Qafqazın ən güclü ölkəsiyikmiş, analoqsuz inkişaf edirikmiş, infrastruktur yenilənirmiş, Bakı dünyanın böyük şəhərləri ilə rəqabətə girirmiş… Bu yalanlarla Ilham Əliyev və onun komandası özlərindən başqa bir kimsəni aldada bilmədiklərini dərk edirlərmi?
Dörd gündür su gəlmir, borular donub. Birinci günü boruları donmayan qonşulardan su götürməklə yola verdik; şaxtanın ikinci günündən isə bütün bina və məhəllə bir qurtum su üzünə həsrətdir.
Qohumlarda da vəziyyət belədir, dost-tanışlarda da. Qar yığıb əritməklə neçə gün yaşamaq olar? Heç qar da qalmayıb axı!
Cəmi 2 dərəcəlik şaxta Bakını iflic etdi, həyat büsbütün dondu. Qəribəsi bilirsinizmi nədir? Bir milyard dolları Oğuzdan Bakıya qədər 262 kilometrlik yola səpələyib paytaxtı fasiləsiz su ilə təchiz etdiyini deyən, infrastrukturun yenilənməsinə ətək-ətək neft pulları “xərcləyən”, kommunikasiya sistemini “təzələyən” hakimiyyətdən insanlar heç nə ummur, kimsənin ağlından əhalini bir qaşıq suya həsrət qoyan bu Yezid övladlarına etiraz etmək keçmir. Əksinə, hamı “gözlənilməyən” şaxtanın gətirdiyi “bəlanı” aradan qaldırmaq üçün ümidini Allaha bağlayıb.
“Gözlənilməyən”i də elə deyirlər ki, guya yayın cırhacırında şaxta düşübmüş və dövlət qurumları buna hazır deyillərmiş. Qışın oğlan çağında, kiçik çilənin başlanğıcında nə gözləyirdiniz ki, şaxta sizinçün gözlənilməz oldu?
Ümid hər zaman Allahadır, söz yox! Ancaq seçki saxtalaşdırılırsa, evin başına uçurulursa, ölkən talan olunursa, niyə səsini çıxarmamalısan? Nə vaxta qədər öz missiyanı fövqəlgücün üstünə yıxacaqsan? Allah sənin yerinə seçkiyə getməlidir ki, səsini saxtalaşdırmasınlar, yoxsa, evini başına uçuran traktorun qabağına keçməlidir? Allah – Bakı meridi yolları təmizləsin, yoxsa “Azərsu”du boruların qışda donmaması üçün tədarük görsün?
Əmanətlər qaytarılsa, iqtisadiyyat “çökər”
Hökumət rəsmən bəyan edir ki, Sovet dövründən banklarda qalan əmanətləri qaytarmaq üçün 1,9 milyard vəsait lazımdır. Layihə hazırlanır ki, bu vəsait əhaliyə hissə-hissə, 6 il müddətində qaytarılsın. Çünki birdən qaytarılsa, ölkə iqtisadiyyatına mənfi təsirləri ola bilər.
Qusardakı mənasız bir kompleksə 4 milyard sərmayə qoymaq, süni adalar yaratmağa 100 milyard xərcləmək, Neft Şirkətinin binasına, Alov qüllələrinə milyardlar səpələmək ölkə iqtisadiyyatına ziyan vurmurmuş; ötən il çəkilən yol ötürücülərinin mərmər divarının üstündən bu il yenidən mərmər üzlük çəkmək, “əsaslı surətdə yenidən qurulan” binaları 3 aydan sonra “cari təmirə” bağlamaq, 30 il ömrü olduğu deyilən beton yolu iki ildən sonra təmirə saxlamaq ölkə iqtisadiyyatını dağıtmırmış, ancaq büdcənin 10 faizi, Ümumi Daxili Məhsulun 4 faizi miqdarında olan cəmi 1,9 milyard pulun əhaliyə verilməsi iqtisadiyyatı çökdürəcəkmiş. Çünki əhalidə pul kütləsi yaranacaqmış və bu da bazarlara təsir edəcəkmiş.
Bir milyona ayı yemək, adambaşına onlarla villa ucaltmaq dövriyyədə əlavə pul kütləsi yaratmır, ancaq əhaliyə verilən pul yaradır?
Səbəb çox sadədir: özləri ərəb şeyxinin avtomobilinə 2 milyon saya, cütdırnaqlı eşşəyə, yarışda dombalaq aşan ata, sala oturdulan katerə milyonlar xərcləyə bilərlər, amma xalq bir tikə çörəyə möhtac olmalıdır. Çünki bunlar millətin sərvətini oğurlayıb dağıtmağa, xalqa isə ağa qapısında bir qarın çörəyə işləyən qul, nökər, kölə kimi baxmağa öyrəşiblər.
“Öz alovunu yandır”…
“Eurovision-2012” mahnı müsabiqəsinin şüarını Azərbaycan dilindəmi yazıb ingiliscəyə tərcümə ediblər, ya tərsinə, bilmirəm. Bildiyim odur ki, şüar ana dilimizdə bu şəkildədir: ”Öz alovunu yandır”!
“Alovu yandırmaq” nə deməkdir? Alovu da yandırarlar? Bu boyda savadsızlıqla “milli mədəniyyəti”, “Azərbaycanın adət-ənənələrini” təbliğ edirsiniz?
Siz heç Azərbaycan dilində düşünə, şüar yaza bilmirsiz, bu mədəniyyəti necə təbliğ edəcəksiz?!