD əməkdaşları müəyyən edib ki, Bakıdan növbəti iri məbləğdə pulların 2010-cu ilin aprelin 28-də gətirilməsi planlaşdırılıb. Həmin gün «Şeremetyevo-2»də Azərbaycan vətəndaşları Məmmədov, Xəlilov, Kərimov və Qambayev saxlanılıb. Onların hər birində bir çamadan pul olub. Eyni zamanda əməliyyatçılar Nuriyev və Musayevi də saxlayıb. Maraqlıdır ki, bir müddət sonra Türkiyə vətəndaşı, «Danışmaz əmlak» bürosunun direktoru Bahçet Etik RF DİN-ə gələrək müsadirə olunan pullardan 500 min avro, 800 min dollar və 16 mln rublun ona məxsus olduğunu deyib.
Digər milyonların sahibləri üzə çıxmağı lazım bilməyib. Görünür onlar öz narazılıqlarını birbaşa pulları nağdlaşdıranlara bildirməyə üstünlük verib. Şahidlərin ifadələrinə əsasən, kuryerlərin «Şeremetyevo-2»də saxlanılmasından sonra öz həyatına yarana biləcək təhlükədən ehtiyat edən Feyzuli Ələkbərov təcili sürətdə Azərbaycanı tərk edib.
2011-ci ilin yayında Moskvanın Savelov məhkəməsi adı işdə hallananların hər birini RF CM-nin 172 maddəsi ilə (qanunsuz bank fəaliyyəti) təqsirkar bilib. Nuriyev 3 il 6 ay, kuryer vəzifəsini yerinə yetirən Kərimov, Xəlilov, Qambayev və Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Lakin Moskva şəhər məhkəməsi Nuriyevin cəzasını 3 il müddətinə qədər azaldıb.
Fizzə