Bu yazını çoxdan yazmaq istəyirdim. Hər dəfə də bir çoxlarının yanlış anlayacağını, quru təsəlli kimi qəbul edəcəyini düşünüb vaz keçirdim.
Amma bunlar Bakını 2020 yay olimpiya oyunlarına namizəd göstərəndən sonra tez-tez qarşılaşdığım bir sual məni illərdir içimdə gəzdirdiklərimi yazmağa məcbur etdi. O sual belədir: “Bunların fikri nədir, 2020-yə qədər hakimiyyətdə qalmaqmı?”
Əslində, başqa vaxt da buna oxşar sualları çox eşidirik. Onların hamısını ümumiləşdirən isə “Bu rejim nə vaxt çökəcək?” sualıdır.
Tam səmimi deyirəm: mən 2003 seçkilərindən sonra artıq bu barədə düşünmürəm. Bəli, həmin vaxt çoxları kimi mən də depressiyaya düşmüşəm, ümidsizliyə qapılmışam. Amma hər ziyanda da bir xeyir var. 2003 hadisələrinin depressiyasını üzərimdən oxuduğum çoxsaylı kitablar və baxdığım filmlər vasitəsilə atdım. Torodan tutmuş Sartradək xeyli nəhəngləri yaxından tanıdım. Tarantinonu özüm üçün kəşf etdim. Afrika və Latın Amerikası diktatorlarının həyatını dərindən öyrəndim. Bütün bunlar mənə Azərbaycandakı situasiyanı, ümumiyyətlə isə aparılan mübarizənin mahiyyətini və məqsədlərini daha dəqiq və soyuqqanlı müəyyənləşdirməyə, qiymətləndirməyə kömək etdi.
Və odur-budur, “bu rejim nə vaxt çökəcək?”, “biz nə vaxt qalib gələcəyik?” kimi suallar məni çox da düşündürmür. Bunlar artıq mənim üçün həyati suallar deyillər. Mən bu suallara cavab axtarışında deyiləm, belə bir axtarışı da vaxt və enerji itkisi sayıram.
Çünki oxuduğum kitablardan, baxdığım filmlərdən bunu anladım: bu rejimin getdiyi yolun sonu yoxdur. Daha önəmlisi isə biz haqlıyıq! Bizim uğrunda mübarizə apardığımız dəyərlər bəşəriyyətin nicatı, xilası olan dəyərlərdir. Insanlığın üzağlığıdır. Gerisi? Gerisi təfərrüatdır artıq.
Biz elə dəyərləri müdafiə edirik ki, onlar əvvəl-axır qalib gəlirlər. Onları məğlub etmək nə neft buruqlarının əlindədir, nə tankın-topun. Yetər ki, biz, bizdən əvvəl başlayan bu yolu getməyə davam edək. Onu mənzil başına çatdırmamaq faciə deyil, əksinə, faciə o olardı ki, bizdən sonra həmin yolu yürüyənlər tapılmasın.
Biz uğrunda savaşdığımız dəyərlərə səmimi qəlbdən bağlanaq, onlarla alver etməyək, onlara riyakar münasibət bəsləməyək, onlardan özümüzün və övladlarımızın karyerası, komfortu üçün istifadə etməyək, hər birimiz üzərimizə düşən vəzifəni ən dürüst şəkildə, layiqincə yerinə yetirək və…
Və sonrasını düşünməyək. Inanın ki, heç gözləmədiyimiz anda artıq qələbənin bizimlə olduğunu görəcəyik.
Bəzən deyirlər ki, ömrümüzü xərclədik, amma ortada hələ də bir şey yoxdur. Əvvəla, niyə yoxdur? Bizdən əvvəlkilərin başlatdığı yol qırılmadı, yol davam edir. Bunun özü də az göstərici deyil. Bunun özü də uğurdur, həm də ciddi uğurdur.
Ikincisi, guya ömrümüzü bu mübarizədən qiymətli nəyə xərcləyəcəkdik ki? Bəzən elələri müxalifətdə keçən günlərdən, illərdən şikayətlənir ki, sanki müxalifətçi olmasaydı, zülmə qarşı dayanmayasaydı, gedib “Nobel”-zad alacaqdı. Guya illərimizi bu mübarizəyə sərf etməyib başqa hansı işlə məşğul olsaq, içimiz bu qədər rahat, anılarımız bu qədər zəngin, həyatımız bu qədər anlamlı olacaqdı ki? Bəlkə ömrümüzü müxalifətçiliyə yox, avtoşluğa həsr etməli idik? Yoxsa, tamada olsaq, bundan mənalımı sayılacaqdı ömrümüz?
Hər kəs özü-özlüyündə bu suallara cavab axtarsa, “biz nə vaxt qalib gələcəyik?” sualı üzərində düşünməyin nə qədər gərəksiz olduğunun da fərqinə varacaq. Başa düşəcək ki, biz haqlı olmağımızla artıq qalib gəlmişik. Bu gün Ilham Əliyevin, onun korrupsioner, sümürücü, zalım rejiminin yanında olmamaq özü artıq bir qələbədir. Siyavuş Novruzov, Çingiz Qənizadə olmamaq da bir qələbədir, bir uğurdur həyatda. Populizm deyil bu. Özünətəsəlli də deyil. Mən bunu bütün varlığımla inanaraq söyləyirəm.
Yeri gəlmişkən, inanmaq özü də bir qələbədir.