Əli Kərimliyə qarşı təxribat etirazlara səbəb oldu
AXCP sədri Əli Kərimlinin evinin qarşısında hakimiyyətin “etiraz aksiyaları” təşkil etməsi cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən etirazla qarşılanıb. Belə həssas məqamda müxalifət liderinə qarşı təxribat sosial şəbəkə istifadəçləri tərəfindən də sərt tənqid edilib və Əli Kərimliyə dəstək ifadə olunub.
Həmçinin AXCP liderinə qarşı təxribata cavab olaraq bir qrup cəbhəçi gənc də onun evi önündə toplaşıb, dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, Əli Kərimliyə kampaniya qarşı təkcə “aksiya” şəklində aparılmır. Hakimiyyətin nəzarətində olan KIV-lər, xüsusilə “Yeni Müsavat” da AXCP-yə qarşı kampaniyanın önündə gedir. Hökumətin bu qəzetində Əli Kərimli barədə dərc edilən donos-məqalə də ciddi etiraza səbəb olub.
“Brejnev dövrünün naftalin iyi verən texnologiyaları…”
Sosial şəbəkələrdə tanınmış ictimai-siyasi fəalların yazdıqlarını təqdim edirik:
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli: “Hakimiyyət 2013-cü ildə mənə qarşı iyrənc mətbuat konfransı keçirib oğlumu əlimdən almaq istəyəndə küçədə tanımadığım insanlar məni saxlayıb dəstəyini, sevgisini ifadə edirdi. Tanımadığım qonşularım qapımı döyüb ”sizinlə fəxr edirik, bizə görə nə qulluq?” deyirdi. Bu hakimiyyət bu millətdən olmadığı üçün onun ləyaqətinə, qeyrətinə, mərdliyinə də bələd deyil.
Dünən Əli Kərimliyə qarşı iyrənc aksiya təşkil ediblər. Əli bəyin yazdığı cavab statusuna bir günün içində 15 min bəyənmə gəlib. Bir gün ərzində səhifəsini bəyənənlərin sayı 3 min nəfər artıb. Dünən Əli bəyin tərəfdarı olmayan və onu fb-da təqib etməyən bir rəfiqəm zəng vurub deyir ki, “bu aksiyadan sonra Əli bəyin statuslarını oxudum, adam nə qədər intellektual, dərin, nöqtəsi-vergülünədək yerində, həqiqəti yazırmış”. Hətta Əli bəyin siyasi opponentləri belə ona qarşı olan bu iyrəncliyi lənətləyir, dəstəyini ifadə edirlər.
Brejnev dövrünün naftalin iyi verən texnologiyaları ilə hakimiyyət yalnız bu rüsvayçı nəticəni əldə edə bilərdi. Hakimiyyət anlamalıdır ki, artıq 21-ci əsrdir, texnologiya, sosial şəbəkələr əsridir. Indi hər fəal vətəndaş özü bir kütləvi informasiya vasitəsidir və bu şəraitdə insanları aldatmaq artıq mümkün deyil”.
“Bu yazı 37-ci ilin zəhmətkeş məktubu-qısqırtmasıdır”
Mühacirətdə olan siyasi fəal Eldəniz Yusibov: “Bu gün ”Yeni Müsavat” qəzetində “Azərbaycanın çatlaq səsi – Əli Kərimlini kim və niyə himayə edir…” başlıqlı 37-ci illərin donos ab-havasında yazılan məqaləni oxuyub çox təəssüfləndim. Heç bir mənəviyyata, əxlaqa uyğun olmayan bu məqalənin bilavasitə hakimiyyətin başında oturanlardan (Ə.Kərimlinin evinin qarşısında aksiya da daxil olmaqla) qaynaqlandığına da heç bir şübhəm yoxdur. Bu, mübarizə metodu deyil və bu “Yeni Müsavat”a başucalığı gətirən bir hal da deyil. Çox-çox təəssüflər.
Tanınmış ekspert İlham İsmayıl: “Bu yazı 37-ci ilin zəhmətkeş məktubu-qısqırtmasıdır. Zəhmətkeşlər tələb edir ki,”xalq düşməni” Sibirə sürgün olunsun, güllələnsin… Belə ruhda yazı 37-dən bəri ilk dəfədir ki, dərc olunur”.
“Bu cür iyrənc üsullardan istifadə edənlərin Xalqı parçalamaqdan başqa niyyətini görmürəm”
Tanınmış vəkil Aslan İsmayılov: “Xəbər lentimdə Əli Kərimlinin evinin qarşısındakı aksiyadan fotoları görəndə sanki başıma qaynar su tökdülər. Bunu heç gözləmirdim. Bilirsiniz ki, müxalifətlə, xüsusilə AXCP ilə vaxtaşırı ciddi problemlərim olur. Bütün bunlara baxmayaraq son günlərdə AXCP hakimiyyətlə mənim belə gözləmədiyim həmrəylik nümayiş etdirdi. ”Azadlıq” qəzeti hakimiyyətlə bağlı tənqidi yazıları arxa plana keçirdi, bütövlükdə cəbhədə gedən əməliyyatlara, ordumuza dəstək oldu. Bundan sonra “pavlik morozovlar”ı onun həyətinə qısqırtmaq ancaq bir məqsəd güdə bilər “qaşınmayan yerdən qan çıxartmaq”, milləti parçalamaq, üz-üzə qoymaq, millətin birləşməsindən qorxmaq. Şəxsən məndə bu hadisə ikrah hissi oyatdı. Doğrudanmı sizlərdə müqəddəs heç nə yoxdur? Bəlkə işiniz yoxdur? Birliyə ehtiyac duyduğumuz bir zamanda bu cür iyrənc üsullardan istifadə edənlərin Xalqı parçalamaqdan başqa niyyətini görmürəm”.
“Əli Kərimliyə qarşı iyrənc kampaniya “Yeni Musavat” qəzetindəki bir yazıdan başladı”
Əhrar Partiyasının sədri Vaqif Hacıbətli: “Ordumuza inanaq və dəstək olaq” şüarını ilk olaraq burada mən yazdım.Siyasi liderlərdən bu şüara ilk dəstək verən Əli Kərimli oldu.Mənim açıqlamamdan bircə saat sonra ordumuza açıq və birmənalı dəstəyini ifadə etdi,özü də bütün müxalifətin adından. Əslində, Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli həmin gərgin məqamlarda özlərini müxalifətçilər kimi deyil, əsl dövlət adamları kimi apardılar. Məhz onların sağlam siyasi mövqeyi ölkədə yarana biləcək panikanın qarşısını aldı, ictimai şüurun vətənpərvərlik ruhunda formalaşmasına ciddi təkan verdi.
İndi Əli Kərimli irticanın hədəfindədi. Təəssüflə qeyd etməliyəm ki,onun əleyhinə başlayan indiki iyrənc kampaniya “Yeni Musavat” qəzetindəki bir yazıdan başladı. Bu qəzetdə işləyən vicdanlı qələm sahibləri nəzərə alsınlar ki,qəzetin mövqeyi məndə ikrah doğurdu.
Məni heç kəs hansısa korporativ maraq naminə Əli Kərimlini müdafiə etməkdə suçlaya bilməz.Əli Kərimli barədə mənim tənqidi mövqeyim hamıya məlumdu.Amma son hadisələrdə o özünü ləyaqətli aparıb,ona qarşı təbliğat kampaniyasını təşkil edənlər isə ləyaqətsizliyə yol verirlər”.
“Bu hərəkət şəhidlərin ruhuna hörmətsizlikdir”
Tanınmış vəkil Osman Kazımov: “Millət şəhidini ağlayır. Hakimiyyət Əli Kərimlinin evi qarşısında mitinq keçirir. Ayıblar olsun sizə. Bu murdar gədələrin şəklini hamınız paylaşın”.
Tanınmış vəkil Qurban Məmmədlov: “AXCP sədri Əli Kərimliyə qarşı edilən bu iyrəncliyin ideya müəllifi də, icraçısı da mənən pozğun, əqlən qüsurlu adamlardır. Məqsədləri isə Vətən müharibəsini vətəndaş qarşıdurmasına çevirib bulanıq suda balıq tutmaqdır. Bu hərəkət Azərbaycan dövlətinə və xalqımıza qarşı düşmənçilik, şəhidlərin ruhuna hörmətsizlikdir. Mən Əli Kərimlini və tərəfdarlarını səbrli olmağa, bu iyrəncliyə heç bir formada reaksiya verməməyə çağırıram. Cavabı millət verəcək!”
“Əli Kərimli döyüş gedən günlər ərzində ən prinsipal mövqe sərgiləyib”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli: “Hakimiyyət AXCP sədri Əli Kərimlinin evinin qarşısında YAP-çı gənclərdən ibarət ”etiraz aksiyaları” təşkil etdirməyə başlayıb. Etirazlar guya Əli Kərimlinin Qarabağ bölgəsində son döyüşlər zamanı “Facebook” səhifəsində paylaşdığı statuslarla bağlıdır. Baxmayaraq ki, Əli Kərimli həmin statuslarında birmənalı şəkildə Azərbaycan ordusuna dəstək verərək, yaranmış imkanı fürsətə çevirməyi təklif edib. Ermənilərin törətdiyi bu təxribatdan istifadə edib, 20 ildən artıq düşmən tapdağı altında qalan əraziləri işğaldan azad etməyə çağırıb. Rusiyanın vasitəçiliyi ilə Kremldə atəşkəs müqaviləsi imzalanandan sonra isə hakimiyyətin bu addımını tənqid edib. Əgər Əli Kərimlinin statuslarını ardıcıl olaraq izləsək, görərik ki, O, bir siyasi fiqur, bir partiya sədri, bir vətəndaş kimi döyüş gedən günlər ərzində ən prinsipal mövqe sərgiləyib. Atəşkəs pozulan gün – 2 aprel statusu baxın: “Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm. Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik? Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq!”
Əli Kərimlinin müdafiə olunmağa ehtiyacı yoxdur: çünki təmiz, zəngin və şərəfli bir bioqrafiyası var. Birinci Qarabağ savaşında hələ tələbə ikən hüquq fakultəsində təhsilini yarımçıq qoyub, Laçın və Qubadlının sərhəd kəndlərinin müdafiəsində yaxından iştirak edib. Tələbə hərəkatının lideri kimi Milli Azadlıq hərəkatına qoşulub. Azərbaycana Müstəqillik qazandıran bir təşkilatın – AXC-nin Məclis Sədri olub. Bu gün də demokratiyanın bərpası uğrunda mübarizə aparan təşkilatın – AXCP-nin sədridir”.
“Hər hansı uğursuzluğu müxalif liderinin ayağına yazmaq gerizəkalılıqdır”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev: “Deyir fərsiz oğul dayısından oğurluq edər. Bizim bir qrup gəncimizin və onları idarə edənlərin torpaqlarımızı işğal edən Ermənistana, işğalçını silahlandıran Rusiyaya, ona dəstək verən fars şovinizminə söz deməyə gücləri, cəsarətləri çatmır, gedib AXCP sədri Əli Kərimlinin evinin qarşısında aksiya keçirirlər. ”Qarabağ bizimdir, bizim olacaq” deyirlər. Əvvəla, Qarabağı hansısa müxalifət liderinin evinin qarşısında tələb etmirlər. Digər tərəfdən adamdan soruşarlar bəyəm Əli bəy nə vaxtsa deyibmi ki, Qarabağ bizim deyil? Əksinə, son döyüşlər zamanı birmənalı şəkildə bildirdi ki, biz ordumuzun, xalqımızın, dövlətimizin yanındayıq. Partiya üzvlərinə və tərəfdarlarına çağırış etdi ki, döyüş ərzində ordumuzla bağlı hər hansı təftişçiliyə yol verməyək. Erməniləri beynəlxlaq səviyyədə ifşa edək. Onun bu çağırışını sosial şəbəkələrdə on minlərlə şəxs dəstəklədi. Müxalif partiya sədri bundan artıq nə etməlidir ki?!
Ölkədəki hər hansı uğursuzluğu müxalif liderinin evinin qarşısında axtarmaq, onun ayağına yazmaq ən yumşaq və mədəni şəkildə desək gerizəkalılıqdır. Və bu çox pis tendensiyanın göstəricisidir. Ölkədə qarşıdurmaya, rəqibi qurşaqdan aşağı vurmaq cəhdidir.
AXCP sədrinin evi önündə aksiya keçirən “vətənpərvərlər”ə demək lazımdır ki, gedin Əli Kərimlinin 2 apreldən üzü bəri Qarabağla bağlı yazdığı yazıları oxuyun. Yox, oxumaq istəmirsinizsə, içinizdə həqiqi erməni nifrəti, milli təəssüb hissi varsa, gedin Ermənistanı silahlandıran Rusiya səfirliyi önündə aksiya keçirin. Etirazınızı son döyüşlər zamanı Azərbaycanı təxribatda ittiham edən Rusiya mətbuatına bildirin. Eləcə də Putindən orden-medal alıb Rusiya mətbuatının Qarabağla bağlı şər-böhtanlarına göz yuman titullu məmurlarımıza etiraz edin. Intihara məcbur edilən Qarabağ qazilərinin, yaşamağa evi, dolanışığı olmayan, iş tapmayan şəhid ailələrinin haqqını tələb edin. Xalqımızın var- dövlətini mənimsəyib ofşor zonalara daşıyanlara etiraz edin. Onda deyərik ki, əsl vətənpərvərsiniz. Yox, edə bilmirsinizsə onda kiminsə əlində alət olmayın, susun!”
“Hökumətin nəzarətində olan medianın bu biabırçılığı ciddi-cəhdlə yayması hökumətin iradəsini nümayiş etdirir”
Sivil Toplum Platformasının üzvü Nəsimi Məmmədli: “AXCP sədri Əli Kərimlinin evinin qarşısında toplaşan etirazçıların arxasında duranlar bağışlanmaz tarixi səhv edirlər. Ölkənin həmrəyliyə, barışa, vəhdətə ehtiyacı olduğu bir vaxtda, görəsən düşmənin dəyirmanına su tökmək üçün dəridən-qabıqdan çıxan bu dirijor kimdir və nə istəyir?
Öncə qeyd edim ki, bu məzhəkənin ictimai-siyasi və mənəvi-psixoloci tərəfi Əli Kərimlini daha üstün mənəvi-siyasi mövqeyə çıxarır. Maraqlıdır, hökumət belə həssas məqamda niyə öz siyasi rəqibləri ilə mübarizədə əxlaqi dəyərlərin sərhədlərini aşmaq məcburiyyətini açıq büruzə verir? Onu narahat edən bu təlaşın səbəbi nədir?
Təsəvvür edin ki, Əli bəy ordunu açıq şəkildə dəstəklədiyi halda hökumət bu rüsvayçılığı sifariş verib onun üzərinə gedir. Əgər müxalifət olaraq tənqid etsəydi, əməliyyatlarda niyə çoxsaylı şəhid verdiyimizin səbəblərini sorğulasaydı, maraqlıdır bu kəslər necə davranardı? Bütün TV-lərin və hökumətin nəzarətində olan medianın bu biabırçılığı cidd-cəhdlə yayması hökumətin iradəsini nümayiş etdirir. Sanki sifarişçilər cüzi qələbə olacağı təqdirdə siyasi rəqiblərə qarşı öncədən belə bir biabırçılığa hazırlaşmışlar. Görünür Əli Kərimlinin ordunu dəstəkləməsi bunları bir neçə gün çaşğın durumda qoyub. Indi anlayırlar ki, proseses bunların arzu etmədiyi istiqamətə doğru getdiyindən gündəmi dəyişmək lazımdır. “Qarabağ bizimdir, bizim olacaq” şüarını gözdən salmağa cəhd edən bu qaraguruhçuluğa son qoyulmalıdır. Toplum ölkədə və regionda nə baş verdiyini aydın bilir və hökumətin bu davranışının səbəblərini çox yaxşı anlayır.
Sivil Toplum Platformasının üzvü Akif Qurbanov: “Cəbhədə baş verən son olaylardan sonra hətta iqtidar çevrəsində belə, antiRusiya əhvalının artması gündəmi dəyişmək üçün ”5-ci kolon”u dərhal hərəkətə keçirdi. AXCP sədri Əli Kərimlinin evinin qarşısında aksiya təşkil etmək qədər axmaq fikir beyni çürümüş bu tiplərdən başqa kimsənin ağlına gəlməz”.