Çin maşınları yerli istehsal adı altında satılır
Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev istehsalın dayandırılması barədə məlumata aydınlıq gətirib. Musa Abdullayev modern.az-a açıqlamasında bildirib ki, məlumat həqiqətə uyğun deyil: “Işlər hamısı normal qaydada davam edir, yazılanlar isə heç bir əsası olmayan söhbətlərdir. Naxçıvan Avtomobil Zavodunun (NAZ) verdiyi sifarişlər üzrə Çindən göndərilən avtomobillər ölkəmizə gəlmək üzrədir.
500-ə yaxın maşın sifariş verilib, onlardan 270 ədədi hazırdır və Azərbaycana yola salınıb. Onlardan 140 ədədi “820″ modelinə, 100 ədədi ”X-60″ modelinə və 130 ədədi “320″ modelinə aiddir. Avtomobillər bu ayın sonu, növbəti ayın əvvəli üçün Azərbaycanda olacaq.
Ayrı-ayrı qurumlardan sifarişlər alınır, təhlil olunur. Daxil olan sifarişlər dəqiqləşdikdən sonra biz də Çinə sifariş veririk”.
Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda yerli istehsalın artırılması üçün məmurları NAZLifan almağa səsləmişdi: “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.
Amma indi məlum olur ki, NAZ avtomobil istehsal etmir. Bu zavod sadəcə Çində istehsal olunan avtomobilləri yerli istehsal adı ilə satmaqla məşğuldur. Hər halda Musa Abdullayevin dediklərindən belə çıxır. Zavod direktoru açıq şəkildə bildirir ki, Çinə 500 ədəd maşın sifariş edilib. Deməli, bu maşınlar Naxçıvanda yox, Çində istehsal olunur.