xaqaniquzeyli@gmail.com
“Vətənpərvərlik” əclafların son sığınacağıdır.
(Samuel Conson)
Əliyevlər rejiminə qarşı barışmaz müxalifətdə olan AXCP və onun liderinin Azərbaycan Ordusunun Qarabağda bütün cəbhə boyu hücum əməliyyatlarını alqışlaması və dəstəkləməsi ölkə daxilindəki bəzi qüvvələri çox narahat etməyə başladı.
Sivil ölkələrdə prezident və yaxud da hər hansı hakimiyyət sözçüsü heç dəxli olmayan tədbirdə belə epizodik də olsa, bu jestə görə təşəkkür edir. Qardaş Türkiyənin timsalında biz dəfələrlə bunun şahidi olmuşuq.
Oxşar dəstək erməni zabitini qətlə yetirməkdə ittiham edilərək ömürlük həbsə məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azad edilməsi zamanı da olmuşdu. AXCP-nin bu məsələdə mövqeyi də hakimiyyətin mövqeyi ilə üst-üstə düşmüşdü.
1992-93-cü illərdə on minlərlə üzvü şəhid olmuş bir partiya üçün Qarabağın azad edilməsi bütün siyasi ambisiyalardan yüksəkdə durur. AXCP bunu dəfələrlə atdığı addımlarla sübut edib və inanıram ki, bu həmişə belə olacaq. Istər-istəməz belə bir sual meydana çıxır, AXCP-nin mövqeyi kimi narahat edir. Maraqlı sualdır, deyilmi?
Ilk olaraq bu mövqedən ermənilər narahat olmağa başladılar. Və təsadüfi deyil ki, düşmən ölkənin ən böyük saytı Armenia.today saytı, müxalifət lideri Əli Kərimlinin və Azərbaycanın müdafiə naziri Zakir Həsənovun fikirlərinə istinad etdi. AXCP lideri hakimiyyətə “mümkün qədər çox əraziləri düşməndən təmizləyək”, müdafiə naziri isə… “Milli Orduya Xankədini də vurmağa başlayın” əmri verə bilərəm” deyirdi…
Ermənilər doğrudan da narahat olmağa başlamışdılar. Zarafat deyildi, Qarabağ məsələsində hakimiyyətlə müxalifətin fikirləri üst-üstə düşürdü…
Paralel olaraq, Bakıda da… bir narahatçılıq (!) duyulurdu, amma ilk günlər kimsə cəsarət edib, sükutu pozmağa cəsarət etmirdi. Bu mövzuda kimisə tənqid etmək, ortalığı qarşıdırmaq təhlükəli idi. Çünki Əli Kərimlini necə ittiham etməzdən öncə, müdafiə naziri Zakir Həsənovu yıxıb-sürümək lazım gəlirdi. Ilk baxışdan bu, yerinə yetiriləsi mümkün olan missiyaya bənzəmirdi.
Bəlkə də sizə qəribə gələcək, bu heç “hədəf Əli Kərimlidir!” məsələsinə də oxşamır. Bu, Azərbaycan hakimiyyətində və iqtisadiyyatında nüfuz sahibi olan ermənipərəst qüvvələrin əməyinin məhsuluna bənzəyir…
Qarabağ məsələsində müxalifətin Milli Ordumuzu dəstəkləməsindən narahat olanların başında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun gəlməsi heç də təsadüfi deyildi.
Rauf Arifoğlu ilk yazısında birbaşa şantaja keçməyə cəsarət etmədi. Birinci yazısında ünvan müxalifət idi – yazıdan belə çıxırdı ki, AXCP sədri Qarabağ məsələsində tutduğu mövqe ilə müxalifət lideri kroslosunu təhvil verdi. Ictimai qınaqdan ehtiyat baş redaktor hətta ironik şəkildə onun bu addımını təqdir edirdi. Bu həm də bir nəbz yoxlaması idi. Digər tərəfdən, çox güman ki, bu yazı yuxarıda bəhs etdiyim maraqlı qüvvələri qane etmədi. Dərhal ikinci yazı gəldi. Bu dəfə Əli Kərimlini Zakir Həsənovdan “ayırdılar” və erməni saytının yuxarıda bəhs etdiyim sitatı heç ermənilərin ağlına gəlməyəcəyi şəkildə yozulmağa başladı.
“Yeni Müsavat” yazdıqlarına inansaq, o zaman gərək prezident Ilham Əliyevlə müdafiə naziri Zakir Həsənov arasında bu dialoqu da mümkün sayaq. Qısa söhbət təxminən belə alınmalıdır:
Ilham Əliyev: – Zakir, 18-20 yaşlı uşaqları qeyri-bərabər döyüşə atmaq əmrini kimdən aldın?
– AXCP sədri Əli Kərimlidən, cənab prezident!
Bax belə, əziz oxucu!.. Belə bir arxaik təfəkkürlü qələm sahibinə Novxanıda dəyəri bir neçə milyonluq, 4 mərtəbəli malikanə bağışlayan nazirin və onun təmsil etdiyi hakimiyyətin halını özünüz düşünün…
O ki qaldı Əli Kərimlinin evinin qarşısında təşkil edilən iyrənc aksiyalara.., mən buna ermənilərə dəstək aksiyası deyirəm. Məntiqlə bu aksiyalar müdafiə naziri və prezidentin, eləcə də erməni mətbuatının sitat gətirdiyi bütün rəsmilərin evlərinin qabağında təşkil edilməlidir.
Son günlər baş verənlər acı bir həqiqəti ortaya qoydu. Ölkədə Qarabağın işğaldan azad olunmamasını istəyən və hakimiyyətin ən müxtəlif eşalonunda təmsil olunan qüvvələr var. Onlar ölkəni istənilən təslimçi sazişə sürükləməyə hazırdırlar.
Eldar Mahmudov və dəstəsini xatırlayın…