Bütün dünyanı “bəzəyən”, xarici ölkələrdə muzey təmir edən, məktəb tikdirən, park salan, idman klublarına və yarışlarına sponsorluq edən ölkəmizdə 17 min nəfər tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən uzaqlaşdırılıb. Normalda bu informasiya cəmiyyətdə şok yaratmalıydı, qızğın ictimai diskussiyalara, ciddi etirazlara səbəb olmalıydı. Axı söhbət gəncliyimizin kütləvi şəkildə təhsildən məhrum edilməsindən, minlərlə sındırılan insan taleyindən, minlərlə ailənin faciəsindən gedir. Amma təəssüf ki, millətin gəncliyinə yönəlmiş bu insafsız siyasət nəinki ölkəni silkələmir, heç gündəm də olmur. Hökumətlə məsələ aydındır. Xalqın nə bu günü, nə sabahı onlar üçün maraqlı deyil. Bəs toplum olaraq bizlər üzərimizə düşəni edirikmi? Bu ölkənin nicatı daha çox sayda insanımızın hüquq və azadlıqlarına sahib çıxmasından, vətəndaş ola bilməsindən keçir. Deməyin ki, indiki şəraitdə bu mümkün deyil. Əgər bu ölkədə bütün repressiya və çətinliklərə baxmayaraq minlərlə insan hələ də əsl vətəndaş mövqeyindən çıxış edə bilirsə, hər cür haqsızlığa etiraz edirsə, deməli, 10 minlər, 100 minlər də vətəndaş mövqeyindən çıxış edə bilər. Paradoksal olsa da, deməliyəm ki, ölkənin nicatı mətbuat və internet vasitəsilə bütün bu məlumatlardan xəbər tutan, lakin hələ də ehtiyatlı olmağa, susqunluğa, gözləməyə üstünlük verən 100 minlərin əlindədir. Mənim AzTV izləyicilərindən hələlik bir gözləntim yoxdur. Söhbət sosial şəbəkələr, “Azərbaycan saatı” və s. vasitələrlə həqiqətlərdən xəbər tutan, məlumatlı soydaşlarımızdan gedir. Həmin 100 minlər özünə, millətimizə inananda, aktiv mübarizə qərarı verəndə, millətimiz xilas olacaq. O günü yaxınlaşdırmaq üçün hər gün işləməliyik.