xaqaniquzeyli@gmail.com
Bəri başdan deyim ki, yazım heç də Azərbaycanın ən böyük qida məhsulları istehsalçısı “Azərsun” holdinq və son devalvasiya zamanı ona qarşı irəli sürülən ittihamlardan ibarət deyil. Ola bilsin, yazımın sonunda bir vətəndaş, müştəri kimi məni maraqlandıran bəzi məqamlara toxunum, amma məqsədim tamam başqadır.
“Azərsun”a qarşı hücum da cəmi bir neçə gün davam etdi. Ilk günlərdə “Azərsun”un fəaliyyəti nəinki mədəmizdə, eləcə də mənəviyyatımızda qıcıq doğurur” deyən deputat Zahid Oruc təhlükəni vaxtında hiss etdi. “Azərsun”un sıradan bir şirkət olmadığını anladı. Yəqin ki, ona necə mandat aldığını xatırlatdılar.
Şirkət rəhbərliyinə etdiyi müraciətdə “Ulu Öndər ideyalarına halal xidmətini ”qara fəhləliklə” keçirdiyini” bildirən Zahid Oruc elə həmin məktubda kim olduğunu onlara xatırladır. Diqqət edin, onun bir cümləsini vergülünə, nöqtəsinə belə toxunmadan nəzərinizə çatdırıram: “Haqqımızda geniş bilgini əldə etmək üçün 15 ildir müxalif medianın ünvanımıza yazdıqları təhqiri götürüb bir də baxsınlar”.
Mən bu cümləyə heç bir şərh vermirəm. Daha doğrusu, uyğun ifadə tapmaqda çətinlik çəkirəm.
Yalnız onu deyə bilərəm ki, eyni məntiqlə, sabiq təhlükəsizlik naziri Eldar Mahmudov da onun haqqında yazdıqlarımızı yığıb, bir yerə toplayıb “ədalətin” bərpasını tələb edə bilər. Hakimiyyətə sadiqlik meyarı “Azadlıq” qəzetində tənqid olunmaq imiş, xəbəriniz olsun.
Fikir verirsinizsə, manatın son dəfə dollara boyun əyməsindən sonra, müxalifətə hücumların arası bir az səngiyib. Daha dəqiq desək, böyük bir məddah ordusu böhranla müxalifət arasında əlaqə axtarır. Sevindirici haldır ki, əksəriyyət bu mövzuda susur. Hətta vəziyyət o qədər ciddidir ki, o məşhur ənənəvi fraza da nadir hallarda işlədilir. Yəqin ki, bildiniz mən hansı farazanı nəzərdə tuturam – “Müxalifət böhrana sevinir”…
Bəlkə sizə qəribə gələcək, amma rejimi illərdir tənqid edən bir müxalif yazar olaraq, mən bugünlərdə özüm də bilmədən hakimiyyəti müdafiə etmişəm. Məsələ belə olub:
Təxminən beş-altı aydır paket maaşı kəsilən keçmiş tələbə dostum çəkinmədən ağzına gələni danışmağa başladı. Gəlirli və təpədən dırnağa rüşvətə bulaşmış bir sahədə çalışan, var-dövləti, bundan sonra işləməsə belə, ailəsini təmin edəcək miqdarda olan “narazı”nı dövlətçiliyə xəyanət etməkdə suçlamaq qərarına gəldim. Adam sözün əsl mənasında yumağa döndü, çırtma vursan, qanı tökülərdi. Vəziyyətdən çıxmaq üçün zarafat etdiyini söylədi və mən də bu zarafata görə ona başına nələr gələ biləcəyini söylədim. Bəlkə də sizə qəribə gələcək, amma zənnimcə, iqtidar paket sistemini ləğv etsə, ciddi problemlər yaşayacaq. Kənddə yaşayanlar artıq dana olmuş buzovu ana südündən ayırmağın nə qədər ağrılı olduğunu bilirlər. Bu da ona oxşar bir şey olacaq…
Indi isə gələk “Azərsun”a. Bəri başdan deyim ki, mənim Zahid Oruc kimi sonradan fikirlərimə düzəliş etmək niyyətim yoxdur.
Eldar Ryazanovun “Iki nəfərlik vağzal” filmini yəqin ki, çoxlarınız seyr etmisiniz. Orada maraqlı bir epizod var – filmin əsas qəhrəmanları restoran ofisiantı və qatara gecikmiş məhbus-pianoçu şam yeməyi üçün elə həmin qadının işlədiyi restorana gəlirlər. Restoranın bütün cikinə-bikinə bələd olan qadın sifariş verməyə başlayır. Deyir kotletə quru çörək az qatın, yeməyi marqarinlə bişirməyin, içkiyə su qarışdırmayın və s. Sonda dondurma sifariş verir və heç nə əlavə etmir. Bayaqdan bu səhnəni heyrətlə seyr edən pianoçu-məhbus özünü saxlaya bilmir və ofisianta “xahiş edirəm ki, dondurmaya da heç nə əlavə edilməsin, elə dondurma olsun” deyir…
“Azərsun”dan elə bir tələbimiz yoxdur. Sadəcə, istəyirik ki, çaydan daha çox çay iyi gəlsin, bitki yağından həmin bitkinin iyi gəlsin, tomatdan pomidor qoxusunu alaq.
Məsləhət bilirsinizsə, əlbəttə!