Hindistan və Gürcüstandan sonra Tailandda da yəhudi diplomatlara qarşı terror aktına görə Tehran günahlandırıldı
Tailandın paytatxı Banqkok şəhərində fevralın 14-də 4 nəfərin yaralanması ilə nəticələnən partlayışları Iran vətəndaşlarının törətdiyi məlum olub. Tailand hökumətinin açıqlamasına görə, olayları törədənlərdən 3-ü Iran vətəndaşıdır. Onlardan 28 yaşlı Səid Muradi elə həmin gün Banqkokda törətdiyi partlayışda iki ayağını itirib, Məhəmməd Xəzai adlı şəxs hava limanında həbs olunub, Məsud Sədaqətzadə adlı şübhəli isə artıq Malayziyaya qaçıb və orada gizləndiyi ehtimal edilir.
Qeyd edək ki, Tailandda partlayışlar Hindistanda və Gürcüstanda Israil diplomatlarına qarşı sui qəsddən bir gün sonra baş verib.
Tailand hökumətinin açıqlamasında bildirilir ki, həmin şəxslər Israilin Tailanddakı diplomatlarına qarşı terror həyata keçirmək niyyətində olublar və bu məqsədlə diplomatların avtomobillərinə bomba yerləşdirmək istəyiblər: “Lakin əllərində kifayət qədər təchizat olmadığından məqsədlərinə nail ola bilməyiblər. Onların yaşadığı mənzildə bəzi partlayıcı maddələr və bomba istehsalında istifadə olunan qurğular aşkarlanaraq götürülüb”.
Israilin Tailanddakı səfiri Itsak Şoham da Banqkok partlayışlarını törətməkdə şübhəli bilinənlərin Gürcüstan və Hindistandakı terror aktlarını təşkil edənlərlə “eyni şəbəkə”dən olduğunu söyləyib. Diplomat partlayışlardan sonra əldə olunan sübutların, partlayıcı maddələrin Hindistan və Gürcüstandakı hücumlarda istifadə olunan bombalara oxşadığını deyib. Itsak Şoham hər üç ölkədə yəhudi diplomatları hədəf alan terror olaylarının arxasında Iranın dayandığını bəyan edib.
Israilin müdafiə naziri Ehud Barakın sözlərinə görə, rəsmi Təl-Əviv Banqkokda törədilən partlayışların arxasında Iran hökumətinin dayandığını bilir və bunun qisasını alacaq. Rəsmi Tehran isə terror olaylarını pisləyərək, partlayışlara görə ona ünvanlanan ittihamları rədd edib.
Informasiya şöbəsi