Həbslərlə kredit problemini həll edə bilməz
Bir müddət əvvəl şaiyə yayıldı ki, kredit borcu olanlara güzəşt ediləcək, 10 min manata qədər olan borclar bağlanacaq və s. Amma qısa müddətdən sonra rəsmi şəkildə bildirildi ki, heç bir güzəşt olmayacaq. Hətta maliyyə naziri Samir Şərifov “bank xeyriyyə cəmiyyəti deyil” söyləyərək, birmənalı şəkildə heç bir güzəştin olmayacağını söylədi.
Bəli, Ukrayna, Qazaxıstan, Qırğızıstan hökumətləri vətəndaşın xeyrinə qərar versə də, analoqsuz YAP hakimiyyəti vətəndaşı ikinci dəfə yükləmək qərarına gəldi. Beləliklə, 2.5 milyon borclu vətəndaş hökumətin yarıtmaz və yaramaz siyasətinin qurbanına çevrildi.
Aylar öncə yazmışdıq ki, kredit borcu olanların məhkəmə müddətinin uzadılması seçkilərə hesablanmış addımdı. Devalvasiyadan sonra isə yazmışdıq ki, hökumət camaatın sakitləşməsini, vəziyyətə adaptasiya olunmasını gözləyir. Yəni, qısa müddətdən sonra kredit borcu olanların həbs ediləcəyinin anonsunu vermişdik. Budur, artıq proses başlayıb. Nəinki banklardan kredit götürənlər, kredit götürənlərə zamin duranlar da məsuliyətə cəlb olunur. Bildiyiniz kimi problemli kreditlərin həcmi artmaqdadır, kütləvi ixtisarlara start verilib, bütün məhsulların qiyməti qalxıb və əhalinin ödəmə qabiliyyəti məhdudlaşır. Indi hökumət yeni “taktika” ya start verib. 5-10 adamı həbs etməklə digər borc ödəməyənlərə göz dağı verirlər. Məcbur edirlər ki, kredit borcu olanlar müxtəlif vasitələrə əl ataraq pulu qaytarsınlar. Yəni, həbs təhlükəsini gündəmə gətirməklə, insanları ödənişə cəlb etmək istəyirlər. Kobud şəkildə desək, “Evini, avtomobilini, qızılını sat, bankın pulunu qaytar” deyirlər. Yəqin ki, məqsədlərinə çatana qədər müəyyən sayda həbslər olacaq.
Məsələ burasındadır ki, əhalinin ödəniş qabiliyyətinin məhdudlaşmasının birbaşa günahı hakimiyyətdədir. Əvvəla, vətəndaşı arxayın salıb, iki devalvasiya həyata keçiriblər və sadə vətəndaşa milyardlarla zərbə vurublar. Ikincisi, 30-40 faiz bahalıq yaradaraq, vətəndaşlara növbəti zərbəni endiriblər. Üçüncüsü, kütləvi ixtisarlara start verərək, vətəndaşın ödəmə qabiliyyətini zəiflədiblər. Ən əsası isə bankların əksəriyyəti yüksək vəzifəli şəxslərə məxsusdur və məqsədli şəkildə vətəndaşa ən yüksək fazilərlə kredit verilib.
Ona görə də faiz dərəcələri azaldılmalı, müəyyən güzəştlər edilməlidir. Hökumət vətəndaşı bataqlığa saldığı kimi, bataqlıqdan çıxarmağı da bacarmalıdır. 100 milyardlarla neft pulunu mənimsədikləri, ölkənin ata malı kimi böldükləri azmış kimi, üstəlik insanları həbslə qorxudurlar.
Amma hər kəs bilməlidir ki, bu hökumətin hamını həbs etmək imkanı yoxdur. 1000- 2000 nəfəri başqalarına mesaj vermək üçün həbs edə bilərlər, amma milyonlarla borclunu istəsələr də həbs edə bilməzlər.
Ona görə də kredit borcu olanlar dirəniş göstərməli, hökumətdən güzəşt tələb etməlidir. Bir daha qeyd edirik ki, yaranmış mənzərə vətəndaşın yox, hökumətin yarıtmazlığının nəticəsidir.
23 ildir vətəndaşın arzularını, taleyini həbs ediblər, indi də özünü həbs etməklə qorxudurlar. Hansıki, məhkəmə qarşısına çıxmalı olanlar vətəndaşı borc bataqlığına sürükləyənlərdi.