Nemət Pənahlının anası “Azadlıq”a danışdı
Sara Pənahlı: «Ağlıma da gətirməzdim ki, Nemətə atasını dəfn eləməyə icazə verməsinlər»
«Atası deyirdi ki, Nemət bunların yolunda nə əziyyətlər çəkdi, Allah bu zülmü yerdə qoymaz»
Müsahibimiz hazırda həbsdə olan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlının anası Sara xanımdır. Onunla müsahibəyə oğlunun atasının dəfninə buraxılmamasına münasibətini öyrənməklə başladıq. Fürsətdən istifadə edib ondan oğlu ilə Heydər Əliyevin münasibətləri barədə də bir sıra suallara cavab aldıq.
– Nə deyə bilərəm? Nəsə deməyə söz də tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, atalar “namərd dostdansa, mərd düşmən yaxşıdır” deyiblər. Amma mənim oğlumun düşməni də namərddir. Ağlıma da gətirməzdim ki, Nemətə atasını dəfn eləməyə icazə verməsinlər. Erməni ermənidir, öldürəndən sonra heç olmasa imkan verir ki, gedib ölünə sahib çıxasan, ölünü dəfn eləyəsən. Nemətə isə imkan vermədilər ki, heç olmasa atasının cənazəsinə sahib çıxsın. Nemət nə dərəcədə qoxulu cinayətkardır ki? Nə dərəcədə ağır cinayət törədib ki? Indiyə kimi dəfələrlə olub ki, məhbus müvəqqəti buraxılıb, gəlib valideyninin dəfnində iştirak eləyib. Nemətə isə imkan vermədilər ki, heç olmasa, atasını son mənzilə yola salsın?
Nemət Heydər Əliyevi ölümdən qurtarmışdı
– Sizcə niyə?
– Bilirsiz, 88-ci ildə Nemət bu xalqın sevimlisi olub, Milli Istiqlal Mübarizəsinə rəhbərlik eləmiş bir adam kimi tanınıb, sevilib. Açıq danışacam, mənim oğlumu nüfuzdan salan yeganə şey onun Heydər Əliyevi müdafiə etməsi oldu. Dedilər ki, elə bu Heydər Əliyevin adamı imiş. Cəmiyyət bunu Nemətin ayağına az qala cinayət kimi yazdı. Halbuki Nemət bu günə kimi doğru, ya yanlış nə edibsə, xalqın yaxşılığını düşünüb. Nemət ona inanmışdı. Qətii şəkildə inanmışdı ki, Heydər Əliyev ölkəni bu durumdan çıxara biləcək, bu xalqa bir gün ağlaya biləcək yeganə adamdır. Inandığına görə də onun yolunda dəfələrlə həyatını riskə qoymuşdu. Xüsusilə Gəncə hadisələrində, ondan tamam əlimi üzmüşdüm. O odun-alovun, o qarışıqlığın içində mənim oğlum özünü unudub, Heydər Əliyevi qorumuşdu. Onu ölümdən qurtarmışdı. ÿ
Yəqin ki, bu cinayətinə görə oğlu Ilham Əliyev Neməti təhlükəli cinayətkar kimi atasının dəfninə də buraxmadı. Atalar sözü var: “Deyir, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Ta yaxşılığa pislik kimin işidir, vallah mən onu bilmirəm. Hamı Nemətlə Heydər Əliyevi müdafiə eləməyinin düşmənçiliyini aparır, Ilham Əliyev nəyin düşmənçiliyini aparır, bilmirəm.
Nemətin atasının Heydər Əliyevə yazığı gəlmişdi
– Sara xanım, bayaqdan Nemətin Heydər Əliyevi müdafiə eləməyindən danışırsınız. Bəs yaxşı, necə oldu ki, münasibətlər pozuldu. Yəni bu soyuqluq, Nemətin Heydər Əliyevə qarşı bu müxalif mövqeyi nədən sonra yarandı?
– Mənim ərim 14 yaşından namaz qılıb, oruc tutub. Mən onu tanıyandan bir gün orucunu, namazını ötürdüyünü görməmişəm. Yataq xəstəsi olub, yataqda da orucunu dayandırmağa məcbur eləyə bilməmişik. Sözümün canı odur ki, çox imanlı, çox Allaha bağlı adam idi. Ona görə təkcə Nemətə qarşı yox ümumiyyətlə haqqsızlığa dözümü yox idi. O vaxt Heydər Əliyev Naxçıvana gələndə məsciddə onunla görüşmüşdü. Gəldi evdə hönkür-hönkür ağladı. Dedi Heydər Əliyev məscidə gəlmişdi, kişi elə bil ayaq üstə gəzən meyiddir. Camaatla görüşəndə ağlamsındı, bizi də ağlatdı. Uzun müddət dilindən düşmədi, yadından çıxara bilmədi. Nemətin onu müdafiə elədiyini eşidəndə çox sevindi. Nemətə dedi:”Bala, düşənə balta vurmaq bu millətin ən pis xüsusiyyətidir. Mən onu görəndən özümə gələ bilmirəm. Belə namərdlik olar. Kişi son günlər bunları tez-tez xatırlayırdı. Öz balama qənim kəsildi deyirdi. Nemətin həbs olunması ona çox pis təsir eləmişdi. Heç cür həzm eləyə bilmirdi. Atadır. O oğlunu hamıdan yaxşı tanıyırdı. Bilirdi ki, bu onun oğluna qarşı çox böyük haqqsızlıqdır.ÿ Onsuzda ürək xəstəsi idi. Nemətin tutduğu yol, həmişə onun üçün keçirdiyi həyəcanlar kişini ürək xəstəliyinə salmışdı. Amma bəlkə də heç nə ona bu qədər pis təsir eləməzdi. Hər gün dönə-dönə eyni sözləri təkrar eləyirdi:”Bunlar nə namərd adamlar imiş, Nemətin haqqı bunları tutacaq, ÿNemət bunların yolunda nə əziyyətlər çəkdi, Allah bu zülmü yerdə qoymaz” deyirdi. Nemətin balalarına tərəf baxa bilmirdi. Birini boynu bükük görəndə yüz ili geri düşürdü kişinin. Nemətə 6 il iş oxuyanda ağladı, dedi mənim heç bəlkə 6 ay da ömrüm qalmayıb, bu dağa mən necə dözüm? Elə də oldu. Dözə bilmədi. Təsəvvür edin ki, özünü həbs etmələri azdır, 6 uşağı olan evin gəlib işığını da kəsdilər. Hara müraciət elədik, dedilər Nemətin 2005-ci ildən 1100 manat borcu var, onu ödəsin yandıraq. Tutaq ki, lap Nemətin borcu var, Nemət bu gün həbsdədir və onun təbii ki, həbsxanadan bu borcu ödəməyə imkanı yoxdur. Belə çıxır ki, Nemətin balaları qaranlıqda oturmalıdır. Belə hökumət, belə ölkə olar. Hər şey üst-üstə kişi dözmədi, infakt oldu.
Heydər Əliyevdən xahiş etmişdi ki…
– Özünüz də etiraf edirsiniz ki, Nemət Pənahlı Heydər Əliyevi ən ağır günlərində müdafiə edib, ona dəstək olub. Onların yollarını ayıran səbəb nə oldu?
– Nemət nə eləyirdisə, ancaq xalqın mənafeini düşünürdü. Elə Heydər Əliyevi müdafiə edəndə də. Ona o qədər güvənirdi ki, hətta Heydər Əliyev hakimiyyətə gələndən sonra o siyasi səhnədən tamamilə çəkilib, özünü mütaliəyə vermək istəyirdi. Hətta bunun üçün Heydər Əliyevəÿ”mənə vəzifədənsə, mütaliə edə bilmək, tam ibadətə çəkilmək üçün şərait yaradın” deyə xahiş də eləmişdi. Düşünürdü ki, o artıq öz işini başaÿ vurub. Heydər Əliyev də demişdi ki, məni odun içinə atıb qaçmaq istəyirsən? Əslində Nemət Heydər Əliyevin bu sözündən sonra vəzifəyə getməyə razılıq verdi. Deyərəm ki, bəlkə də elə onun narazılığı vəzifəyə getdiyi ilk gündən başlandı. Mənim oğlum ömründə haram tikəyə əl uzadmayıb, Allahın yasaq qoyduğu şeylərə nəfs salmayıb. Başqasının haqqına girməyib, əxlaqını iffətini həmişə qoruyub. O belə tərbiyə alıb. Gözünü açandan belə görüb. Amma Prezident aparatında işlədiyi o 2 il müddətində işlədiyi ortamda nələr görürdüsə, əzab çəkirdi, çox əzab çəkirdi. Hər dəfə etirazını Heydər Əliyevə bildirəndə Heydər Əliyev deyirdi ki, sən istəyirsən hər şey birdən-birə düzəlsin, bu mümkün deyil, səbr elə, hər şey yavaş-yavaş yoluna düşəcək. Beləcə 2 il keçdi. Get-gedə Nemət nəyinsə düzələcəyinə ümidini itirməyə başladı.
Sonda da bilirsiz, seçkiqabağı siyahını qabağına qoyanda Nemət başa düşdü ki, bunlar artıq bundan da çəkinmirlər, bunu da özlərindən biri hesab edirlər. Nemət də özünə yaraşan addım atdı. Siyahını mətbuata verdi, özü də vəzifədən istehfa verdi.
Heydər Əliyev ondan ərizəsini götürməyi tələb etmişdi
– Bəs siz bir valideyn kimi onun bu addımını necə qarşıladınız?
– 88-ci ildən bu yana Nemətin keçdiyi yollar bizə həmişə qorxu yaşadıb. Onun həyatı üçün həmişə qorxmuşuq. Dəfələrlə öldü bilmişik. Mən özüm 20 yanvar hadisələri zamanı güclü şok keçirdim və o vaxtdan gözümün yaşı qurudu. Bu, bir növ xəstəlikdir. Yalan deyə bilmərəm. Bizə bütün bunları edəcəyini qabaqcadan deyəndə də qorxduq. Onun həyatından, ailəsindən çox qorxduq. Çünki anlayırdıq ki, bu məsələ istefa ilə bitməyəcək. Biz Nemətin başına gələcəkləri bilirdik, ona görə də xüsusilə atası çox narazılıq elədi.
O da atasına elə söz dedi ki, artıq atasının da deyəcək sözü qalmadı. Dedi:”Ata, mənə ağlım kəsəndən namaz qılmaq, ibadət etmək öyrətmisən. Namaz qılanda ilk olaraq nə deyirik, ehtinassiratəl müstəqim, – bizi doğru olanların yoluna yönəlt. Mən ağlım kəsəndən Allahdan bunu istəmişəm. Indi gözüm görə-görə, ağlım kəsə-kəsə yalnış yolamı girim?. Bundan sonra heç nə demədik. Istefa verdiyi gün Heydər Əliyevlə son dəfə görüşmüşdü. Heydər Əliyev ondan ərizəsini geri götürməsini tələb eləmişdi. Sonda da demişdi ki, gedirsən, get, amma yadında saxla ki, ömrümün axırına kimi mənə qarşı ən kəskim müxalifət mövqeyində dayansan da, mən sənə heç nə eləməyəcəyəm. ÿ
Bilmirəm, prezident kimin məsləhətinə qulaq asır
– Sözünün üstündə durdumu?
– Gərək düzünü deyəsən, Heydər Əliyev elə-belə adam deyildi. Atdığı hər addımın məsuliyyətini bilirdi. Yüz il sonranı düşünə bilirdi. O bilirdi ki, Neməti tutmaq, ona tarix boyu ləkədən başqa bir şey gətirməyəcək. Heydər Əliyev belə səhvlərə yol verəcək adam deyildi. Onsuz da Nemət istefa verən bir gündən bütün qapılar onun üzünə bağlanmışdı, heç yerdə onu işə götürmürdülər. Bir Allah şahiddir ki, onun evində çörək almağa pulu olmadığı günləri olub, amma istehfa verdiyinə peşiman olmayıb, əksinə həmişə şükr eləyib. Bunu heç kim görmürdü, bilmirdi, altdan-altdan başına hər cür oyun açırdılar. Amma onu tutmaq illər uzunu üstündə işlənmiş “Nemət Heydər Əliyevin adamıdır”, təbliğatını alt-üst etmək demək idi. Heydər Əliyev bunu eləyərdimi? Nə demək idi Nemət Heydər Əliyevin adamıdır, yəni dolayı yolla Milli Azadlıq Hərəkatının başında Heydər Əliyev dururdu. Mən adım kimi əminəm ki, əgər Heydər Əliyev sağ olsaydı, heç vaxt bu səhvə yol verməzdi. Inanmıram ki, Ilham Əliyevi buna razılaşdıranlar, həqiqətən Əliyevlər ailəsinə dost adamlardır. Bəlkə də Nemət azadlıqda ömrünün sonuna kimi çalışsaydı da, cəmiyyətə həqiqəti, heç kimin adamı olmadığını sübut edə bilməzdi.ÿYəqin fikirləşirsiz ki, bu yaşlı qadın bütün bunları hardan bilir. Bunlar mənim oğlumun gecə-gündüz yanımda danışdığı şeylərdir. Mən bilmirəm prezident kimin məsləhətlərinə qulaq asır. Amma onu dəqiq bilirəm ki, hər kimsə məqsədli şəkildə onu hörmətdən salmaqla məşğuldur. Yoxsa bir adamı, lap düşmən belə olsa, atasının cənazəsinə buraxmamaq hansı cəmiyyətdə alqışlana bilər. Bu ölkədə buna “əhsən” deyəcək tək bir insan göstərə bilərsinizmi?ÿ
Nemətə hamilə olanda qurd ürəyi yedim
– Bayaq dediniz ki, Nemətin həyatı üçün həmişə qorxmuşuq. Bəs indi necə?
– Məncə həyatda insanın öyrəşməyəcəyi bir şey yoxdur. Mən öz oğlumun həyatından iki dərs almışam. Birincisi odur ki, əgər Allah ölüm yazmayıbsa, kimsə insanın canını ala bilməz. Allah ölüm yazandan sonra isə kimsə səni qurtara bilməz. Ibrahimi odun içindən diri çıxaran Allah məsləhət bilsə, mənim oğluma da kömək olar. Ikincisi isə odur ki, sən niyyətini və məqsədini təmiz tut, gerisini Allaha burax, Allah özü səni hansı tərəfə məsləhət bilsə, yönləndirəcək. Mənim oğlum həyatını belə yaşayıb. Sizə maraqlı bir şey danışmaq istəyirəm. Inanın ki, bunu hələ heç kimə danışmamışam.ÿ Üzr istəyirəm, Nemətə hamilə idim. Bizim qonşulardan bir dəstə adam ova getmişdi. Səs yayıldı ki, ova gedənlər canavar vurublar. Inanın ki, özüm də bilmirəm bu fikir hardan ağlıma gəldi, bəlkə də bu da bir təqdiri Ilahidir. Fikirləşdim ki, o canavarın ürəyini alıb yeyim, birdən oğlum olsa qoy qurd ürəkli olsun. Bunu bir məqsəd kimi beynimə qoydum və həyata keçirdim. Amma niyyətim mənə çox baha başa gəldi. Ta uşaqlıqdan, hər dəfə qorxusuzluğu ucbatından Nemətin başına gələnləri görəndə özümü günahkar hiss edirdim. Amma bütün həyəcanlarıma baxmayaraq, həmişə oğlumla fəxr eləmişəm. Onun 4 oğlu var. Həmişə onun özünə də özü kimi oğul arzulamışam.
Hikmət