Elza Kərimova: «Prokurorluq Ilham Pirməmmədovu məsuliyyətdən yayındırmaq məqsədilə onun işini ayrıca icraata yönəldir»
Keçən ilin iyun ayında Təhsil Nazirliyində baş verən qanunsuzluqlarda ittiham olunaraq həbs edilən Orxan Kərimovun anası Elza Kərimova oğlunun işinin prokurorluqdakı son vəziyyəti barədə qəzetimizə açıqlama verib. O, qanunsuz tələbə köçürmələri ilə bağlı Ilham Pirməmmədovun işinin ayrıca icraata yönəldilməsindən narahatlığını ifadə edib:
“Prokurorluq Ilham Pirməmmədovu sığortalamaq və məsuliyyətdən yayındırmaq məqsədilə onun işini ayrıca icraata yönəldir. Necə ola bilər ki, qanunsuz tələbə köçürmələri ilə bağlı Orxan Kərimovun işi ayrıca, bu sənədlərə qol çəkən vəzifəli şəxsin işi isə ayrıca və sonra araşdırılsın. Məqsəd tələsik Orxan Kərimovu bütün işlərdə günahlandırmaqdır. Yəqin ki, sonra Ilham Pirməmmədov barəsindəki iş bağlana da bilər. Prokurorluq açıq-aşkar bu şəxsi himayə edir. Bu, görünməmiş qanunsuzluqdur. Qanunsuz köçürmələr barədə sənədləri imzalayan şəxs məsuliyyətdən yayındırılır, Orxan Kərimov isə günahsız olduğu halda, tələsik məhkəməyə çıxarılır”.
Elza Kərimova bu qanunsuzluqla heç bir halda barışmayacaqlarını və oğlunun günahsız olduğunu sübut etmək üçün sona kimi mübarizə aparacağını bildirib.