”Rüfət barədə ”qiyamçı müstəntiq” ifadəsini işlətməkdən çəkinmirlər”
“Zakir Qaralovun oğlum Rüfətlə bağlı amansız mövqe seçməsi təkcə onun özünə bağlı bir məsələ deyil”
Xəbər verdiyimiz kimi, Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov barəsində açılmış istintaq işinin müddəti uzadılıb.
Rüfət Səfərovun atası, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlu oğlunun barəsində başlanılmış istintaq işinin uzadılmasına münasibət bildirib.
E.Sabiroğlu bildirib ki, Rüfətin istintaq işinin yenidən 3 ay müddətinə uzadılması onda təəccüb doğurmayıb:
“Təxminən bu cür təsəvvür edirdim və bilirdim ki, məsələ asanlıqla öz həllini tapmayacaq. Ona görə də oğlum Rüfətlə bağlı prokurorluğun gəldiyi nəticəyə təbii baxıram. Prokurorluq sisteminin fəaliyyətində olan bu “peşəkarlıq” təkcə Rüfətin yox, çoxlarının üzərində sınanılmış təcrübə kimi tətbiq edilib. Bu səbəbdən onların qərarı istisna hal kimi diqqəti cəlb edə bilməz. Ancaq məsələnin başqa bir tərəfi də var ki, ondan yan keçmək mümkün deyil. Sual olunur ki, bu yoxlama testləri nə üçün aparılır? Hər şeydən əvvəl belə uzatmalarla təqsirləndirilən şəxsi asılı vəziyyətdə saxlamaq məqsədi güdülür ki, bu da bizim Baş Prokurorluqda ən “mütərrəqi” və “ədalətli” yol hesab olunur. İnanın ki, çox biabırçlıqdır, qanuna hayqırı olmaqla, mənəvi işgəncənin bir forması təsiri bağışlayır. Tamamilə qeyri-qanuni, əsası olmayan, öyrədilmiş adamları üzə dayandırmaqla belə kəskin qərar qəbul etmək Respublika Baş Prokurorluğunun özünə hörmət gətirmir. Bunu mənim oğlumdur deyə söyləmirəm. Adətən, bir çox hallarda vəziyyətə, situasiyalara baxılaraq qərarlar qəbul edilir ki, bunun da hüquqla heç bir əlaqəsi yoxdur. Mən bunun açmasını vermirəm və üzərində dayanmağı da ona görə məqbul saymıram ki, onsuz da bir mənası yoxdur”.
Sabiq deputat Rüfət Səfərovun istintaq işini dünya istintaq praktikası ilə də müqayisə edib:
“Bəzən müqayisələr aparır, hüquq sistemimizin beynəlxalq örnəklərə və qaydalara uyğunluğu barədə danışırıq. Əslində isə mənzərə tamamilə başqa mətləbləri ortaya qoyur. Bir də görürsən ki, adi bir işin istintaqı aylarla sürdürülür. Buna gülüş doğuracaq bir misalı nümunə kimi göstərmək istəyirəm. Hamımıza məlum olan Rza Zərrabın milyardlarla ölçülən cinayətilə bağlı ABŞ-ın prokurorluq orqanlarının qərarına diqqət yetirməyinizi vacib sayıram. Prokuror bu cür ağır işin istintaqını bir aya bitirib məhkəməyə göndərdi. Bizdə isə qeyri-qanuni və uydurma olsa da 1700 manatlıq rüşvət alma maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçib sonradan məhkəmə qərarı ilə ev dustaqlığına göndərilən sabiq müstəntiq Rüfət Səfərovun istintaqı isə hələ bundan sonra aylarla davam edəcək. Gülünc doğurur. Bu cür yarıtmaz və ədalətsiz istintaqın nə qədər prokurorluq istintaqına başucalıq gətirəcəyini düşünmək gərəkdir. Təsir altında bu cür qərarların çıxarılması ədaləti, haqqı heç bir vəchlə bərpa edə bilməz. Hörmətli Zakir Qaralovun oğlum Rüfətlə bağlı amansız mövqe seçməsi təkcə onun özünə bağlı bir məsələ deyil…”
E.Sabiroğlu oğlu barəsində mətbuatda “qiyamçı müstəntiq” ifadəsinin işlədilməsinə də etiraz edib: “Rüfət sözünə görə istintaqa cəlb olunub. Bəzi KİV-lərin qeyd etdiyi kimi, o hansısa qiyamla məşğul olmayıb. Ancaq çox təəssüflər olsun ki, “qiyamçı” sözünün mənasını dərk etsələr belə, Rüfət barədə “qiyamçı müstəntiq” ifadəsini işlətməkdən çəkinmirlər. O, hansı mütəşəkkil üsyana, hakimiyyətə qarşı silahlı çıxış etməyə insanları səsləndirib? Belə çıxır ki, söz, mövqe, fikir ortaya qoymaq üsyan deməkmiş…
Bir sözlə, istintaqın avqust ayınadək uzadılmasına əsaslı bir səbəb olmasa da Baş Prokurorluğun belə bir addım atmasını doğru münasibət bilmirəm. Bu cür fəaliyyətlə insanlara, onların ailələrinə əzab verilməsi və bundan bəzilərinin çox xoşhal olması acı təəssüf doğurur. Rüfət atmış olduğu addımla müqayisədə çox ağır bir təqibə məruz qalmaqdadır. Eybi yox, fəaliyyətlərini davam etdirsinlər. Hər nə qədər ağır olsa da Rüfətə heç bir məsləhət, tövsiyə verməyəcəyəm, uşaq deyil, atdığı addımın məsuliyyətini dərk edib, buna uyğun da tərzini təyin etsin”. (Moderator.az)