Mənim “hədiyyəlik” kəndim

saadet-cahangir-koseSəadət Cahangir

Bəzən dünyanın bütün yolları kiçik bir kəndin yolları qədər iz buraxmaz insanın həyatında. Heç xatirəyə dönmüş o xoşbəxt günlərin bircəsini belə yaşada bilməz. Illər keçər, amma  ömrün çox-çox uzağında qalmış o xatirələr gözlərindən qopub düşməz. On illərin üst-üstə yığılmış şəkilləri arasından yenə onlara baxmaq, onları xatırlamaq, onlara gülümsəmək istər insan. Zaman-zaman bir filmin kadrları kimi keçər hər şey gözlərinin önündən. Uzaq bir ağacın altında, xoşbəxt bir evin bağçasında, bir quşun yuvasında, bir çayın sahilində qalmış illərin hekayələri, adamları, quşları, böcəkləri, mahnıları, oyunları yaddaşında təptəzə, canlı, rəngli və işıqlı durar eləcə. Yaşandıqca köhnəlməz, saralmaz, rəngini dəyişməz bu bənzərsiz “lent yazıları”. Hər dəfə çevirdikcə gözün işıqlanar, könlün gülümsəyər, ruhun təzələnər. Uzaqlığın, əlçatmazlığın, ayrılığın hüznü belə kölgə sala bilməz içindəki işığın üstünə…

Mənim xəyallarımda da “yolları davaya getmiş” belə bir kənd var. Həyatımın ən yaşıl mövsümünü, ən rəngli parçasını yaşadığım, sonra qəfil bir qasırğaya uçub getmiş, öldüsü-qaldısı bilinməyən bir kənd. 23 ilin uzağında tək-tənha qalıb nəfəsi yanan, tüstüsü təpəsindən çıxan, qəlbi parça-parça olan o kəndi bir daha görmək üçün nələr verməzdim. Dən tutan qızılı zəmilərin, günəş tablosu kimi günəbaxan tarlalarının, yamyaşıl tütün sahələrinin qoxusunu ciyərlərimə çəkmək üçün nələrdən keçməzdim. Yayının atəş saçan günəşində qapqara yanmaq, qışının qan donduran sazağında qar keyfini çıxarmaq, yazının çiçək dənizində boğulmaq üçün hansı tikanlı yolları ayaqlamağa razı olmazdım…

Yaşanmış həyatımın ən gözəl tablosudur o kənd, bənzərsiz, əvəzsiz, qiymətsiz bir tablosu. Xəyallarımda, yuxularımda, xatirələrimdə qalmış olsa belə, dünyanın bütün sənət incilərindən daha canlı, daha işıqlı, daha dəyərlidir. Qanlı müharibələrdə qənimət olaraq ələ keçirilmiş ən bahalı rəsm əsəri kimi durur o sehrli məkan xatirələrimin içində. Indi o amansız müharibənin, işğalın əsas səbəbkarı ortaya düşüb həmin tablonu auksiona çıxarmaq istəyir. Satış şərtlərini, qiymət dərəcəsini, alıcı auditoriyasını da özü müəyyən edir. Bəli, bu gün torpaqlarımızın 20 faizini işğal edib, 23 ildir mənim o gözəl kəndimi də süngüyə keçirən Rusiya indi sülh mələyi roluna girməyə çalışır. Illərdir minlərlə insanımızın qanına bais olan bu şeytan hələ utanmadan gəlib masamızın başında oturub bizə sülh nağılı danışır. Mən bu qaniçən, şovinist ruhlu adamlara nəinki inanmıram, onların heç bir “hədiyyəsini” də istəmirəm. O “hədiyyə” mənim xəyallarımın bənzərsiz tablosu, gözəl kəndim olsa belə…

“Beş rayon” planını yenidən gündəmə gətirməkdə niyyəti nədir Rusiyanın? Bunu təxminən hamımız bilirik. Hamımız bilirik ki, bizdən qopardığını bizə minnət qoymaqla qaytarmaq söhbətini ortaya atan bu ilanın dişinin dibindəki zəhər başqadır. Bilirik ki, quyruğu qapıda qalan bu ilan özünü ora-bura çırparaq xilas olmaq istəyir, amma şovinist və çirkin niyyətlərindən də əl çəkmək fikrini yerə qoymur. Köhnə ağalıq havası başında oyunu oyuna calayıb durur. Rusun çirkin niyyəti bəllidir: mən erməni loqosu altında gizlənib işğal etdiyim 5 rayonu sizə qaytarıram, siz də qalan torpaqlardan gözünüzü çəkin. Ay sənin özün öləsən! Bu qədərmi ağıllı və hiyləgərsən? Daha keçməz belə oyunlar. Bizim halal torpağımızı işğal edib sonra onu özümüzə satmaq istəyin ürəyində qalacaq. Biz öz torpaqlarımızdan vaz keçməmişik. Tez-gec onu geri alacağıq. Nəyin bahasına olursa-olsun, alacağıq. Sənin arxa durduğun köpəkləri də bu torpaqlardan qovub çıxaracağıq. Həm də bir daha geri dönməmək üzrə…