Sergey Lavrov: «Rusiya imkan verməyəcək ki, Suriyada Liviya ssenarisi təkrar olunsun»
Suriyada hökumət əleyhinə etirazlarla yanaşı, beynəlxalq birliyin də Əsəd rejiminə qarşı təzyiqləri artırmasıyla bağlı müzakirələr davam edir. Rusiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya diktatoru Bəşər Əsədə səslənib: “Moskvadan Suriyaya səslənirik. Suriya hakimiyyəti xalqa qarşı zorakılığı dayandırmalıdır. Xalqın tələb etdiyi islahatlar dərhal yerinə yetirilməlidir. Suriyanın gələcəyi təkbaşına yox, xalqın iştirakıyla qurulmalıdır”.
Davudoğlunun rusiyalı həmkarı Sergey Lavrov isə BMT-nin Suriyaya qarşı sanksiyalarına dəstək verməyəcəklərini bildirib. Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qərarının ədalətsizlik və əks-produktiv olacağını söyləyib. Onun sözlərinə görə, Rusiya Suriyadakı böhranın həlli üçün hər bir produktiv təklifə hazırdır. “Rusiya imkan verməyəcək ki, Suriyada Liviya ssenarisi təkrar olunsun. Bu gün Suriyada baş verənlər danışıqlar yolu ilə həll olunmalıdır. Suriya xalqına öz müqəddəratını həll etmək hüququ verilməlidir. Xaricdən Suriyaya müdaxilə yolverilməzdir”, – deyə Lavrov bildirib.
Xatırladaq ki, bir neçə gün sonra Fransa, Böyük Britaniya və Almaniya BMT Təhlükəsizlik Şurasına Bəşər Əsədin hakimiyyətini hədəf alan sərt sanksiyalar paketini təqdim etməyə hazırlaşır. Lavrovun belə bir bəyanatla çıxış etməsi isə onu söyləməyə əsas verir ki, Kreml Təhlükəsizlik Şurasında Əsəd rejiminə yönəlik qətnamənin qəbuluna imkan verməyəcək. Bir müddət əvvəl də Rusiya Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Suriyaya qarşı sanksiyalara mane olmuşdu.
Rusiyanın baş naziri Vladimir Putin isə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. 35 dəqiqə davam edən telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı, beynəlxaq və regional məsələlər, o cümlədən Suriyada baş verənlər də müzakirə olunub. Liderlər Suriyada yaşanan böhranın aradan qaldırılması üçün diplomatik cəhdlərin davam etdirilməsinin vacibliyini bildiriblər.
Bu arada, Ərəb Ölkələri Liqasının baş katibi Nəbil əl Ərəbi Misir müxalifətinin liderlərindən biri, MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl Baradeyiyə təşkilatın Suriyadakı hadisələrlə bağlı yaradılmış vasitəçilik missiyasının rəhbəri postunu tutmağı təklif edib. Misirin “Əl Əhram” qəzeti yazır ki, Baradeyi baş katibin təklifini qismən qəbul edib. Tərəflər arasında daha ətraflı müzakirələrin isə yaxın günlərdə baş tutacağı gözlənilir.