Müxalifəti qaragüruhçuluqda suçlayırlar, bizləri hər şeyi qara rəngdə görməkdə təqsirləndirirlər. Ölkənin bəlalarından prezidentin xəbəri yoxdur deyənlər pərt duruma düşüblər. Artıq korrupsiya, oyuncaq məhkəmə, məmur milyonları, uğursuz xarici siyasət, işsizlik, bir sözlə, bütün sahələrdəki sürətli geriləmə aksioma halını alıb.
Bütün bu uğursuzluqların fonunda YAP-ın “AXC-Müsavat cütlüyü”nün hakimiyyəti dövründən gətirdikləri şablon arqumentlər, şər-böhtan ssenariləri ikrahla qarşılanır.
Gəlin bir anlıq düşünək ki, bugünkü iqtidarın AXC-Müsavat hakimiyyətinə qarşı yağdırdığı bütün böhtanlar həqiqətdir. Gəlin bir anlıq düşünək ki, demokratların dövründə Əli Kərimli Dubayda villa alıb, “Azərfon”, “Ata Holdinq” Isa Qəmbərin övladlarının təsisçiliyi ilə yaradılıb. Əbülfəz Elçibəy bütün torpaqlarımızı ermənilərə hədiyyə edib.
Bütün bunlar əsas vermir ki, YAP hakimiyyəti ölkənin var-yoxunu dədə malı kimi mənimsəsin. Bir hakimiyyət ondan əvvəlki hakimiyyəti elə arqumentlərlə suçlamalıdır ki, özü həmin neqativ halları on qat artıq təkrarlamasın.
Amma orta məktəbi beşinci sinifə qədər oxumuş insan da bilir ki, əgər Əli Kərimlinin, Isa Qəmbərin və digərlərinin hakimiyyətdə olduqları dönəmdə hansısa korrupsiya əməlləri, hansısa dövləti cinayətləri olsaydı bu hakimiyyət çoxdan onları dəmir barmaqlıqlar axrasına göndərmişdi. Əli Kərimliyə qarşı bircə sübutu olsaydı, daha evinin qarşısında şivənlik salmağa nə ehtiyac vardı? Bu insanlarla bağlı heç bir kompromatın olmaması, hakimiyyəti mübarizənin əxlaqsız fəndlərinə keçməyə məcbur etdi və yenə də Lider TV-lərin əxlaqsızlıq tərənnüm edən “televiziyaçılıq”ları əks-effekt verdi.
7 noyabr seçkiləri Azərbaycanda satılmamış müxalifət liderlərinin kimlər olduğunu açıq ortaya qoydu. Və bundan sonra “müxalifət yoxdur” ifadəsi “müxalifət zəifdir” ifadəsi ilə əvəzləndi. Mən müxalifətçi dostlardan fərqli olaraq 7 noyabr parlament seçkilərinin nəticələrinə görə hakimiyyətə təşəkkür edirəm. Məhz televiziyadakı 4 dəqiqəlik debatlara görə (hər kəs gördü ki, bu iqtidarı təmsil edənlərin nəinki, bir saat, 15 dəqiqə, hətta 4 dəqiqə belə xalqa deməyə sözləri yoxdur), məhz seçki günü şəffaf seçki saxtakarlığına görə (yəni biz bu seçkinin saxta olduğunu sübut etməyə əziyyət çəkmədik), məhz Isa Qəmbəri, Əli Kərimlini mənfi rolda göstərdikləri üçün (yəni xalqa dedilər ki, bizim satın ala bilmədiyimiz, “haqq” yola gəlməyənlər bunlardır) yapokratlara təşəkkür düşür.
Keçək yapokrat yaltaqlarının 18 ildir davam edən məşhur ifadələrinə:
– Elçibəy hakimiyyəti dövründə çörək növbələri insanları bezdirmişdi.
– Insanların küçədə boyunbağılarını oğurlayıb qaçırdılar. Və s.
Cənab yapokratlar bu gün ölkədə çörək bol olsa da, insanlar o çörəyi evlərinə aparmaq üçün 18-20 saat sağlamlığını qurban verir. Bu gün o çörəyi qazanmaq üçün minlərlə azərbaycanlı Rusiyanın ucqarlarında cavanlıqlarını fəda edir. Istənilən ərzaq dükanında insanların çörək pulu borcunun olduğu “nisyə dəftəri” var.
Bəli, biz hər şeyin olduğu, amma heç nəyin olmadığı bir diyarda yaşayırıq. O ki qaldı boyunbağı məsələsinə, 1992-ci ildə insanları küçədə soyurdularsa, bu gün hər bir Azərbaycan vətəndaşının evində oturduğu yerdə vampir kimi qanını sorurlar. Indi o vətəndaş boyunbağını satıb çörəyə çevirir, uşağının birinci sinifə gedə bilməsi üçün rüşvət verir. Bir sözlə, sizin bəyənmədiyiniz dövrdə insanları küçə quldurları soyurdusa, indi o quldurlar siyasi direktivlərlə işləyir.
Deyirlər “yalan ayaq tutar, amma yeriməz”. Bu rejim 18 ildir yalanlarına “protez” geydirib yeridir… Bütün gedişlərin geridönüşü var. Və bu geridönüşdə insanlar hakimiyyətin bütün orqanlarının “protez” olduğunu görür və görəcək.
Həqiqət acı olur. Həqiqət yalana hakim kəsiləndə isə “zəqqum” dadır. Dünya yeni başlanğıc dövrünü yaşayır. Bu gün yalanın ölən günüdür. Artıq başqasını suçlamaq sənin məsuliyyətini azaltmır. Silah, pul, ordu gücünü itirir. Yeni dünya insana söykənəcək və insan hüquqları diktatorlara qurban verilməyəcək.
İlham Hüseyn