Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən son məlumata əsasən, Bakıda aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.
***
Qəza Aeroport yolunda – «Buta» Palace-a yaxın ərazidə baş verib. «Toyota Prado», «Chevrolet», «Daevoo», sərnişin avtobusu və daha bir mikroavtobusun toqquşması nəticəsində onlarla yaralı var.
Yaralılar yol kənarındakı çəmənliyə səpəlinib.
Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb «Prado»nun yoldan çıxaraq səkidən keçib qarşı yola çıxmasıdır. Hazırda araşdırmalar davam edir.
***
Bu gün Bakıdakı aeroport yolunda, Suraxan ərazisində sərnişin avtobusu ilə minik maşınların toqquşması nəticəsində zənçirvari qəza baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə yerinə 5 təcili yardım briqadası gedib: “Hələlik 3 saylı Şəhər Klinik Xəstəxanasına 5 nəfər çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yolda tıxac yarandığından təcili yardım maşınları əraziyə girə bilmir. Yaralıların sayı dəqiqləşdirilir. İlkin məlumata görə, hadisəyə səbəb 160 nömrəli sərnişin avtobusunun yüksək sürətlə hərəkət etməsi olub”.
Qeyd edək ki, bu, son bir ayda paytaxtda baş verən 4-cü avtobus qəzasıdır. (virtualaz.org)