Sahib Məmmədov: «Bakıda koordinasiya çox pisdir»
Aramsız yağan qar, kəskin şaxtalı hava tək Bakıda yox, respublikanın bütün regionlarında həyatı dözülməz edib. Ölkədə yollardan tutmuş, kommunal xidmətlərə qədər az qala, hər şey iflic vəziyyətdədir. Lakin hökumət vəziyyəti normallaşdırmaq, bu kritik günlərdə əhalinin işini asanlaşdırmaq üçün demək olar ki, heç nə etmir. Halbuki, məsələləri nizama salmaq üçün fövqəladə bir qərargah yaratmaq olardı.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, problemin həlli üçün dövlət orqanlarının xüsusi qurum yaratmasına elə bir ehtiyac yoxdur. Elə mövcud imkanlar çərçivəsində də xeyli işlər görmək mümkündür: “Bunun üçün Fövqəladə Hallar Nazirliyi var və bu nazirlik işi öz üzərinə götürməlidir. Respublika əhəmiyyətli yollarda onun struktur bölməsi olmalıdır. Bakı şəhərində həmişə ”qış qarajı” adlanan yer olub və orada bu məqsədlər üçün müvafiq texnika saxlanılıb. Bildiyim qədər, orada müasir standartlara cavab verən bütün zəruri texnika, həmçinin qum, duz tədarükü də var. Sadəcə, bundan səmərəli istifadə etmirlər. Əvvəllər yolların kənarlarına qum qutuları qoyurdular, indi onları yığışdırıblar. Ola bilər bu, estetik baxımından doğru addımdır. Amma bunun başqa formasını da fikirləşmək olardı”.
Sahib Məmmədovun sözlərinə görə, bu məsələlərin kurasiyası ilə Fövqəladə Hallar Nazirliyi məşğul olmalıdır: “Bu, əslində, birbaşa onların işinə aiddir. Respublikanın inzibati rayonlarında bu iş daha yaxşı təşkil olunur, nəinki Bakı şəhərində. Televiziya reportajlarından bunu görmək olur. Bakıda bu iş çox pis təşkil olunub. Bu da idarəetmə ilə bağlıdır. Müxtəlif idarələrə tapşırılıb, onlar da bir-birinə tabe olmayan qurumlardır. Bakıda koordinasiya çox pisdir. Hesab edirəm ki, hazırkı hava şəraiti ilə mübarizə aparmaq üçün imkanlar var. Sadəcə, o imkanları düzgün səfərbər etmirlər”.
Gültəkin