Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayılova barəsində çıxardığı qərarından kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq gün təyin edilməyib, vəkil bildirir.
Vəkil Yalçın İmanovun sözlərinə görə, kassasiya şikayəti yanvar ayının 19-da verilib. Bazar ertəsi isə vəkillər kasassiya şikayətinə əlavələr veriblər.
“Biz şikayətdə cinayət işi üzrə icraata bəraət verici əsaslarla xitam verilməsi tələbini qoymuşuq. Hər bir ittihama dəlillərlə münasibətimizi bildirmişik. Məhkəmə hakimiyyəti müstəqil olsa, Xədicə İsmayılova azadlığa buraxılacaq”, cənab İmanov məhkəmə iclasından gözləntiləri barədə deyib.
Jurnalistlə ötən həftənin şənbə günü görüşən vəkil bildirir ki, Xədicə İsmayılova özünü yaxşı hiss edir və çox optimistdir.
“Dostlarının həbsdən çıxmasına sevinir”, cənab İmanov əlavə edir.
Vəkil deyir ki, prezidentin əfv fərmanı ilə 14 siyasi məhbus hesab edilən şəxsin həbsdən azad edilməsi, jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin şərti azadlığa buraxılmasına baxmayaraq, Xədicə ismayılova ona “hər hansı bir gözlənti içində deyiləm” deyib.
“O, azadlığa çıxsa nə gözəl olardı. Bizim gözləntimiz də bunun tez bir zamanda olmasıdır”, Yalçın İmanov bildirib.
(bbc azəri)