Yük avtomobillərini normadan çox yükləyənlər indi daha çox cərimələnəcəklər. Bu haqda təzə qanun qəbul ediblər. Bu qanunla eyni gündə qəbul edilən başqa bir qanun müştəriyə keyfiyyətsiz mal satanların cəzasının ağırlaşdırılmasıyla bağlı idi. Bu qanunların qəbul edildiyi ölkə Azərbaycan olmasaydı, onlardan xeyli məmnun qalmaq olardı. Hətta bu qanuna səs verən Zahid Oruc üçün həmdü-səna da etmək mümkün idi.
Ancaq Azərbaycanda qanun necə olursa-olsun, vəziyyətə onun isti-soyuğu yoxdur. Bizim ölkədə hər qəbul edilən qərarın arxasında min bir kələk, fırıldaq dayanır.
Avtomobilləri normadan artıq yükləmək olmaz, eləmi? Yüklənməsin, mən də razı. Bəs insanları necə, normadan artıq yükləmək olarmı? Avtomobillərin normadan artıq yüklənməsindən narahat olan dövlət bəs niyə vətəndaşlarının normadan ifrat artıq yüklənməsinə göz yumur?
8 saatlıq iş rejimi Odlar Yurdunda neçə vaxtdır əfsanəyə dönüb. Bir insan 3 yerdə işləməsə, gərək ac qala. “Mənim istirahət, məzuniyyət hüququm var” deyənə iş yerlərində bir az səydaş adam kimi baxırlar. “Işin var, başına iş açma, sus, otur mal kimi, yüklənmənə də döz” – budur bizim günün diqtəsi…
Maşınları artıq yükləmək olmaz, bildik. Anlaşılan bu: maşına tutaq ki, norma 10 tondursa, 12 ton qum, daş yükləmək ağır cəzayla qarşılanacaq. Bəs bir avtobusa 30 nəfər əvəzinə 55-60-nı mindirənə nə edəcəklər? Əlbəttə, heç nə. Çünki bizdə daş olmaq adam olmaqdan qiymətlidir.
Yeri düşüb, bu avtobus mövzusuna da bir toxunaq. Illər öncə Zamin Hacı yazmışdı ki, Qarabağı azad etməmişdən əvvəl Bakını “QAZel”lərdən azad etmək lazımdır. Doğrudan da ağır dərd idi, “QAZel” müsibətini görməyən azərbaycanlılar necə xoşbəxt olduqlarını çətin bilələr. Hə, “QAZel” Bakıdan rədd oldu, onları iritutumlu avtobuslar əvəzlədi. Ancaq müştəriyə xidmətin səviyyəsi dəyişmədi. Iri avtobuslar ancaq iki cəhətilə “QAZel”lərə rəhmət oxutdurur:
Bir: burada başını aşağı əymədən, dik durmaq olur;
Iki: iri şüşələrdən ötdüyün yerləri görürsən.
Əvvəlki basabas, əvvəlki gecikmələr yenə də qüvvəsindədir. Ən pisi, natəmizlik boğaza çıxır və “QAZel”dəkindən də pis adamı iyrəndirir. Məni düz başa düşün; bir var, hansısa zəhmətkeş fəhlənin üstündə çirk, toz, mazut görürsən, bir də var, eyni halı toyda gəlinin paltarlarında.
Bu avtobusları niyə yumurlar, görəsən? Bəzən mənə elə gəlir ki, bu naqis mənzərənin baiskarı sabun şirkətləridir. Onların reklamlarından bunu görmüşəm. Adam bizim avtobuslardan düşəndən sonra dərhal hamama qaçmaq istəyir. Nə edəsən, çox vaxt su sistemimiz “analoqsuz” olduğundan tam hamam xidmətindən də yararlana bilmirik, əlimizi yuyub, birtəhər dözürük.
Və avtobus sürücüləri… Onlar çox qabadılar. Şəxsən mənim laçın vaxtlarım olsaydı, yəqin ki, azı 20 avtobus sürücüsünü bıçaqlamışdım. Biz onlar haqqında çox danışırıq, kobudluqlarını qınayırıq. Ancaq hər şeyi dəqiq analiz etsək, qəzəbimizi bu çarəsiz sürücülərə yox, onların sahiblərinə, daha dəqiq desək, iri məmurlara, ölkə rəhbərliyinə yönəltməliyik. Bu insanların həyatına yaxından bələd olun; onlar qul kimi istismar altındadır, bilirsinizmi? Sutkanın az qala, 13-15 saatını onlar sükan arxasındadılar. Onlar sükan arxasında qidalanır, orada xəyallar qurur, orada dünyanı düşünürlər. 13 saatlıq gərgin əməyə heç bir əsəb sistemi davam gətirə bilməz. Normalda bu adamlar 7 saatdan da az işləməlidirlər. Yaxşı istirahət edib təkrar işə dönməlidirlər. Onların heç biri olmayanda isə biz bu zümrə ilə soyuq müharibə şəraitindəyik.
Sonda isə keyfiyyətsiz məhsul satışı barədə. Deffekt hökumət keyfiyyət barədə danışanda ancaq bizə təbəssüm etmək qalır. Mənim qorxum ondandır ki, bu qanunu əsas tutub, yeganə milli istehsalçı olaraq qalan bostan-tərəfəz məhsulu yetişdirənləri cəzalandırsınlar. Yoxsa, kimin nə həddi var ki, bizdə “Azersun”a, “Gilan”a “gözün üstə qaşın var” desin?!