Hesablama Palatasının ortaya çıxardığı faktlar müşavirədə səslənən fikirlərlə ziddiyyət təşkil edir
Ilham Əliyevin sözləri yenə də havada qaldı. Daha doğrusu ölkə başçısının müşavirələrdəki alovlu çıxışları, tapşırıqları, hədələri yaralı barmağa məlhəm olmadı. Yəqin ki, hamının xatirindədir. Ölkə başçısı son 6-7 müşavirədə “işbazlar, korrupsionerlər, vəzifədən sui-istifadə edənlər cəzalandırılacaq”, “süni qiymət artımına yol verənlərə güzəşt edilməyəcək”, “harınlamış məmurlar və onların arxasında duranlara qarşı amansız olacağıq”, “israfçılığa qətiyyən yol verilmyəcək və hər manatın qədri bilinəcək”, “bütün sahələrdə şəffaflıq yarancaq” kimi vədlər verirdi. Rəsmi təbliğat da xalqı inandırmağa çalışırdı ki, prezident bu dəfə israrlıdır və bütün neqativlər aradan qalıdırılacaq.
Amma müşahidə etdiyimiz mənzərə tamam fərqlidir. Həm də bu eybəcər mənzərəni hansısa dünya mətbuatı, ölkə müxalifəti, müxalifətyönlü mətbuat ortaya çıxarmayıb. Hökumətin öz komandası, özlərinin yaratdığı qurum üzə çıxarıb. Belə ki, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat açıqlanıb. Sənəddə bir sıra dövlət qurumlarında aşkarlanan maliyyə pozuntuları əksini tapıb.
Məlum olub ki, “Azərsu”, ARDNF, “Azərpoçt” MMC, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK), müxtəlif Universitetlər, səfirliklər, Dövlət Sosial Müdafiə Fondu, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Bakı Şəhər Icra Hakimiyyəti və digər qurumlar ciddi nöqsanlara, maliyyə yeyintilərinə yol verilblər. Ümumiyyətlə, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabata nəzər salanda aydın görünür ki, heç bir sahədə şəffaflıq yoxdur və bütün sahələrdə yeyinti, oğurluq, vəzifə səlahiyyətlərin aşma halları var.
Yuxarıda da qeyd etdiyimiz kimi bütün bunlar rəsmi etirafdı. Əgər rəsmi etiraf budursa, əsl reallığın nədən ibarət olduğunu təsəvvür etmək çətin deyil.
Beləliklə, məlum olur ki, Ilham Əliyevin müşavirələrdəki tapşırıqları, göstərişləri, vədləri, hədələri sadəcə daxili auditoriyanı aldatmaq, görüntü yaratmaq üçündür. Faktiki olaraq birinci devalvasiyadan sonra elan olunmuş kursa əməl edilməyib. Bütün dövlət strukturlarında əvvəlki “ab-hava” davam edib və böhranlı vəziyyət də maliyyə xəyanətinə əngəl törədə bilməyib.
Əgər ölkə başçısı həqiqətən də fikirlərində səmimi olubsa, şəffaflığı prioritet hesab edirsə, adıçəkilən qurumların rəhbərləri vəzifədən azad edilməli, cəzalandırılmalıdır. Fakt budur ki, hədələrdən, barmaq silkələmələrədən sonra vəziyyət daha da pisləşib. Qənaət məsələsinə gəlincə, bu da müşahidə olunmayıb. Əksinə, SOCAR-ın Londonda böyük ziyafətlər təşkil etdiyinin, Heydər Əliyev Fondunun Vatikandakı xeyriyyə tədbirlərini davam etdirdiyini, ARDNŞ-nin rəhbərliyində təmsil olunanların dövlət maliyyəsi hesabına saysız-hesabsız villalar tikdirdiyinin və digər belə faktların şahidi olmuşuq.
Xülasə, Hesablama Palatasının hesabatı və müşahidə etdiklərimiz göstərdi ki, ötən müddət ərzində heç bir müsbət nəticə əldə olunmayıb, işbazlar, harınlar, möhtəkirlər, natəmizlər “fəaliyyət”lərini davam etdiriblər.
Samir