Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında oldublar. Xəbəri Ombudsman Aparatı yayıb.
Məlumatda qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirildiyi bildirilir.
Məlumatda deyilir ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.
Məlumatda o da qeyd edilir ki, B.Məmmədov və Q.İbrahimov Bakı istintaq təcridxanasında saxlanılma şəraitindən razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, vəkillə görüşdüklərini bildiriblər.
Gənc fəalların vəkili Elçin Sadıqov isə Azadlıq Radiosuna qısa müsahibəsində Ombudsmanın Milli Preventiv Qrupunun açıqlamasını əsasız sayıb. Vəkil deyib ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb. Bunun şəkilini də çəkib.