AXCP sədri Əli Kərimli partiyanın Xətai rayon şöbəsinin məclis sədri Ağaseyid Hüseynlini 60 illiyi münasibətilə təbrik edib. Əli Kərimli veteran cəbhəçiyə yubiley təbrikində yazır:
“Hörmətli Ağaseyid bəy! Sizi Milli Azadlıq Hərəkatının və partiyamızın fədakar veteranlarından biri olaraq 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Partiyada istər yaşlı və orta nəsil, istərsə də gənc üzvlərimiz tərəfindən sevilərək, böyük nüfuz və hörmətə malik olmağınız sizin həm təşkilatçılıq bacarığınızdan, həm də mübarizə yolunda dönməzliyinizdən, əqidənizə sadiqliyinizdən xəbər verir. Belə ləyaqətli, cəsur, vətənpərvər, AXCP və Milli Şuranın bütün tədbirlərində, etiraz aksiyalarında daim öndə, həm real həyatda, həm də virtual məkanda fəaliyyəti ilə gənclərə müsbət örnək olan cəbhədaşımla qürur duyuram.
Sizə uzun sağlıqlı ömür, siyasi fəaliyyətinizdə daha böyük uğurlar, amallarınızın gerçəkləşməsini və azad, demokratik Azərbaycanda sevincli günlər arzulayıram!”