İşə yeni vəkil qoşulub; sabiq aparat rəhbəri «Skype»da zərərçəkənə nə deyib?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər Imanov tərəfindən aldadıldığını iddia edən Eynur Kərimov özünə yeni vəkil tutub. Onun yeni vəkili Kamandar Nəsibovdur. Bu barədə Aznews.az-a Kamandar Nəsibovun özü məlumat verib. O, bildirib ki, Eynur Kərimov Adəm Məmmədovla müqaviləni ləğv etməyib: “Adəm Məmmədov prosesdədir. Sadəcə əlavə olaraq mənimlə də müqavilə bağlayıblar. Mən də bu işdə varam, əlimdən gələni edəcəyəm”.
Kamandar Nəsibov qeyd edib ki, onun bu prosesə dəvət edilməsində məqsəd dələduzluq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına köməklik etməkdir.
Yeni vəkil Report-a aççqlamasında isə bildirib ki, AQUPDK-nın sabiq aparat rəhbəri Səfər Imanov müvəkkili Eynur Kərimovla dörd gün bundan əvvələ qədər əlaqə saxlayırmış. Vəkilin sözlərinə görə, Eynur Kərimovla sabiq aparat rəhbəri Səfər Imanov “Skype” vasitəsi ilə danışıb: “Dörd uşaq atası olan Səfər Imanov hazırda Istanbulda yaşayır. O, hüquqlarını müdafiə etdiyim şəxsə bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya görə ölkədən qaçıb. Hazırda Eynur Kərimov sabiq Aparat rəhbəri ilə əlaqə yarada bilmir. Ola bilsin ki, onu kimsə təhdid edib. Ona görə müvəkkilimlə yenidən əlaqə saxlamır”.
Kamandar Nəsibov qeyd edib ki, hazırda onun tərəfindən işlə bağlı lazımi işlərə başlanılıb: “Bu işlə bağlı artıq sorğular da vermişəm. Əsas sübutlar olan videogörüntülər və audio danışıqlar əlimizdə var. Onları istintaqa təqdim edəcəyik”.
Xatırladaq ki, Səfər Imanov 1 noyabr 2015-ci ildə AQUPDK-nın Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Məsələdə Komitə sədri Hicran Hüseynovanın da adı hallandırılır.
Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə isə sabiq aparat rəhbəri Səfər Imanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər Imanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər Imanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər Imanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.