“Öz vətəndaşını şərləmək, işgəncəyə məruz qoymaq istənilən hakimiyyət üçün utancvericidir”
“Hüquq-mühafizə orqanlarının özbaşınalığı ölkədə vətəndaş qarşıdurmasına zəmin yaradır və bunun məsuliyyəti birbaşa siyasi hakimiyyətin üzərindədir”
Son günlər polis orqanlarında bir neçə nəfər ictimai-siyasi fəala və sadə vətəndaşa işgəncə verilməsi, hətta işgəncə nəticəsində ölüm hadisəsinin baş verməsi ilə əlaqədar Demokratik Qüvvələrin Milli Şurası bəyanatla çıxış edib. Bəyanatda deyilir:
Azərbaycan hakimiyyətinin zorakı mahiyyəti yenidən qabarıb. Son günlərdə vətəndaşlarımızın qanunsuz həbsi, polisdə işgəncələrə məruz qalması və hətta dünyasını dəyişməsi haqda daha bir neçə acı xəbər aldıq.
Öz vətəndaşını şərləmək, işgəncəyə məruz qoymaq istənilən hakimiyyət üçün utancvericidir. Təəssüf ki, Azərbaycan hakimiyyəti belə rüsvayçı əmələ qol qoymağa davam edir. Mayın 10-da Bakıda, Respublika Sarayını önündəki parkda Heydər Əliyevin heykəlinə etiraz şüarı yazmış iki gənc – NİDA hərəkatının üzvü Bayram Məmmədov və müstəqil ictimai fəal Qiyas İbrahimov narkotiklə şərlənərək həbs olunublar. Onların məhz, heykəlin üzərinə şüar yazdığı üçün həbs edildiyi, lakin ağır cəzaya məhkum olumaları üçün külli miqdarda narkotiklə şərləndikləri artıq sorağı bütün dünyaya yayılmış həqiqətdir.
Gənclərin qanunsuz həbs edilmələri və uydurma maddə ilə ittiham olunmaları bəs deyilmiş kimi, üstəlik polis idarəsində onları ağır işgəncəyə də məruz qoyublar. Gənclərin vəkilləri vasitəsilə yaydıqları məlumatlar göstərir ki, polis idarəsində onların əl-qollarını və ağrından qışqıra bilməmələri üçün ağızlarını bağlayıb möhkəm döyüblər, olmazın işgəncə verib, ləyaqətlərini alçaldan hərəkətlər ediblər.
Hüquq-mühafizə orqanlarının belə cinayətkarcasına davranışı şübhəsiz ki, onların özbaşınalığına siyasi hakimiyyətin şərait yaratmasından qaynaqlanır. Ölkədə xüsusən də siyasi opponentlərə qarşı hər cür qanunsuz və qəddarlıq rəsmi şəkildə stimullaşdırılır. Nəticədə hüquq-mühafizə orqanları cinayət eləməyə alışıb və onların əməllərindən sadə, köməksiz vətəndaşlarımız da ziyan çəkməkdədir. Sonuncu fikrin davamı kimi, təkcə mart-aprel aylarında Sumqayıtda polislərin işgəncə verərək bir gənci ölümcül hala salması, bir nəfərin isə ölümünə bais olması faktlarını göstərmək olar. Martın ortalarında Rəşad Abbsov adlı şəhər sakini Sumqayıtın 1 saylı Polis Şöbəsində törətmədiyi cinayəti üzərin götürməsi tələbilə faktiki şikəst edilib və onun bu barədə daxili işlər nazirinə qədər edilən şikayətləri hələ də nəticəsiz qalmaqdadır. Sumqayıt polisinin bundan təxminən 1 ay sonra – aprelin 27-də işgəncə verib, ölümcül vəziyyətdə xəstəxanaya apardığı və orada həyatını itirdiyi gənc isə Rəşad Mehdiyevdir.
Mayın 12-də isə Bakıda polisdə növbəti ölüm faktı qeydə alındı. Şəhər sakini 29 yaşlı Zaur Sultanov çağırıldığı Xəzər rayon 1 saylı polis bölməsində dünyasını dəyişdi. Rəsmi məlumatda onun ürək çatışmazlığından öldüyü deyilsə də, ailə üzvlərinin irəli sürdüyü inandırıcı iddialara görə, gənci döyərək öldürüblər. Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı qanun qarşısında cavab vermək əvəzinə daha bir qanunsuzluğa imza atıb. Zaur Sultanovun polisdə öldüyünü ictimailəşdirən və bunu tənqid edən ictimai fəal Azər Lerikli əvvəlcə polisə çağırılaraq xəbərdar edilib, sonra isə qurama ittihamla şərlənərək saxlanılıb.
Milli Şura hüquq-mühafizə orqanlarının təkcə son 3 ayda törətdiyi bu ağır cinayətləri sadalamaqla ölkənin hansı təhlükəli istiqamətə sürükləndiyi haqda siyasi hakimiyyəti bir daha xəbərdar etmək istəyir. Milli Şura bəyan edir ki, hüquq-mühafizə orqanlarının bu özbaşınalığı ölkədə vətəndaş qarşıdurmasına zəmin yaradır və bunun məsuliyyəti birbaşa siyasi hakimiyyətin üzərindədir. Siyasi hakimiyyət ölkədə inzibati cinayətkarlığı durdurmaq üçün iradə göstərməli və istər burada sadalanan, istərsə də bu qəbildən olan başqa faktlar obyektiv araşdırılmalı, günahkarlar layiqli cəzalarını almalıdırlar.