Kəmaləddin Heydərov oğlu Nicat Heydərov üçün tikəcəyi malikanəyə görə 32 ailəni çölə atır
«Ağ»lar məhəlləsində «qara»ların yaşamaq hüququ yoxdur!
Bakının varlılar məhəlləsi sayılan Teymur Əliyev (Nərimanov rayonu) küçəsi ilə Ceyhun Hacıbəyli küçəsi kəsişir. Bu küçədə Sovet dönəmində tikilən iki mərtəbəli iki bina var. Bu iki binanın yan-yörəsi villalarla əhatələnib. Qarşısındakı kiçik meydança isə özəlləşdirilib. Meydançanın sahibi isə Fövqalədə hallar naziri Kəmaləddin Heydərovun oğlu Nicat Heydərovdur. Bir neçə gün öncə sakinlərə Nərimanov Rayon Icra Hakimiyyətindən xəbərdarlıq gəlib. Ki, 15 günə evlərini tərk etsinlər. Əks təqdirdə polis gücüylə sakinlər evlərindən didərgin salınacaqlar.
Jurnalisti təhdid edirlər
Bu iki mərtəbəli iki binada cəmi 32 ailə yaşayır. Sakinlərə xəbərdarlığı edən şəxs Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar Ibadovdur. Mənzil sahibləri deyirlər ki, burada yaşayanların hamısı qeydiyyatdadır: “Hər bir evin kupçası var. Əlimizdə sənəd ola-ola bizi evdən didərgin salmaq istəyirlər. Şahmar Ibadov ”Gilan Holdiònq”in nümayəndəsi ilə əraziyə gəlib baxış keçirdilər. Tezliklə burada dövlət əhəmiyyətli obyektin tikiləcəyini söylədilər. Nə tikildiyini soruşduqda məlum oldu ki, park salınacaq. Məgər park dövlət əhəmiyyətli obyektdir?”.
Müstəqil jurnalist Ilqar Atayev deyir ki, ərazidə yaşayanlar hamısı milyonçulardır: “Təkcə burada 32 ailə qara camaatdır. Indi bizim evimizə göz dikiblər. Şahmar Ibadov bura gələndə onunla görüşdük. Jurnalist olduğumu eşidən kimi ”sənin evin iki il öncə alınıb” ismarıcı ilə təhdid etdi. Məgər bu ölkədə bizim yaşamaq hüququmuz yoxdur? Mənə hədə-qorxu gəldilər. Istədikləri budur ki, heç kimə heç nədən şikayət etməyim”.
Sözügedən ərazi el arasında “Ağlar məhəlləsi” də adlanır. Yəni burada oliqarxlar yaşayır. Yalnız bu iki binada kasıblar – “qara”lar yaşayır. Indi “qara”ların ətrafında yaşayan isimlərə diqqət edin: Nəqliyyat naziri Ziya Məmmədovun, Müdafiə sənayesi naziri Yavər Camalovun, Dövlət yol polisinin rəisi Ramiz Zeynalovun, Bakı polis akademiyasının rəisi Nazim Əliyevin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, “Avropa qapıları” ASC-nin rəhbəri Baba Tağıyevin və başqa məmur-oliqarxların gözoxşayan malikanələri var.
“Gedin kirayədə qalın”
Sakin Sara Abdullayevanın evinin sahəsi 48 kvadrat metrdir: “Bizim binada icra hakimiyyəti ofis tutub. Evimizdə qalmaq üçün 15 gün vaxt veriblər. Biz evimizin bazar qiymətlərinə uyğun qiymətləndirilməsinin tərəfdarıyıq. Burada bir sot torpağın qiyməti 600 min manatdan yuxarıdı. Hər ailəyə ən azı 200 min manat verilməlidir, ancaq vermək istəmirlər”.
Müsahibimiz onu evdən zorla çıxaracaqları təqdirdə özünü mənzilində yandıracağını Şahmar Ibadovun nəzərinə çatdırsa da “get yandır, mən sənə kibrit verəcəm” cavabını eşidib.
“Bizə deyirlər ki, burada səviyyəli adamlar yaşayır. Anlaya bilmirik səviyyəli adam deyəndə nəyi nəzərdə tuturlar. Pulumuz yoxdur, bu o deməkdir ki, səviyyəsizik? Biz ev yox, pul tələb edirik. Dedilər ki, sizə ancaq ev veriləcək. Getdik evlə tanış olmağa, ”Montin” bazarının yaxınlığında bina tikiblər” – Minayə Quliyeva deyir.
Sakinlərə veriləcək bina hazır vəziyyətdə deyil. Tikiləndən sonra təmiri də yeni sahiblərinin üzərindədir. Bir sözlə, bina tikilməli, təmir edilməldir. Bəs bu vaxta qədər sakinlər harada yaşamalıdır? Bu suala aydınlıq gətirmək istəyən vətəndaşlara Şahmar Ibadov “kirayədə qalın, bina hazır olan kimi sizə veriləcək” cavabını verib.
Adilə Rzayeva hökumətin onlara verdiyi binada qaz, su, işıq problemlərinin olduğunu söyləyir: “85 yaşlı anamla yanaşı qızım və iki körpə qız uşağı da öhdəmdədir. Biz qadınlar bu qışın günü hara gedək? Belə Allahsızlıq olar? Bizi evdən çıxaracaqları təqdirdə kirayələrə üz tutmalıyıq, hətta onun da pulunu bizə vermirlər”.
Sakinlər ötən gün problemə aydınlıq gətirmək üçün Kəmaləddin Heydərovun qəbuluna gediblər: “Bu gün (dünən – red.) qəbul günü olmasına baxmayaraq bizə icazə vermədilər. Sonda əlacsız qalıb məktub yazmalı olduq.
Öncə villalar sökülsün!
Ötən gündən artıq sözügedən binalara işıq, su, qaz müvəqqəti verilir. Sakinlərin sözlərinə görə, Şahmar Ibadov onlara hədə-qorxu gəlmək üçün köhnə üsuldan istifadə edib: “Öz xoşluğunuzla evinizdən çıxmayacaqsınızsa, zorla, polis gücünə çıxardacağıq. Işığınızı, suyunuzu, qazınızı kəsəcəyik. Axırda məcbur qalıb, evinizdən gedəcəksiniz. Heç bilmirik nə edək? Dövlət bizi qorumaq əvəzinə hüququmuzu tapdalayır. Məcburuq ki, haqqımızı müdafiə edək”.
“Ziya Məmmədov bir neçə il öncə villasının yaxınlığında olan evləri sökəndə hamısının haqqını verdi. Heç kim də incimədi. Ancaq bizimlə bu cür rəftar edirlər. Bizim bir məqsədimiz var – evlərimizin bazar qiymətlərinə uyğun dəyərləndirilməsi. Normal pul versinlər, çıxıb gedək. Nəyə görə, bir neçə aya hazır olacaq təmirsiz evdə, şəhərdən kənar yerdə yaşamalıyıq? Bura şəhərin ən gur yeridir. Məgər bizim yaşamaq hüququmuz yoxdur? Bir parka görə, insanları didərgin salarlar?” – deyə, sakinlər haqlı sual edirlər.
Sakinlər deyirlər ki, burada heç bir halda park tikilə bilməz. Çünki hər tərəf villalarla əhatələnib: “Əgər park tikiləcəksə, gərək bütün villalar sökülsün. Bu isə mümkün deyil. Axı bu malikanələrin sahibləri bizim kimi qara camaat deyil… Onların arxasında böyük güc var. Həqiqətən söküləcəksə, ilk işləri villaları sökmək olsun da. Hər kəsə məlumdur ki, burada ağlasığmaz bir malikanə tikiləcək, ya da hündür mərtəbəli bina. Bazar qiymətlərinə uyğun kompensasiya verilsin. Yaxınlıqdakı binalarda mənzilin bir kvadrat metri 3 min manatdan aşağı deyil”.
Lazımsız müdafiə
“Biz inanmırıq ki, Kəmaləddin müəllim belə etsin. Onun adından sui-istifadə edirlər. Yüz faiz o buranın pulunu artıqlamasıyla verib, sadəcə bəzi əlaltılar pulun çoxunu mənimsəmək istəyirlər” – sakinlər inadla “fövqəlnazir”i müdafiə etməyə çalışdılar. Biz isə onlarla heç bir mübahisə etmək fikrində deyilik. Təki elə olsun. Kor nə istər, iki göz, biri əyri, biri düz.
Ancaq sakinlər bilməlidirlər ki, “ağlar” olan yerdə “qaralar” nəinki yaşaya bilməzlər, heç nəfəs almağa hüuqları yoxdur. Bugünkü Azərbaycan reallığı bunu sübut edir…
Ramin DEKO