İcra başçısının kabineti və maliyyə şöbəsinin yanması ilə bu məsələ arasında əlaqə varmı?
Son bir neçə həftə ərzində Göyçayda müəmmalı olaylar baş verir. Əvvəlcə icra başçısı Mənsur Məmmədovun kabinetinin yandığı barədə məlumat yayılır. Daha sonra xəbər gəlir ki, Mənsur Məmmədov Kislovodskda istirahətdə olarkən ölümcül döyülüb. Ardınca Qazıməmməd-Qazax qaz kəmərinin Göyçay ərazisindən keçən hissəsində partlayış baş verir. Nəhayət, rayon maliyyə şöbəsinin binasının yanması barədə məlumat yayılır.
Bu hadisələrin hamısının bir-birilə əlaqəli olduğunu deyə bilmərik. Lakin “Azadlıq”a daxil olan məlumatlara görə, xüsusilə iki hadisə – Mənsur Məmmədovun kabinetinin və maliyyə şöbəsinin yanması arasında əlaqə var. Məlumatlarda iddia olunur ki, icra başçısı müdhiş bir maxinasiyanı ört-basdır etməyə çalışır. Bu maxinasiya taxılla bağlı həyata keçirilib. Iddialara görə, Mənsur Məmmədov ifşa ediləcəyindən ehtiyatlanaraq qabaqlayıcı tədbirlər planlayıb. Bu plana kabinetinin və maliyyə şöbəsinin binasının yandırılması da daxildir. Lakin icra başçısı maxinasiyanı ört-basdır edə bilməyib. Məsələ barədə müvafiq dairələrdə müəyyən məlumatlar var. Lakin Mənsur Məmmədovun xalası oğlu nəqliyyat naziri Ziya Məmmədov məsələnin ictimailəşməməsinə çalışır.
Biz isə həmin maxinasiyanın təfərrüatlarını öyrənmək üçün araşdırmalarımızı davam etdiririk.
İnformasiya şöbəsi