Ümid eləyirəm ki, Hüsnü Mübarək göz yaşlarına bu qədər gec əl tərpətdiyim üçün suçumdan keçər…
Tarı-türbə söhbətləri aman verirmi ki, bu cür ürəkparçalayan məsələyə bir baxış fırladasan? 1500 illik, daha doğrusu ilk ibtidai dinin yarandığı gündən bu yanakı söhbəti əlüstü, beş-on günün içində həll eləməyə çalışırıq, vuruşuruq. Əlbəttə, bu tip söhbətlər əsrlərcə getsə də, arasının kəsilməməsinə ehtiyac var, çünki bu söhbətləri həmişə cəmiyyətin düşünən kəsimi eləyir; özləri deyir, özləri eşidir, özləri də unudub gedirlər. Sonra zaman-zaman təkrara gərək yaranır. Bu, fikir, düşüncə meydanında nəzəri balansın qorunması üçündü. Yoxsa, nəinki balans pozular, cəmiyyət bir yana əyilər, əyildiyi, ağırlığın dominant olduğu yanın özü də durğunlaşar, çöküntü verər, iylənər və o zaman insanlığın bu çürüntünün altından çıxması qlobal problemə çevrilər. “On minillərin söhbətini qısa bir zamanda həll eləmək mənasızdı” fikrinə qarşı qoyulacaq bundan başqa kontr-arqument yoxdu. Ən azı bu halımda mən belə arqumentin yiyəsi deyiləm.
Bir yanaşmanı təəssüflə müşahidə eləyirəm. Kimsə sənin fikrinə küll halında baxmaq istəmir. Ya fikirlərini qaçırırlar, adda-buddalıq yaranır, ya sonalayırlar, ya özlərinə bab olanını seçirlər, ya da tərəflərdən hansının baxışlarına uyğun söz desən səni dost elan eləyirlər. Elə ki, fikrində onlarınkına azca üst-üstə düşmə olmadı, təəssüflə başlarını yelləyirlər. Hətta az qala belə deyirlər: “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış…”. Dindar dinə uyan fikirlərindən razı qalır, ateist ateizmə yavuq düşən. Ikisinin ortasında ortaq məqam və məntiq də deyil, heç olmasa uzlaşan bir nöqtə aramaq cəhdin dərhal hər iki tərəfin küskünlüyü, təəssüfü ilə qarşılaşır və sən istər-istəməz dışlanırsan. Halbuki bütün tərəflər daim bir-birindən tolerantlıq, səbr və tərbiyə umarkən sənin bu yola dəvətlərin ateist və dindarlar tərəfindən küfr sayılmağa başlayır. Eyni anda ateistlərin və eyni anda dindarların səni kafir sayması qəribə hisslər yaradır…
Təxminən belə bənzətmə söyləmək olar – həm demokratlar, həm diktatura tərəfdarları sənə yağı kəsilir. Axı bunun hansı ortaq məxrəci ola bilər ki, sən də özünə bir hovur nəfəs almaq üçün bir düşüncə küncü bulasan?.. Eynən Orxan Vəli Kanıkın söylədiyi sual durumu ifadə eləməyə başlayır: “Biz bu dünyadan deyilmiydik?..”.
Mən naturaca qeyri-səlis məntiqin tərəfdarıyam. In-Yan fəlsəfəsinə inanıram. Ama etiraf eləyim ki, qaranlığın bir həddindən sonra orada işıq axtarmağa meylli olsam da, o qaranlığın bətnində işığın olduğuna zərrəcə inanmıram, daha doğrusu, buna gərək görmürəm. Məsələn, qaranlığın ən qatı, yəni işıqsızlığın, ziyasızlığın bıçaqla kəsiləcək qədər maddiləşmiş şəkli olan “h.ə.izm”də hansısa mikroskopik işıq zərrəcikləri axtarmağın, onun varlığını iddia eləməyin tərəfdarı deyiləm. Çünki o zülmətin içində it zillətiylə, nəhəng elmi-texniki vasitələrin, külli miqdarda maddi vəsaitlərin istismarı və itkisi hesabına tapılacaq hansısa işıq zərrəsinin bəşəriyyət üçün demirəm, tövbə-əstəğfirullah, heç Azərbaycan üçün belə demirəm, Azərbaycanın bircə fərdi üçün nə qədər xeyirli olacağını təsəvvür eləyə bilmirəm. Qeyri-səlis məntiqdən bu məqamda imtina eləyirəm, bütün tərəfsizlərə, hər yönə eyni ədalətlə baxan qardaş-bacılarıma da bunu tövsiyə eləmirəm. Qalan məsələlərdə isə hamını çoxçalarlı baxış müstəvisinə çağırıram. Qoy hər kəs özündə öz əleyhdarından bir zərrə tapsın, arasın, xətrini saxlasın, hörmətini gətirsin və tapdağı qənimətlə də yalnız işığı büsbütün alınmış qaranlığa qarşı dursun. O qaranlığın işığını isə bir gün mütləq görəcəyik. Əlləri allahlıq iddiasından qopan və haqlarında edam hökmü çıxarılacaq gün gözlərindən axan məzlum göz yaşlarında.
Eh, mən yenə də Mübarəki unutdum…