Yazıçı Əkrəm Əylisli az öncə sərbəst buraxılıb. Bunu Azadlıq Radiosuna yazıçının oğlu Nəcəf Naibov deyib. Nəcəf Naibov bildirib ki, baş verənlərlə bağlı atası martın 31-də geniş bilgi verəcək.
***
Yazıçı Əkrəm Əylisli martın 30-u səhər Bakı aeroportunda saxlanılıb.
Onun Venesiyada keçirilən kitab festivalına getmək istədiyi bildirilir.
Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.
Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.
Q.Əylislinin dediyinə görə, əri böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.
Ə.Əylisli «Daş yuxular» və «Nəhəng tıxac» əsərinə görə 2013-cü ildə Azərbaycanda hökumətin hədəfinə gəlmişdi, ona qarşı ictimai etirazlar təşkil olunmuşdu, hökumətyönlü mediada kampaniya aparılmışdı. Ə.Əylislini «Daş yuxular»da erməni təbliğatı aparmaqda ittiham edirdilər. Hətta onun bəzi kitabları yandırılmışdı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.
Yazıçı Əkrəm Əylisli hazırda Hava Nəqliyyatındakı Polis İdarəsindədir. Bu haqda AzadlıqRadiosuna yazıçının oğlu Nəcəf Naibov məlumat verib.
Daxili İşlər Nazirliyi yazıçının aeroportda buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığına görə saxlandığını bildirib. N.Naibov bununla bağlı deyib: «78 yaşlı ağsaqqal adam nə münaqişə edə bilər ki?».